Azərbaycan Prezidenti İlham Əliyev
Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Günter Ottingerin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycanda keçirilən "Xəzər neft, qaz, neftayırma və neft kimyası" 18-ci Beynəlxalq sərgisinin önəmi qeyd edildi və bu sərginin energetika sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu. Prezident İlham Əliyev və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, xüsusilə də enerji sahəsində uğurlu inkişafından məmnunluqlarını bildirdilər və bu əməkdaşlığın daha da genişləndirilməsi və inkişafı ətrafında fikir mübadiləsi apardılar.
Dövlətimizin başçısı Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 7 iyun.- S. 1.