Dövlət
başçısı gənclərin sürətlə irəliləməsinə
yaşıl işıq yandırıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi bütün gəncliyin tərəqqisində və intellektual mülkiyyətin dinamik inkişafında dönüş yarada biləcək əlamətdar hadisə idi. Prezidentin çıxışını dinlədikcə, ideyalarından danışan, təkliflərini verən gənclərə qulaq asdıqca 17 il bundan əvvəl ulu öndər Heydər Əliyevin Prezident Aparatında tələbələrlə təşkil etdiyi, iştirakçısı olduğum görüşü xatırladım.
Universitet müəllimi olsam
da, yaşıma görə gəncəm. Lakin həyatımda
baş verən çətinliklər, Qarabağ müharibəsindən
keçən yeniyetməlik illərim, ölkəmizin tarixində
və öz həyatımda baş verən hadisələr mənə
bu iki tarixi görüş haqqında söz deməyə
imkan verir.
1994-cü ildə Prezident
Aparatında ulu öndər Heydər Əliyevin ali məktəblərə
yüksək balla daxil olan tələbələrlə
keçirdiyi görüşdə iştirak etmək mənə
də nəsib olmuşdu. Onda artıq 3-cü il idi ki, tələbə
qəbulunda test üsulu tətbiq edilirdi.
Çıxış edənlərin bəziləri testin
üstünlüyündən danışaraq, köhnə qəbul
qaydaları olsaydı ali məktəbə girə bilməyəcəklərini
etiraf etdilər. Ulu öndər bütün
çıxışlara diqqətlə qulaq asdı, sonra isə
soruşdu ki, yenə çıxış etmək istəyən
varmı? Tribunaya işarə edərək dedi:
- Buyurun bu gün sizin
üçün meydan yaranıb.
Mən Prezidentin dəvətindən
cəsarətləndim, düşündüm ki, ali məktəbə
müharibə gedən bölgədən qəbul olunan tələbə
kimi belə yüksək tribunadan çıxış etməliyəm.
Ulu öndərə müraciətlə birinci onu dedim ki, test
üsulunun tətbiq olub-olmamasından asılı olmayaraq ali
məktəbə girəcəyimi bilirdim. Orta məktəbi cəbhə
bölgəsində - Tərtər rayonunda oxumuşam.
Uşaqlığım müharibədə keçib.
Bunları deməkdə məqsədim odur ki, oxumaq heç nəyə
baxmır. Nə müharibə, nə də ki, digər
çətinliklər məni kitabdan ayıra bilmədi,
çalışdım, hazırlaşdım və ali məktəbə
qəbul oldum.
Ulu öndər onda mənim
çıxışımı maraqla dinləyirdi. İndi o
illəri bir də xatırlayıram. Həqiqətən
çətin idi, düşmən hər gün hücum
edirdi, torpaqlarımız əldən gedirdi. Xəstəxanada
yaralılara baş çəkirdik, şəhidləri
görürdük.
20 il bundan əvvəl mənim
kimi cəbhə bölgələrində yaşayan şagirdlərin
əksəriyyəti daha çətin anlarla üzləşirdilər.
Onların arasında məktəbləri dağılan,
torpaqları işğal olunan, müəllimləri,
qohum-qardaşı itkin düşən, yaralanan və həlak
olan minlərlə gənc var idi. Bugünün gənc
üçün mənim yaşıdlarımın
başına gələnlər artıq keçmişdir.
Çünkü onlar ata və qardaşlarını
döyüşə yola salmırlar, müharibənin
günahsız qurbanlarının hüzn mərasimlərini
görmürlər.
İndi hökm sürən
sakitliyin, atəşkəsin, inkişafın nə demək
olduğunu biz bugünkü gənclər təbii ki, daha dərindən
başa düşürük və ona daha çox sevinirik.
Ona görə ki, biz müharibənin içində
yaşamışıq.
Bu gün sabit, təhlükəsiz
ölkədə yaşayan gənclərimiz, müasir
dünya gündəmində baş verən prosesləri dərk
etməli, ölkəmizdə hökm sürən əmin-amanlığın
qədrini bilməklə yanaşı, dövlətimizi irəli
aparan ideyalar haqda düşünməlidirlər.
Azərbaycanın müstəqilliyinə
təhlükə törədən əksər amillər
aradan götürülsə də, hələ ki, müharibə
şəraitində yaşamaqda davam edirik. Vətənimizin
uğurlarına qısqanclıqla yanaşan bir sıra antiazərbaycançı
beynəlxalq güc mərkəzləri bu gün də ölkəmizin
iqtisadi dayaqlarının və hərbi qüdrətinin zəifləməsi,
daxili sabitliyin pozulması və yeni çaxnaşmaların
yaranması üçün siyasi texnologiyalardan istifadə
edirlər. Bu təhlükələri sovuşduran
başlıca amil dövlət başçısının
praqmatik siyasəti, ulu öndərdən əxz etdiyi
böyük dövlətçilik təcrübəsini
bütün istiqamətlərdə daha da geniş tətbiq
etməsi ilə bağlıdır. Bütün dünyəvi
dəyərlərə, demokratik prinsiplərə qətiyyətlə
yanaşan cənab İlham Əliyev tükənməz enerji
ilə ölkəmizin, regionun ən qüdrətli dövlətinə
çevrilməsi üçün əzmlə
çalışır. Bu səylər nəticəsində
bölgədə ən güclü, mütəşəkkil
və düşmənə qalib gələ bilən ordu
quruldu.
Prezident İlham Əliyevin
xarici siyasətdə də ulu öndərimiz tərəfindən
müəyyənləşdirilmiş vahid strategiya və dəyişməz
prioritetlərə sadiqlik nümayiş etdirməsi dünya
dövlətlərinin Azərbaycana inamını,
etimadını gücləndirən ən başlıca
amildir. Prezident İlham Əliyev hər hansı
inkişafın təbii sərvətlərin zənginliyindən
daha çox, demokratikləşdirmə proseslərindən,
qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti
təsisatlarının inkişafından asılı
olmasını xüsusi qeyd edir.
Dövlət
başçısının gənclərlə sonuncu
görüşü formatına və məzmununa görə
uğurların davamı kimi qiymətləndirilməlidir. Cənab
İlham Əliyevin bu görüşdə gəncləri diqqətlə
dinləməsi, bir çox məqamlarda onlarla
razılaşması, dəstək verməsi, gəncləri
düşündürən, narahat edən bütün məsələlərin
proqramda əksini tapacağını vəd etməsi mənə
ulu öndərin bizimlə görüşünün də
belə konstruktiv keçməsini xatırlatdı. Bu
görüşdə Prezident bütünlükdə Azərbaycan
gəncliyini narahat edən məsələlərə
toxunmaqla gəncliyə diqqətli olduğunu, problemləri dərindən
bildiyini və onların aradan götürülməsi
yolları üzərində
çalışdığını bəyan etdi. Ölkənin
indiki inkişaf dinamikası ilə gənclərin peşə
hazırlığının uzlaşmasının vacibliyini
vurğuladı.
Dövlət
başçısının çıxışında
toxunduğu məsələlərdən biri də ölkəmizdə
fəaliyyət göstərən böyük şirkətlərdə
azərbaycanlı gənclərin xüsusi çəkisinin
olması ilə bağlı olduğunu dedi: "...Son illərdə
təhsil sistemində aparılan islahatlar minlərlə
güclü mütəxəssisin yetişdirilməsinə
imkan vermişdir. Bu kadrların xarici dil biliklərini
artırmaqla, ixtisaslarına uyğun qısamüddətli
ezamiyyət kursları təşkil etməklə onların səviyyəsini
xarici şirkətlərin tələblərinə
uyğunlaşdırmaq mümkündür. Bu minvalla xüsusilə
xidmət, turizm və İKT sektorunda yerli kadrların
xüsusi çəkisinin üstünlüyünü daha
sürətlə əldə etmək
mümkündür".
Sevindirici haldır ki, bu
günlərdə 80 illiyini dövlət səviyyəsində
qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət
İqtisad Universitetində təhsil siyasətinin uğurla
aparılmasına təsir edən əsas amillər inkişaf
etmiş ölkələrin aparıcı universitetləri ilə
əməkdaşlıq edilməsi, universitet təmsilçilərinin
beynəlxalq konfranslarda təmsil olunması və yer
tutması, dünya təhsil sisteminə
uyğunlaşmış auditoriyaların və
kitabxanaların formalaşması, peşəkar mütəxəssislərin
hazırlanması üçün zəruri elmi mühitin
yaradılması ilə bağlıdır. Universitetdə
keçirilən məzun yarmarkaları, olimpiadalar tələbələrin
harmonik inkişafını stimullaşdırır. Bu günlərdə
ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci
ildönümü münasibətilə Azərbaycan Dövlət
İqtisad Universiteti ilə Vergilər Nazirliyinin birgə
keçirdiyi olimpiadada respublikanın aparıcı ali məktəblərindən
237 tələbə iştirak etdi. Bundan başqa universitetdə
formalaşan xüsusi istedadlar qruplarında dərslər
xarici dillərdə tədris edilir.
Ulu öndər həmişə
vurğulayırdı ki, əsl mütəxəssis bir
neçə il qabağı görməyi bacarmalıdır.
Bu baxımdan gənclərin Prezidentlə keçirilən
sonuncu görüşündə qaldırdığı məsələlər
aktuallığı ilə seçilirdi. Sənaye, elm və təhsil
üçbucağının yaradılması və
onların Qərbdəki kimi inteqrasiya olunmuş şəkildə
orqanik inkişafının təmin edilməsi, elmi-texniki sahələrdə
peşəkar təşkilatların təsis olunması və
artıq fəaliyyət göstərən təşkilatların
nüfuz dairəsinin genişlənməsi, qeyd edildiyi kimi, Azərbaycanda
elmin və iqtisadiyyatın üzvi inkişafına təkan verə
bilər. Ölkəmizdə və xaricdə təhsil alan
fitri istedadı ilə seçilən tələbələrin
intellektual potensialı gələcəkdə Azərbaycanın
texnologiyalar ixrac edən ölkəyə çevrilməsində
önəmli rol oynaya bilər. Gənclərin qlobal elmi
ötmək istəyi onu deməyə imkan verir ki, Azərbaycan
gəncliyi müasir dünya elmi ilə bəhsə girə
biləcək qədər çevik və dinamik inkişaf
edir. Elmi-texniki sahələrdə yaradıcı gənclərin
ortaya çıxarılması və onların
inkişafına təkan verilməsi, peşəkar mühəndislərin
yetişdirilməsi, Prezident mükafatlarının təsis
edilməsi görüşdə dövlət
başçısı qarşısında qaldırılan
önəmli məsələlər idi. Belə təkliflərin
verilməsi ölkəmizdə böyük elmi biliklərə
və qabaqcıl dünya təcrübəsinə dərindən
bələd olan yeni nəslin, yeni gəncliyin
formalaşmasını sübut edir. Bütün cəmiyyətlərin
aparıcı qüvvəsini ideyalar təşkil edir. Gənclərimiz
dövlət başçısı ilə görüşərkən
belə geniş diapazonda qlobal problemlərə toxunaraq,
onların həlli yollarını çətinlik çəkmədən
göstərməklə inkişafının növbəti mərhələsinə
keçidin uğurlu olacağını bir daha göstərdilər.
Dövlət başçısı isə qaldırılan dəyərli
ideyaların, verilən təkliflərin Dövlət
Proqramında əksini tapacağına zəmanət verdi.
Cənab İlham Əliyev bu
görüşdə bir daha yeni keyfiyyətli praqmatik və
islahatlara meyilli lider olduğunu nümayiş etdirdi. Dövlət
başçısı gənclərin mütərəqqi təkliflərini,
ideyalarını dəstəkləyərək, gələcəkdə
Azərbaycanı inkişaf etmiş ölkələrin
sırasına daxil etmək əzmində olduğunu qətiyyətlə
bildirdi. İstedadlı gənclərin
mükafatlandırılması, üç sənaye mərkəzinin,
gənclər fondunun yaradılmasına və gənclərin
elmi axtarışlarının maliyyələşdirilməsinə
müsbət münasibətini bildirdi.
Əslində bu
görüş Azərbaycan gəncliyi və dövlətçiliyi
tarixində əlahiddə unikallığı ilə
seçildi. Bu növbəti tədbirdən daha çox
intellektual beyinlərin ideya və təkliflərin müzakirəsinə
qoşulduğu işçi forumu xatırladırdı. Hər
birimiz Azərbaycan Prezidenti İlham Əliyevin bütün
çıxışlara necə dərindən və həssaslıqla
yanaşmasının şahidi olduq. Bu, dövlət
başçısının gəncliyə, onun intellektual təfəkkürünə
və analitik düşüncə tərzinə verdiyi
yüksək qiymət idi.
Elmdə belə bir fikir var
ki, ən çətin məsələlərin sadə bir həlli
olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
müxtəlif sahələrdə uğurlar qazanmış bir
qrup gənc və tələbə gənclər təşkilatlarının
nümayəndələri ilə bir-neçə saat davam edən
görüşündə aparılan müzakirələr
ölkənin inkişafında yeni pilləyə yüksəlmək
üçün vacib olan ideyaları gündəmə
çıxardı. Bu tədbir siyasi nöqteyi-nəzərdən
daha yüksək qiymətə layiqdir. Dövlət
başçısı sübut etdi ki, ölkənin
inkişafı meydanlardan, mitinqlərdən yox, problemlərin
və onların həlli yolunu araşdıran intellektual
diskussiyalardan keçir. Qarşıdurmalar, bəzi ölkələri
cənginə alan ixracat inqilabları dövlətləri nə
qədər qan tökməyə, parçalanmaya, tənəzzülə
sürükləyirsə, sivil dialoq, analitik təfəkkürün
ortaya qoyulması bir o qədər çox sabit dövlətlər
üçün perspektivlərə xidmət edir, cəmiyyəti
aparıcı qüvvə kimi bir ideya ətrafında birləşdirir,
irəli aparır.
Tələbələrin
intellektual bacarıqlarının və qabiliyyətlərinin
Azərbaycanın inkişafı və gələcəyi
üçün düzgün istiqamətləndirilməsini
vacib sayan Prezidentin imzaladığı fərmana əsasən
dövlət proqramı çərçivəsində
dünyanın 24 ölkəsinin 200-dən artıq ən məşhur
universitetlərinə azərbaycanlı tələbələr
oxumağa gedirlər. Ümumiyyətlə dünyanın
30-dan çox ölkəsində tələbələrimiz təhsil
almaqdadırlar. Dövlət başçısı Azərbaycanda
təhsilin səviyyəsinin daha yüksək həddə
qaldırılmasının zəruriliyini vurğuladı.
Əslində bu
görüş Azərbaycan dövlətçiliyi tarixində
mahiyyətinə, məzmununa və fəlsəfi istiqamətinə
görə yeniliklərdən, iqtisadi islahatlara doğru
atılan qəti addımlardan və Azərbaycan tarixində gəncliyin
qarşısında açılan böyük üfüqlərdən
ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyev bu
görüşdə bir daha ulu öndərin kadr siyasətinə
sədaqətli olduğunu nümayiş etdirməklə
yanaşı, XXI əsrin ruhuna uyğun daha köklü
islahatlara qadir olan lider keyfiyyətlərini ortaya qoydu. Dövlət
başçısı Azərbaycan gəncliyinin
qarşısında yaşıl işıq yandırmaqla
yanaşı, bir mayak kimi onların yolunu
işıqlandırmaq gücünə qadir olduğunu bir daha
sübut etdi. Ölkəmizin çiçəklənməsi
üçün biz gənclər praqmatik təfəkkürə
malik olan möhtərəm Prezident İlham Əliyevin ətrafında
sıx birləşməli, bütün intellektual
imkanlarımızı Azərbaycanımızın intibahı
naminə səfərbərliyə almalıyıq.
Zöhrab PAŞAYEV,
Azərbaycan Dövlət
İqtisad
Universitetinin müəllimi
Azərbaycan.- 2011.- 5 iyun.- S. 3.