"Azneft"
İB-də Ümumdünya
Ətraf Mühitin Mühafizəsi Gününə
həsr olunmuş tədbir keçirilmişdir
"Azneft" İstehsalat Birliyində idarə və müəssisə rəhbərlərinin, eləcə də podratçı təşkilatların nümayəndələrinin iştirakı ilə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş geniş müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan "Azneft" İB-nin baş direktoru Daşqın İskəndərov birliyin müəssisələrində ətraf mühitin mühafizə sisteminin təkmilləşdirilməsi məqsədilə görülən tədbirlər haqda ətraflı məlumat vermiş, bu istiqamətdə ölkədə, o cümlədən ARDNŞ-də görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Daha sonra ARDNŞ-nin ekologiya üzrə vitse-prezidentinın müşaviri Hikmət İslamov, birliyin baş direktorunun ekologiya üzrə müavini Faiq Cəfərov, ekologiya şöbəsinin rəisi Rövşən Kərimov və başqaları çıxış edərək Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün yaranma tarixindən, bu sahədə Azərbaycanda qəbul edilmiş mühüm dövlət proqramlarından, idarə və müəssisələrdə aparılmış monitorinq və onların nəticələrindən, mövcud çatışmazlıqlardan danışmış, hazırkı ekoloji durumu müzakirə etmişlər. Natiqlər təklif və tövsiyələrlə çıxış edərək maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, vətəndaşların, xüsusən gənclərin ekoloji təfəkkürünün formalaşdırılmasında yeni, müasir metodlardan istifadə edilməsi zərurətini vurğulamışlar.
Tədbirin sonunda "Azneft" İB-nin idarə və müəssisə rəhbərlərinə yerlərdə ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədilə konkret tapşırıqlar verilmişdir.
Azərbaycan.- 2011.-5 iyun.- S. 2.