Bakıda Olimpiya stadionunun təməli
qoyulmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva mərasimdə iştirak
etmişlər
Azərbaycan futbolunun 100 yaşı tamam olur. Bu
münasibətlə paytaxtımızda keçirilən
yubiley tədbirlərinin ən möhtəşəmi Bakı
Olimpiya Stadionunun təməlinin qoyulmasıdır.
İyunun 6-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun təməlqoyma
mərasimində iştirak etmişlər.
Tədbirdə həmçinin
FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel
Platini, eləcə də dünya futbol ictimaiyyətinin
görkəmli nümayəndələri, federasiya rəhbərləri,
futbol veteranları və digər qonaqlar iştirak etmişlər.
Mərasim
iştirakçıları dövlət
başçısını və xanımını hərarətlə
qarşıladılar.
Prezident İlham Əliyevə
məlumat verildi ki, metronun "Məşədi Əzizbəyov"
stansiyası dairəsindəki yol ayrıcının şimal
hissəsində, Sabunçu rayonunda 50 hektarlıq ərazidə
yerləşəcək və paytaxtda müasir tikinti
üslubu, xüsusi gözəlliyi ilə seçiləcək
65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionu bu tipli
müasir idman qurğuları sırasında özünəməxsus
yer tutacaqdır. Beynəlxalq standartlara tam cavab verəcək
stadionda müxtəlif funksiyalı tribunalar, qaçış
zolağı və digər infrastruktur inşa ediləcəkdir.
Bildirildi ki, daxili sahəsi
120830 kvadratmetr olacaq stadionda tikinti işləri Beynəlxalq
Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına
və Azərbaycanın
inşaat normativlərinə uyğun aparılacaqdır.
Jurnalistlərin işləməsi üçün nəzərdə
tutulan bina 2 min kvadratmetrlik ərazini əhatə edəcəkdir.
Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq
hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi
salınacaqdır. Ümumilikdə, 18 girişi olacaq stadionda
41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək
7 dayanacaq fəaliyyət göstərəcəkdir.
Qeyd edildi ki, stadionun layihələndirilməsi
ilə bağlı ilkin işlərə 2008-ci ildən
başlanmışdır. Müsabiqə elan olunmuş, bir
çox yerli və xarici şirkətlərin təkliflərinə
baxılmışdır. İqtisadi səmərəlilik,
müasirlik, funksional xüsusiyyətlərin əlverişliliyi,
paytaxtın arxitekturasına, habelə qoyulan texniki şərtlərə
uyğunluğu baxımından Türkiyənin "TOCA"
şirkəti tərəfindən təqdim olunan layihə
konsepsiyası bəyənilmiş və layihələndirmə
işləri həmin konsepsiya əsasında aparılmışdır.
Məlumat verildi ki, stadionun ətrafı
və tribunaların üstü hava şəraitindən
asılı olaraq özünütəmizləmə
xüsusiyyətinə malik membran örtüklə
bağlanacaqdır. Stadionun yerləşəcəyi ərazinin
inşaat üçün hazırlanması işləri Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
tikinti təşkilatları tərəfindən həyata
keçirilmişdir. Həmin ilkin tədbirlərə indi də
davam etdirilən ərazinin abadlaşdırılması, habelə
stadionun bünövrəsinin etibarlı qurulması məqsədilə
yeraltı svayların vurulması işləri daxildir. Bundan
başqa, tammiqyaslı tikinti üzrə xidmətlərin
göstərilməsi üçün aparılacaq beynəlxalq
tenderin şərtləri də hazırlanır.
Sonra dünya və Azərbaycan
futbolunun tarixindən bəhs edən film nümayiş olundu.
Dövlət
başçısı mərasimdə çıxış
etdi.
Prezident İlham ƏLİYEV mərasim
iştirakçılarını salamlayaraq dedi:
- Hörmətli qonaqlar!
Hörmətli xanımlar və
cənablar!
Əziz dostlar!
Bu gün ölkəmizin həyatında
çox əlamətdar bir gündür. Bu gün biz Azərbaycan
futbolunun 100 illik yubileyini qeyd edirik. Bizimlə bərabər bu
bayram tədbirlərində iştirak etmək
üçün ölkəmizə gəlmiş bütün
qonaqları səmimiyyətlə salamlayıram. Xüsusilə
FİFA prezidenti cənab Blatteri, UEFA prezidenti cənab Platinini
səmimiyyətlə salamlayıram. Sizin hər bir gəlişiniz
Azərbaycanda futbolun inkişafına yeni təkan verir və
sizi qonaqlar arasında görmək bizim üçün
böyük şərəfdir.
Fürsətdən istifadə
edərək bir neçə gün bundan əvvəl FİFA
prezidenti vəzifəsinə yenidən seçilməyiniz
münasibətilə, cənab Blatter, sizi ürəkdən təbrik
edirəm. İnamlı qələbəniz bir də onu
göstərir ki, FİFA sizin rəhbərliyiniz altında
çox böyük və uğurlu yol keçmişdir, beynəlxalq
futbol aləminin mütləq əksəriyyəti sizin namizədliyinizi
dəstəkləmişdir. Bir daha demək istəyirəm ki,
sizin rəhbərliyiniz altında FİFA qlobal təşkilata
çevrilib. O təşkilata ki, onun əsas idealları
dostluq, qardaşlıq, sülh, ədalət
anlayışlarıdır.
Bu gün biz futbolumuzun 100
illik yubileyini qeyd edərkən gələcəyə ümidlərlə
baxırıq. Ümid edirəm ki, Azərbaycanda futbolun
inkişafı uğurlu olacaqdır. Azərbaycan dövləti
futbolun inkişafı üçün lazımi tədbirləri
görür. Bildiyiniz kimi, futbolun inkişafına dair Dövlət
Proqramı bir neçə ildir ki, icra edilir. Ölkə
çempionatı maraq doğurur. Azərbaycanda futbolun kütləviliyinin
təmin edilməsi üçün praktiki addımlar atılır.
Həm dövlət qurumları, həm Azərbaycan Futbol
Federasiyaları Assosiasiyası məqsədyönlü iş
aparmaqla futbolun inkişafına böyük töhfə verirlər.
Ümid edirəm ki, bu səylər nəticəsiz qalmayacaq,
futbolçularımız beynəlxalq yarışlarda bizi
sevindirəcəklər.
Futbolun inkişafı hər
bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman
növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik
ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz
futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul
olsunlar. Bunu etmək üçün indi şərait daha da
yaxşıdır. Son illərdə ölkəmizdə bir
neçə stadion istismara verilmişdir. Futbol
meydançaları tikilir. Yəni, futbolun kütləviliyinin
təmin edilməsi üçün Azərbaycanda
böyük işlər aparılır.
Bu gün cənab Blatterin, Platininin və
digər qonaqların iştirakı ilə Bakıda yeni
stadionun açılışı qeyd olundu. Bu gün ölkəmizin
ən böyük və ən müasir stadionunun təməl
daşı qoyulur. Ümid edirəm ki, iki-üç il ərzində
bu ərazidə möhtəşəm futbol arenası - 65 min
yerlik yeni, müasir, bütün beynəlxalq standartlara
uyğun stadion istismara veriləcəkdir. Bu, nəinki Azərbaycanın,
ümid edirəm ki, bölgənin ən möhtəşəm,
gözəl, yaraşıqlı və rahat stadionu
olacaqdır.
Stadionun tikilməsi bir daha
onu göstərir ki, Azərbaycan dövləti futbolun
inkişafına dəstəyini əsirgəmir. Bundan sonra da
çalışacağıq ki, biz addımlarımızla
futbolun inkişafına töhfə verək. Ancaq, əlbəttə
ki, bizim ictimaiyyət və futbol azarkeşləri
futbolçularımızdan yaxşı nəticələr,
gözəl qollar və qələbələr gözləyirlər.
Bu, bizim haqlı istəyimizdir. Ümid edirəm ki, görülən
və bundan sonra görüləcək işlər,
xüsusilə gənc futbolçularımızın
yetişdirilməsi, seleksiya işinin düzgün təşkili
nəticəsində futbolçularımız bizə futbol
sevincini bəxş edəcəklər.
Bizim bu sahədəki beynəlxalq
əlaqələrimiz artır. Qeyd etmək istəyirəm ki,
gələn il Azərbaycanda ölkəmizin tarixində ən
böyük və mötəbər futbol yarışı
keçiriləcəkdir. 17 yaşınadək qızlar
arasında dünya çempionatı Azərbaycanda
keçiriləcəkdir. Bu, böyük məsuliyyətdir və
mən ümid edirəm ki, bütün müvafiq qurumlar
hazırlıq işlərini lazımi səviyyədə
aparacaqlar və bu çempionat Azərbaycanda çox
uğurlu keçəcəkdir.
Beynəlxalq əməkdaşlıq
yüksək səviyyədədir. Bu gün Azərbaycan
Futbol Federasiyaları Assosiasiyası dünya futbol
federasiyaları arasında öz yerini tuta bilmişdir. Hesab
edirəm ki, bu da futbolun inkişafı üçün
çox vacib bir amildir. Xüsusilə Beynəlxalq Futbol
Assosiasiyaları Federasiyasının, Avropa Futbol
Assosiasiyaları İttifaqının rəhbərliyinə bir
daha öz minnətdarlığımı bildirmək istəyirəm.
Çünki onlar tərəfindən Azərbaycana verilən
dəstək bizim üçün çox əhəmiyyətlidir.
Ümid edirəm ki, futbol ictimaiyyətimiz öz növbəsində
futbolun inkişafı üçün əlavə
ardıcıl, düşünülmüş addımlar
atacaqdır.
Bu gün yenə də demək
istəyirəm ki, çox əlamətdar və tarixi bir
gündür. Futbolun 100 illik yubileyini qeyd edirik. Bu yüz ilin
20 ilini biz müstəqil Azərbaycanda yaşayırıq.
Eyni zamanda, möhtəşəm stadionun təməl
daşının qoyulması da tarixi hadisədir.
Bir daha bütün futbol
ictimaiyyətini bu bayram münasibətilə ürəkdən
təbrik etmək istəyirəm. Bütün qonaqlara bir daha
"Xoş gəlmisiniz!" deyirəm və yenə də
hesab edirəm ki, bütün azarkeşlər də mənim
sözlərimə qoşulacaqlar. Yenə də
futbolçularımızdan böyük ümidlərlə qələbələr
və uğurlar gözləyirik.
Sağ olun.
* * *
UEFA prezidenti Mişel PLATİNİ çıxış edərək
dedi:
- Cənab Prezident!
Hörmətli birinci
xanım!
Cənab federasiya prezidenti,
icraiyyə komitəsinin və assosiasiyanın üzvləri!
Azərbaycanda
olmağımdan böyük şərəf hissi duyuram. Belə
bir gözəl gündə bu mərasimdə iştirak etməkdən
şərəf hissi duyuram. Biz elə indicə burada tikiləcək
bu böyük stadionun ilk çalarlarını gördük.
Gördük ki, burada böyük tikinti işi gedəcəkdir.
Ümumiyyətlə, bu
şəhər mənim çox xoşuma gəldi. Cənab
nazir, siz də bunu qeyd edə bilərsiniz,
assosiasiyanızın prezidenti və o cümlədən
icraçı katib də gördük ki, imkanlar
yaradılır, valideynlər öz övladlarını gətirirlər.
Onlara bu şəraitdən istifadə etmələri
üçün imkan yaradırlar. Yəni, lap gənc
yaşlarımda, bilirsiniz, hətta deyərdim ki, mənim bu qədər
imkanım, şəraitim olmayıb. Amma biz bu şəraiti
indi Azərbaycanda görürük. Təbii ki, məktəbdə
də müəyyən şəraitlər var idi, lakin bu qədər
gözəllik yox idi.
Bir daha qeyd etmək istəyirəm
ki, bu, bizim üçün böyük şərəfdir. Mən
burada, futbolun keçmişi barədə o qədər bilmirəm.
Lakin cənab Prezident, Sizin sözlərinizə şərik
olaraq çox qısa onu deyə bilərəm ki, Azərbaycan
futbolunun böyük gələcəyi vardır.
Sağ olun.
* * *
FİFA-nın prezidenti Yozef BLATTER
çıxış edərək dedi:
- Hörmətli cənab
Prezident Əliyev!
Hörmətli birinci
xanım və sizin hörmətli oğlunuz!
Hörmətli hökumət
üzvləri, futbol həvəskarları, dostlarımız,
xanımlar və cənablar!
Bu gün həqiqətən
əlamətdar bir gündür. Bu, elə bir gündür ki,
ölkə və Azərbaycan Futbol Federasiyaları
Assosiasiyası çox möhtəşəm bir tədbiri
qeyd edir. Bu ölkədə futbolun 100 illiyi qeyd olunur. Bəli,
FİFA-nın bütün üzvləri burada olmasa da, - bizim
üzvlərimizin sayı 200-dən artıqdır, -
hamısının adından deyə bilərəm ki, onlar bu
gözəl oyunun məhz 100 il bundan öncə burada təşəkkül
tapdığını bilməkdən çox şad
olardılar.
Mən böyük şərəf
hissi ilə, həmçinin bu gün yeni tikiləcək
stadionun təməlqoyma mərasimində də iştirak edirəm.
Əslində bu, çox gözəl, möhtəşəm
bir qurğu olacaq və 60 mindən artıq futbol azarkeşi bu
stadiona gəlib futboldan həzz ala biləcəkdir. Bu, əslində
assosiasiyanın da apardığı çox böyük
işin nəticəsidir. Ümumiyyətlə, bu
addımın atılması çox böyük bir hadisədir.
Ona görə mən istərdim ki, həmçinin sizin
başqa planlarınız varsa digərlərini də
tanış etsinlər, hətta digər memarlar da gəlib tanış
olsunlar. Çünki bu, həqiqətən çox yaddaqalan,
çox gözəl bir layihədir. Bu baxımdan, bu stadion, cənab
Prezident, Siz bunu artıq qeyd etdiniz, həmçinin o məqsədə
xidmət edəcəkdir ki, FİFA 2012-ci ildə Azərbaycanda
17 yaşlı yeniyetmə qızlar arasında çempionat təşkil
edəcəkdir. Bu da bizim üçün böyük şərəfdir.
Mənə futbolun tarixi haqqında məlumat verildi və qeyd
edildi ki, məhz Siz mini futbol üzrə 5 nəfərdən
ibarət iki komandanı yaradanlardan birisiniz. Bu da neçə
illər bundan əvvəl baş tutubdur.
Biz futbolun digər aspektlərindən
söhbət açsaq, mən onu demək istərdim ki, Sizin
bir qəhrəmanınız olubdur. Bəlkə də o, futbol
oyunçusu olmayıb, lakin söhbət burada Tofiq Bəhramovdan
gedir. O, tarixdə iz qoyan bir şəxs olubdur. Biz bir neçə
il bundan öncə Sizin şəhərinizdə onun abidəsinin
açılışı mərasimində bir yerdə
iştirak etdik.
Əslində futbol klassik
üsluba malik olan bir oyundur. Bu, klassik, tragik bir formada öz təşəkkülünü
tapan bir oyundur. Çünki burada həm vaxt, həm güc, həm
böyük enerjinin sərf edilməsi tələb olunur.
Futbol bu deməkdir.
Cənab Prezident, Siz burada
öz şərhlərinizi verdiniz. Mən Sizin dediklərinizə
şərik çıxıram və Mişel də əslində
bu idman kompleksi haqqında danışdı.
Futbol insanları birləşdirir,
bir araya gətirir. Mən çox şadam ki, assosiasiya
prezidentinin qeyd etdiyi kimi, bütün bu qurğular futbolla məşğul
olmaq istəyənlərin hamısı üçün
açıq olacaqdır. Futbol insanların, cəmiyyətin
oyunudur. Ona görə qapılar açıq olacaqdır. Bu
baxımdan futbol, həmçinin mədəni, sosial rol oynaya
bilər. Bəlkə də o qədər yüksək səviyyədə
mədəniyyət sahəsi olmasa da, - bilirik ki, siz Avropa
mahnı müsabiqəsində böyük qələbə
qazandınız, - əslində bu oyunun özündə də
ədalət, hörmət və fiziki ruh vardır. Ona görə,
hörmətli xanımlar və cənablar, bu ədalətli
oyun ruhunun cəmiyyətimizə gətirilməsində məhz
futbol vacib bir məsələdir. Futbol qarşısına
qoyduğu bu məqsədə nail olur. Bir daha deyirəm ki,
futbol insanlar, millətlər üçün olan bir oyundur.
İndi isə bizim gözəl
bir fürsətimiz olacaqdır. Biz təməlqoyma mərasimində
iştirak edəcəyik. Yeni tikiləcək stadionun təməlini
qoyacağıq və iki il yarım, üç ildən sonra
siz çox gözəl, xüsusi bir futbol arenasının
şahidi olacaqsınız. Belə bir möhtəşəm
işin görülməsi cənab Prezident İlham Əliyevin
qətiyyəti və müdrik rəhbərliyi sayəsində
mümkün olacaqdır. Çünki bilirsiniz, cənab
Prezident bunu istəyir. Mən bu ölkəyə ilk səfərimdən
etibarən bugünə qədər baş vermiş dəyişikliklərə
heyranam. Sözün əsl mənasında, bunların
qarşısında baş əymək lazımdır.
Biz bilirik ki, Sizin ölkənin
hər bir yerində, hər bir guşəsində idmana
böyük diqqət göstərilir. Bu, nəinki siyasət,
nəinki iqtisadiyyat, ümumiyyətlə, bütün digər
sahələrlə müqayisədə çox yüksək
səviyyədə görülən işlərdir. Elə
indicə mən buraya gələrkən gözəl bir
fotoşəkil gördüm. Gördüm ki, cənab
Prezident, Siz çox gözəl bir mövqedə dayanıb
ayağınızla topu vurursunuz. Mən istərdim ki, kaş
bütün ölkə rəhbərləri futbola belə
yanaşaydılar, bu cür yanaşma nümayiş etdirəydilər.
Yəni demək istəyirəm ki, Azərbaycanda futbol da
etibarlı əllərdədir.
Bütün bu işlərə
görə Sizə "çox sağ olun" deyirəm, cənab
Prezident! Futbol üçün gördüyünüz
bütün işlərə görə çox sağ olun.
Bu, faydalı işlərdir.
Bu, Sizin gəncliyiniz, gəncləriniz üçün daha
parlaq gələcəyin təminatıdır. Bütün digər
ölkələr, qonşu ölkələr, hətta uzaqda
yerləşən ölkələr də
çalışırlar. Onlar da istəyirlər ki, bu prosesdə
iştirak etsinlər.
Mən bu gün burada
FİFA-nın prezidenti kimi, təxminən 200-ə yaxın
assosiasiyanı təmsil edirəm. Həmin assosiasiyaların
prezidentləri də burada əyləşiblər. Fürsətdən
istifadə edərək onların da adından, cənab
Prezident, Sizi xüsusi olaraq təbrik edirəm. Həmçinin
Sizin milli futbol təşkilatınızı təbrik edirəm.
Bildiyiniz kimi, futbol gözəl idman növüdür. Hər
zaman deyirəm ki, futboldan həzz alın. Amma ən vacibi odur
ki, həmçinin həyatdan da həzz alasınız.
Çox sağ olun!
* * *
Daha sonra stadionun təməlqoyma
mərasimi oldu.
Dövlət
başçısı metal gilizi rəmzi topun içərisinə
qoydu. Prezidentin oğlu Heydər Əliyev topu rəmzi
qapıya vuraraq bünövrəyə saldı.
Prezident İlham Əliyev,
FİFA-nın prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel
Platini beton qarışığı tökən qurğunu
işə saldılar, mərasimdən xatirə olaraq
saxlanılacaq futbol topunu imzaladılar.
Sonra xatirə şəkli
çəkdirildi.
Mərasimdə iştirak edən
qonaqlar Prezident İlham Əliyev ilə söhbətlərində
bir daha dövlətimizin başçısına Azərbaycanda
idmanın inkişafına göstərdiyi diqqət və
qayğıya görə təşəkkür etdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 7 iyun.- S. 2, 3.