Azərbaycan Prezidenti İlham Əliyev Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Norveç Krallığının Vəliəhdi Hookonun Azərbaycana səfərinin maraqlı olacağına, ölkəmizi tanımaq baxımından bu səfərin yaxşı imkan yaradacağına əminliyini bildirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Norveç arasında əlaqələrə 1994-cü ildə enerji sahəsində əməkdaşlıqla başlanıldığını qeyd etdi. Azərbaycan-Norveç əlaqələrinin uzun tarixə malik olduğunu vurğulayan Prezident İlham Əliyev Norveçin Statoil şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uğurlu əməkdaşlığın önəmini qeyd etdi. Dövlətimizin başçısı Vəliəhd Hookonun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafı işinə xidmət edəcəyinə əminliyini vurğuladı.
Norveç Krallığının Vəliəhdi Hookon Azərbaycana səfərindən məmnunluğunu bildirdi. Bakıda keçirilən XVIII Beynəlxalq "Neft və qaz, neftayırma və neft kimyası" sərgi və konfransının əhəmiyyətini vurğulayan Vəliəhd Hookon Azərbaycanın regionda mühüm rolunu, Avropanın enerji məsələlərində etibarlı tərəfdaş olduğunu qeyd etdi. Norveç Krallığının Vəliəhdi ölkəsinin Azərbaycan ilə enerji sektorunda əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu bildirdi.
AzərTAc
Azərbaycan.- 2011.- 7 iyun.- S. 1.