Günter Ottinger: Azərbaycan
Avropa İttifaqının enerji təminatında mühüm
rol oynayır
İyunun 6-da Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə
səfərdə olan Avropa İttifaqının enerji məsələləri
üzrə komissarı Günter Ottinger ilə
görüşmüşdür.
Azərbaycanın Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə Azərbaycan ilə
Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın
hazırkı vəziyyəti və inkişaf perspektivləri,
həmçinin regional enerji layihələri haqqında fikir
mübadiləsi aparılmışdır.
E.Məmmədyarov Azərbaycanın enerji layihələrinin dünya bazarlarını əlavə enerji ehtiyatları ilə təchiz etməyə yönəldiyini və enerji daşıyıcılarının çatdırılmasında şaxələndirməyə üstünlük verdiyini vurğulamışdır. Cari ilin yanvarında Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsinə dair imzalanmış sənədi xatırladan nazir onun əhəmiyyətini xüsusi qeyd etmişdir.
G.Ottinger Azərbaycanın Avropa İttifaqının enerji təminatında mühüm rol oynadığını bildirmişdir. Komissar bu sahədə əməkdaşlığın daha da intensiv şəkildə davam etdirilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
Azərbaycan.- 2011.- 7 iyun.- S.3.