AMEA-da bioetika problemlərinə həsr olunmuş seminar keçirilmişdir

 

İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutunda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin Bakıda keçirilmiş 18-ci sessiyası çərçivəsində "Bioetikanın öyrənilməsinin metod və metodologiyası" mövzusunda seminar təşkil olunmuşdur.

İnstitut direktorunun müavini, professor Vüqar Məmmədov YUNESKO-nun regional ekspertlərinin iştirakı ilə keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, seminarın əsas məqsədi azərbaycanlı mütəxəssisləri YUNESKO-nun bioetika üzrə baza tədris proqramı ilə tanış etmək, bioetika və insan hüquqları üzrə ümumi bəyannamənin 15 əsas prinsiplərinin etik normaların tədrisində əks olunmasının vacibliyini diqqətə çatdırmaqdır. V.Məmmədov qeyd etmişdir ki, bioetika humanitar və ictimai elmlər sahələrində fəaliyyət göstərən insanların davranış qaydalarını tənzimləyir. İnkişaf etmiş ölkələrdə alimlər bu sahədə axtarışlar aparırlar. Azərbaycan da bioetika elmində xüsusi fəallığı ilə seçilir. Ölkəmizdə bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi YUNESKO-Azərbaycan əlaqələrinin inkişafının göstəricisidir, eyni zamanda, ölkəmizin bu elmin inkişafında və təbliğində mühüm rol oynadığını bir daha sübut edir.

Azərbaycanda bioetika elminin tədrisinin gücləndirilməsi istiqamətində mühüm addımların atıldığı vurğulanmışdır. Bildirilmişdir ki, YUNESKO-nun baş ofisinin qərarı ilə bu ilin sonunadək Bakıda müəllimlər üçün bir həftəlik xüsusi treninq proqramı həyata keçiriləcəkdir.

YUNESKO-nun baş ofisi bioetika şöbəsinin nümayəndəsi İrakli Xodeli MDB ölkələrində təşkil olunan tədbirlərdən, bugünkü seminarın azərbaycanlı mütəxəssislər üçün əhəmiyyətindən danışmış, bu cür tədbirləri tez-tez keçirilməsinin vacibliyini vurğulamışdır.

Seminarda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin üzvü, professor Olqa Kubar, rusiyalı ekspert, professor Boris Yudin, Belarus üzrə ekspert, professor Tatyana Mişatkina "Etika nədir?", "Bioetika nədir?", "İnsan ləyaqəti və insan hüquqları", "İnsan zəifliyinin qəbul edilməsi və şəxsiyyətin bütövlüyünə hörmət", "Şəxsi həyatın toxunulmazlığı və məxfilik" və digər mövzularda çıxışlar etmişlər.

Bildirilmişdir ki, bioetikanın əsasını təşkil edən tibb, biologiya, fəlsəfə və humanitar elmləri əhatə edən problemlər uzun illərdir ki, mütəxəssisləri, dünya alimlərini, siyasətçiləri düşündürür. Bununla əlaqədar olaraq, sosial, hüquqi, etik məsələlər ətrafında müzakirələrin aparılmasının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Təhsil, Səhiyyə nazirliklərinin əməkdaşları, Azərbaycan Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutunun nümayəndələri üçün təşkil olunmuş seminarda mövzular müzakirə olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 2.