Azərbaycanın xarici işlər
naziri Vaşinqtonun nüfuzlu araşdırma mərkəzlərindən
biri olan Atlantik Şurada çıxış etmişdir
Azərbaycan Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, nazir Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində Vaşinqtonun nüfuzlu araşdırma mərkəzlərindən biri olan Atlantik Şurada çıxış etmişdir.
Tədbirdə ABŞ Administrasiyası, Dövlət Departamenti, Müdafiə Nazirliyi və digər hökumət qurumlarının əməkdaşları, region üzrə mütəxəssislər, eləcə də Birləşmiş Ştatlarda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
E.Məmmədyarov cari ildə Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümünün qeyd edildiyi, 20 il ərzində ölkəmizin qazandığı nailiyyətlər, dünya miqyasında öz layiqli yerini tutduğu barədə ətraflı məlumat vermişdir. Azərbaycanın bölgədə aparıcı dövlət olduğunu vurğulayan nazir ölkəmizin regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rolundan danışmışdır. Eyni zamanda, nazir Azərbaycanın iqtisadiyyat sahəsindəki uğurlarını, ölkəmizdə son bir neçə ildə ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov məsələnin həlli ilə bağlı danışıqlar prosesi barədə də məlumat vermişdir.
Sonda nazir
iştirakçıların suallarını
cavablandırmışdır.
Azərbaycan.- 2011.-5 iyun.- S. 2.