Gədəbəydə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir

 

Gədəbəy Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr edilmiş "dəyirmi masa" keçirilmişdir.

AzərTAc xəbər verir ki, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə açaraq müasir şəraitdə cərəyan edən siyasi və ideoloji mübarizədə, xüsusilə erməni yalanlarının ifşa edilməsində qiymətli tədqiqat əsəri kimi bu kitabın əhəmiyyətini yüksək dəyərləndirmişdir.

"Dəyirmi masa"da Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov, 1 və 2 nömrəli Gədəbəy şəhər orta məktəblərinin direktorları Əzizə Yusifova və Qabil Allahverdiyev, peşə liseyinin direktoru Nuru Rəsulov, rayon ağsaqqalı Kərəm Məmmədov və başqaları çıxış edərək kitab haqqında fikirlərini söyləmişlər. Birmənalı olaraq bildirilmişdir ki, ermənilər yüz illərlə türklərə və azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirmiş, kütləvi cinayətlər törətmişlər. Lakin bütün bunlara baxmayaraq, onlar özlərini məzlum bir xalq kimi göstərərək dünya ictimaiyyətini aldatmaqda davam edirlər.

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı artıq bu yalanların qarşısına sədd çəkmişdir. Kitabda ermənilərin iç üzü açılaraq onların necə qəddar və məkrli olduqları tutarlı faktlarla oxucuların diqqətinə çatdırılır. Elə bu səbəbdən də əsərin Azərbaycan ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılandığını diqqətə çatdıran natiqlər demişlər ki, həmin kitaba maraq ilk növbədə onunla səciyyələnir ki, nəşrdə ermənilərin əsassız iddiaları yalnız tarixi, fəlsəfi, siyasi, coğrafi, arxeoloji baxımdan deyil, həm də müasir geosiyasət və beynəlxalq hüquq normaları baxımından elmi dəlillərlə ifşa olunur. Akademik Ramiz Mehdiyev əsər boyu Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporunu təmsil edən jurnalistlər qarşısında verdiyi açıqlamaların reallıqdan tamamilə uzaq olduğunu faktlarla əsaslandırır və bunu haqlı olaraq "absurd teatrı"na bənzədir. Teatrın tamaşaçılarının erməni diasporunu təmsil edən jurnalistlərin, naşı artistinin isə düşüncələri çaşdıran, yalan və riyakarlıqla dolu monoloq söyləyən Serj Sarkisyan olduğu bildirilir.

"Dəyirmi masa"da vurğulanmışdır ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsərini təkcə Ermənistan prezidenti Serj Sarkisyana verilən tutarlı cavab kimi qiymətləndirmək doğru olmazdı. Bu kitab həm də dünya ictimaiyyətinə ünvanlanmış dolğun, tarixi faktlara söykənən elmi mesaj kimi də dəyərləndirilməlidir.

Kitabın ayrı-ayrı bölmələrində əksini tapmış tutarlı obyektiv faktlar və sənədlər kimin haqlı, kimin haqsız olması barədə söylənən fikirlərə işıq salır. Ermənistan rəhbərliyinin və erməni ideoloqlarının nə qədər məkrli və məntiqsiz düşüncə tərzinə sahib olduqlarını açıq şəkildə nümayiş etdirir.

Tədbirdə çıxış edənlər söyləmişlər ki, Serj Sarkisyan Gorusdakı çıxışında azərbaycanlıların S.Şaumyanı "bandit" adlandırmasından hiddətləndiyini bildirir. Ancaq o özü də yaxşı başa düşür ki, S.Şaumyan bolşevizm hərəkatının bayrağı altında faktiki olaraq "Daşnaksütyun" partiyasının proqramını həyata keçirirdi. Bu partiyanın məqsədi isə Azərbaycan və Türkiyə ərazilərinin müəyyən hissəsini Ermənistana birləşdirmək idi. Bütün bu proqram isə türklərə və azərbaycanlılara qarşı soyqırımı aparılmaqla həyata keçirilirdi. Əsrin əvvəllərində Bakıda, Naxçıvanda, Gəncədə, Qubada, Şamaxıda və Azərbaycanın digər ərazilərində insanlığa qarşı törədilən cinayətlər məhz S.Şaumyanın birbaşa iştirakı ilə həyata keçirilmişdir. Elə buna görə də onun "bandit" adlandırılması bu baxımdan yumşaq səslənir.

Akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabını təhlil edən natiqlər özünün bir çox spesifik cəhətləri ilə diqqəti cəlb edən bu əsərin həm də erməni etnosunun öz yaddaşını bərpa etməsində də böyük əhəmiyyət daşıdığını qeyd etmişlər. Bildirmişlər ki, bu yaddaşın işığında kimin aborigen, kimin gəlmə olduğu aydın şəkildə görünür.

Kitabda faktlı, predmetli və konseptual şəkildə sübut edilir ki, ermənilərin Azərbaycanda kütləvi şəkildə yerləşdirilməsi Türkmənçay və Gülüstan müqavilələrindən sonra baş tutmuşdur. Onların ilk dövləti də məhz 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məcburiyyət qarşısında ermənilərə bağışladığı torpaqlar hesabına yaradılmışdır.

Müəllif bütün bunların məntiqi təsdiqi kimi arxeoloji qazıntıların nəticəsi olan antropologiya məsələsini önə çəkir. Qeyd edir ki, müasir arxeoloji qazıntılar özlərini Cənubi Qafqazda aborigen elan edən ermənilərin antropoloji xüsusiyyətlərinə görə bu ərazilərin yerli sakinləri olmadığını bir daha təsdiq edir. Müəllif yazır ki, ermənilər praktiki olaraq Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlməyən yeganə xalqdır.

"Dəyirmi masa"da bir məsələ də vurğulanmışdır ki, akademik Ramiz Mehdiyev "Gorus-2010: absurd teatrı mövsümü" kitabında dünya ictimaiyyətinin diqqətini elmdə çox mühüm əhəmiyyət kəsb edən toponimikaya da yönəldir. Qeyd edir ki, ermənilər tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində yaşamış Azərbaycan türklərinin izlərini məhv etmək məqsədi ilə yer adlarını dəyişərək onlara erməni adları vermişlər. Lakin akademik Ramiz Mehdiyev əsərində "böyük Ermənistan" yaratmaq mifinin boş bir xülya olduğunu diqqətə çatdırır. Xüsusilə ermənilərin mənasız müharibə etməklə Dağlıq Qarabağı Ermənistana birləşdirmək arzularının qeyri-mümkün olduğunu qətiyyətlə bildirir.

Gərgin zəhmət hesabına, dərin elmi-tarixi araşdırmalar nəticəsində ərsəyə gəlmiş "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ermənilərə, eləcə də onları dəstəkləyən bəzi dünya birliyi ölkələrinə tutarlı cavab olduğunu diqqətə çatdıran "dəyirmi masa" iştirakçıları erməni millətçilərinin iç üzünü açan dəyərli əsərə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevə minnətdarlıqlarını bildirmişlər.

 

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 2.