Sənət tarixində əbədiləşən aktyor

 

Teatr və kino sənətinin qüdrətli aktyorlarından biri olan əməkdar artist, respublika Dövlət mükafatı laureatı Hamlet Xanızadə cəmi 49 il ömür sürüb. Bu unudulmaz aktyor yaradıcılığı boyu can verdiyi obrazları ilə mədəniyyətimizin elə zirvələrini fəth etdi ki, yaratdıqları həmişəyaşar oldu. Güclü yaradıcı potensiala malik olan Hamlet Xanızadə zəngin daxili aləmə və istedada malik idi. Bu səbəbdən də müxtəlif xarakterli rolları yaratmaqda çətinlik çəkmirdi. Hansı rolu oynamasından asılı olmayaraq onun təqdim etdiyi obraz canlı və yaddaqalan alınırdı. Özünün səmimi olması yaratdığı obrazlarda da əksini tapırdı. Fərq etməzdi, Hamletin libasına büründüyü obraz mənfidi, yoxsa müsbətE Əsas məsələ ondan ibarət idi ki, Hamlet rollarının daxili aləminə məharətlə nüfuz etməyi, onları təbii və səmimi çatdırmağı bacarırdı.

Teatrşünaslar bu unudulmaz aktyorun yaradıcılığını hansı baxımdan araşdıraraq dəyərləndirirlər, - bilmirəm. Mənim düşüncəmə görə, Hamlet sanki Hüseyn Cavid dramaturgiyasından qopan qəhrəmanların bir çoxu idi. O, Cavid qəhrəmanlarını böyük dramaturqun yaratdığı tərzdə çatdıraraq ən gözəl, ən kamil ifaçılardan biri kimi seçilirdi. Bu səbəbdən də tamaşaçılar tərəfindən ürəkdən sevilirdi. Hamlet Xanızadənin "Xəyyam", "İblis" və "Topal Teymur"da yaratdığı surətlər necə qüdrətli və təbii idilər. Bu tamaşalara baxanlar, inanmıram ki, oradakı Hamlet Xanızadənin sənət yanğısını unuda bilsinlər. Təbiətən çox həssas olan Hamlet Xanızadə sənətə ehtiramla yanaşan, teatrın şərəfini uca tutan, kinoya ürəkdən bağlı qabil və istedadlı aktyor idi. Həmkarları danışırlar ki, oynadığı hər rolun mənəvi əzabını, kədərini, sevincini, bəxtəvərliyini, hökmranlığını, fağırlığını içindən necə keçirə bilirdisə - səhnədən, çəkilişdən sonra həyatda bir xeyli bu ağrılardan əziyyət çəkirdi.

Hamlet Xanızadə 5 iyun 1941-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açmışdlı. Uşaqlıqdan teatra həvəsi vardı. Amma atası Bəbir kişi oğlunu aktyor görmək istəmirdi. Onun uşaqlığı İkinci dünya müharibəsinin dəhşətli qovğalarına təsadüf etdi. Xüsusilə də ağlı kəsəndən maraqla baxdığı filmlər gənc Hamletin arzularını məhz bir istiqamətə yönəltmişdi. Elə buna görə də teatr institutunda təhsil alan Hamlet Xanızadə 1961-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başladı. Bu möhtəşəm səhnədə ilk dəfə hansı rolu oynayıb, kimlərlə tərəf-müqabili olub, - bilmirik. Amma onun rollarının sırasına boylananda heyrətlənməyə bilmirsən. Son dərəcə fərqli və ziddiyyətli surətləri bir aktyor öz ruhundan, varlığından keçirərək onları necə ustalıqla yarada bilmişdi: Həsən Səbbah ("Xəyyam"), İblis ("İblis"), Qacar ("Vaqif"), Molla Abbas ("Dəli yığıncağı"), Nizami ("Atabəylər"), Doktor ("Şöhrət və ya unudulan adam"), Antonino ("Fırtına") və başqaları. Əgər bir az da diqqət yetirsək ki, Hamlet Xanızadə məhz hansı müəlliflərin əsərlərində özünü bir aktyor kimi taparaq təsdiq edirdi, - onda sənətkarın yaradıcılığı haqqında müfəssəl düşüncəyə sahib ola bilərik. Təbii ki, ilk növbədə Hamlet Xanızadənin məftun olduğu, sevdiyi dramaturqlar vardı: Hüseyn Cavid, Mirzə Cəlil, Şekspir, Nazim Hikmət, Səməd Vurğun, İlyas Əfəndiyev, Nəriman Həsənzadə, Anar, Yusif Səmədoğlu və başqaları. Hamlet Xanızadə Mehdi Məmmədov, Hökumə Qurbanova, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı kimi müqtədir sənət korifeyləri ilə bir yerdə çalışıb. Tanrının bağışladığı istedad öz yerində, Milli Dram Teatrı Hamlet Xanızadə üçün bir məktəb idi. O, ustadlardan öyrənərək həm də öz məktəbini yaradırdı.

Unudulmaz aktyorun yaradıcılığında ikinci bir mərhələni də kino sənətindəki xidmətləri təşkil edirdi. "Yeddi oğul istərəm", "Axırıncı aşırım", "Arxadan vurulan zərbə", "Şəhərin yay günləri", "Qızıl uçurum", "Babək", "Bir Cənub şəhərində", "İnsan məskən salır", "İstintaq davam edir", "Qatarda", "Qatır Məmməd", "Qəm pəncərəsi", "Qərib cinlər diyarında", "Möcüzələr adası", "Nizami", "Topal Teymur", "Yaramaz", "Yol əhvalatı"... və nəhayət, "Qətl günü" filmlərində yaratdığı müxtəlif xarakterli obrazlarda yenə də Hamlet Xanızadənin özünəməxsus orijinal yozumu hiss olunmaqdadır. O, bu obrazları elə bir şəkildə təqdim edib ki, ikinci bir ifaçı haqqında düşünmək belə ağla gəlmir. "Qətl günü" filmindəki Sədi Əfəndi onun son rolu oldu. Həyat yoldaşı Nailə xanımın sözləridir: "Çəkilişlər zamanı, bəlkə də gündə neçə yol ölüb-dirilirdi. Filmdəki dövrlə bağlı ədəbiyyatı oxuduqca öz-özünə deyirdi: "Gör biz neçə böyük bir millətin övladlarıyıq". Təəssüf ki, bizim milli taleyimizin əks-sədası olan bu filmə Hamletsiz baxdıq". Həyatın bu amansızlığı imkan vermədi ki, Hamlet Xanızadə yaratdığı obrazın tamaşaçılar tərəfindən necə maraqla qarşılandığının şahidi olsun.

Dəfələrlə səhnədə Hamlet Xanızadənin tərəf-müqabili olmuş xalq artisti Şəfiqə Məmmədovanın bir fikri xatırlandıqca xiffət doğurur: "Biz onu qoruya bilmədik. Elə incə ürəyi dəhşətlər içində qorumaqmı olardı?" 20 Yanvar faciəsində millətimizin ağır dərdini çəkə bilmədi Hamlet. Anaların, bacıların fəryadına, insanların faciəli ölümünə dözmədi. Haqsızlıq onu içindən dara çəkdi. Şəhidlər xiyabanında - müqəddəs ünvanda ürəyinin döyüntüsünü dəyişdi. O da belə şəhid oldu...E

Hamlet Xanızadə iddialarla yaşamayan çox böyük aktyor idi. Beş addımlıq ölüm yolundakı məsafəyə sığmayan əsl sənət fədakarlığı göstərdi. Adını möhürlədiyi elə tarixi qəhrəmanlar var ki, xəyalımızda həmişəlik məhz onun simasında qaldı. Yaşamaq sevincini övladlarından, sənətindən, ideyalarından alan Hamlet Xanızadə bütün varlığı ilə aktyorluğa bağlı idi. Dəfələrlə etiraf edərdi ki, ən böyük xoşbəxtliyi tamaşaçı sevgisində taparmış.

21 il ötür ki, Xanızadələr ailəsində Hamlet adlı bir insanın - unudulmaz aktyorun xatirəsi yaşayır. İllər nə qədər quş qanadlı olsa da, rəqəmlər birləşib yuvarlaq bir şəkil alsa da, doğmaları hələ də onun ölümünə inanmaq istəmirlər. Bu yoxluğun ağırlığından səhnəmizdə, ekranlarımızda Hamlet Xanızadənin yeri boş qalıb. İllərdir ki, qohumları, övladları, dostları, pərəstişkarları onunla görüşmək üçün teatrlara, kinostudiyaya, evinə yox, Bakının Şağan kəndindəki köhnə qəbiristanlığa gedirlər. O, bizdən ayrılanda heç 50 yaşını da tamamlamamışdı. İyunun 5-i bu unudulmaz aktyorun doğum günüdür. Yaşasaydı, kim bilir, hansı təntənənin, təltifin sahibi olasaydı. Yaratdığı obrazların sayı-hesabı bilinməzdi. İllər beləcə qanadlanaraq bizi bu qüdrətli aktyorun 70 yaşını anmaq xiffətini də yaşadır. Dəyişən və dəyişməyən məqamlar var. Hamlet Xanızadə qocalığın yox, bir sənət ucalğının yaxasında həmişə 49 yaşında cavan qalacaq. Maraqlıdır ki, onun istər teatrda, istərsə də kino sənətində yaratdığı obrazlar həm kamilliyinə, həm yaşına, həm də ziddiyyətli məqamlarına görə çox mürəkkəbdirlər. Heyrət etməyə bilmirsən ki, bu təzadlı, çətin obrazları Hamlet Xanızadə cavan yaşında necə ustalıqla yarada bilib?! Aktyor var ki, 80-i haqlayıb, amma yadda qalan kamil bir rolu yoxdur. Cəmi 49 il ömür sürmüş Hamlet Xanızadə 80-ə yaxın filmdə unudulmayan, bir-birinə bənzəməyən, maraqlı obrazlar yaradıb. Onun qəhrəmanlarının əksəriyyəti tarixin, özü isə sənətin zirvəsində əbədiləşib!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 5.