Məhəbbətin qələbəsi

 

Dünya musiqi xəzinəsinə 26 opera bəxş etmiş dahi italyan bəstəkarı Cüzeppe Verdinin türk sultanı İsmayıl paşanın sifarişi ilə yazdığı "Aida" operası musiqisinin zənginliyi və xəlqiliyi ilə tamaşaçıları heyran qoyduğuna görə uzun ömür qazanmışdır. Təqribən 150 il bundan əvvəl yazılmış "Aida" sənət şedevri bugünümüzdə də sevilir və dünyanın bütün sivil ölkələrinin opera teatrlarında tamaşaya qoyulur.

Bu günlər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş bu əsər böyük uğurla oynanıldı və öz tələbkar Bakı tamaşaçılarını razı saldı. Vokal baxımından çox çətin sayılan operanın baş qəhrəmanlarının - Misir ordusunun sərkərdəsi Radamesin, Misir Fironunun qızı Amnerisin, misirlilərə əsir düşmüş Efiopiya padşahının qızı Aidanın vokal partiyalarını layiqincə ifa etmək, qəhramanların daxili aləmlərini musiqi dili ilə açıb göstərmək üçün məşhur ifaçılarla yanaşı, opera səhnəsində ilk kövrək addımlarını atmağa başlayan çox istedadlı gənc vokalçılar da opera səhnəmizdə, bir növ, imtahana çəkildilər. Gənc ifaçı Çinarə Şirinin Aida rolunda ilk çıxışı tələbkar Bakı operasevərlərinin böyük marağına səbəb oldu. Axı indiyədək Aida obrazının səhnə təcəssümünü geniş vokal imkanlı, dramatik aktyor məharətli xalq artisti beynəlxalq müsabiqə laureatı Qərinə Kərimova yaratmış və tamaşaçıları razı salmışdı. O, Aidanın vokal baxımından çox çətin ariyalarını ustad sənətkara xas olan tərzdə oxumuşdu. Aida rolunda gənc və az təcrübəli Çinarənin çıxış edəcəyinin hansı sonluqla nəticələnəcəyi sual altında idi. Tamaşa başlayandan bir qədər sonra Çinarənin güclü və geniş diapazonlu soprano səsi, dram aktyorlarına xas olan oyun tərzi tamaşaçıların gurultulu və sürəkli alqışları ilə dəyərləndirildi. Operasevərlər teatr səhnəsinə istedadlı gənc ifaçının gəldiyinin şahidi oldular. Onların gözləri qarşısında süst hərəkətli Aida əvəzinə şux Aida canlandı. Bu Aidanın səs imkanları da yetərincə idi. Onun səsi bütün registrlərdə rəvan səslənirdi.

Çinarə Şirinin Nil çayı sahilində sevgilisi Radames ilə görüşü ərəfəsində oxuduğu ariya "do" sonluğunun çətinliyi ilə seçilir, hətta ara-bir həmin partiyanın ifaçısı kimi çıxış edən tanınmış bəzi opera ifaçıları "do" sonluğunun öhdəsindən gələ bilmirlər. Çinarə Şirin həmin ariyanı cəsarətlə oxudu və ariyanın bu çətin sonluğunun öhdəsindən məharətlə gəldi. O, Aida ilə Radamesin operanın sonuncu pərdəsindəki qaranlıq zindanda "Bağışla, torpaq, bütün işgəncələri özündə saxlayan torpaq" duetində qəhramanının puç olmuş arzularını nadir gözəlliklər hopmuş plastik səs çalarları ilə sonuclaya bildi.

Fironun qızı Amnerisin vokal partiyasını respublikanın əməkdar artisti metso soprano Fidan Hacıyeva çox məharətlə oxudu. Hamı bilir ki, metso-sopano səsin diapazon genişliyi məhduddur. Fidan Hacıyeva Amnerisin partiyasının öhdəsindən böyük bacarıqla gəldi, səsi yuxarı notların hamısında inamla səsləndi. Fidanın dram artistliyinin məharəti səs çalarlaının gözəlliyi ilə üzvi vəhdət yaratdı. Onun ifası səsinin qeyri-adi gücü və pərvazlılığı ilə möhtəşəm alındı.

Bakı səhnəsində Radames partiyasının ifaçısı olmadığına (ona görə ki, Bakının Musiqi Akademiyasının müvafiq kafedralarında Qərbi Avropa bəstəkarlarının operalarında baş rollarda iştirak etməyə qadir olan vokalçılar hazırlanmasına az diqqət yetirilir) görə Radames rolunda çıxış etmək üçün teatr rəhbərliyi Gürcüstan Opera və Balet Teatrından səsinin gücünə və diapazon böyüklüyünə görə məşhur olan xalq artisti, Dövlət mükafatı laureatı professor Teymuraz Ququşvilini dəvət etməklə vəziyyətdən çıxış yolu tapmışdı. Teymuraz Radamesin bütün ariyalarını möhtəşəmliklə ifa etməklə tamaşaçıların rəğbətini qazandı. Bakılı seyrçilər teatr salonunu tamaşadan sonra böyük razılıqla tərk etdilər.

Əməkdar artist Əvəz Abdullayev Amonasro rolunda uğurla çıxış etdi. O, həm vokalçı kimi, həm də aktyor kimi xoşagələn oldu. Əvəzin dolğun bariton səsi Efiopiya padşahının daxili aləminin açılmasında böyük rol oynadı. Əvəzin səsi bütün registrlərdə qənaətbəxş səsləndi. Demək lazımdır ki, Əvəz Abdullayev opera teatrımızın geniş vokal imkanlı bariton səsli ifaçısı kimi çoxsaylı tamaşaçı auditoriyasının sevimlisinə çevrilmişdir. "Sevilya bərbəri" komik operasında qraf Almaviva, "Traviata" operasında Jermon partiyalarında özünü mahir ifaçı kimi göstərə bilmişdir. Onun geniş diapazonlu zövq oxşayan xoş tembrli bariton səsi, yüksək artistlik qabiliyyəti Əvəzi məşhur vokalçı səviyyəsinə qaldırmışdır. Elə indidən Əvəz Abdullayev haqlı olaraq opera səhnəmizin ulduzu sayılır. Teatrda opera səhnələrində uğurla çıxış edən Azər Zeynalov (tenor), Samir Cəfərov (lirik-dramatik tenor) Əkrəm Poladov (bas), Fərid Əliyev (tenor), İlahə Əfəndiyeva (soprano), İnarə Babayeva (soprano), Gülnaz İsmayılova (koloratur soprano), Əli Əskərov (bas) kimi mahir ifaçılar çalışır. Onların gücü ilə Qərbi Avropa bəstəkarlarının məşhur operalarını (Turandot, Otello və s.) Azərbaycan operasevərlərinə təqdim etmək olar. Cüzeppe Verdinin möhtəşəm "Aida" operasının tamaşası Azərbaycan tamaşaçılarının incə opera zövqünə malik olduğunu sübuta yetirdi. "Aida" operası həm də məhəbbətin qələbəsini təsdiqlədi.

 

 

Arif HÜSEYNOV

 

Azərbaycan.- 2011.- 5 iyun.- S. 5.