Sankt-Peterburqda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının üçüncü konfransı keçirilmişdir

 

 Xəbər verdiyimiz kimi, iyunun 4-də Sankt-Peterburqun Tavriya Sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı keçirilmişdir. Konfrans gənclər təşkilatının ötən iki ildə fəaliyyətinə yekun vuraraq gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət himnləri səslənmişdir.

Sonra RAGT-nin ötənilki irimiqyaslı fəaliyyətini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyeva tədbiri giriş sözü ilə açaraq uğurlu fəaliyyətinə və fəal mövqeyinə görə Rusiyanın azərbaycanlı gənclərinə minnətdarlığını bildirmişdir. Leyla Əliyeva demişdir ki, RAGT iki ildir fəaliyyət göstərir. Bu müddətdə xeyli iş görülmüş, kifayət qədər yaxşı nəticələr əldə edilmişdir. Leyla xanım demişdir: "RAGT-nin coğrafiyası daim genişlənir. İndi azərbaycanlı gənclər klubları təkcə Moskvada və Sankt-Peterburqda deyil, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda da mövcuddur. Təşkilatımız gənclərin həyatının bütün istiqamətlərini - idman, səhiyyə, təhsil və mədəniyyəti əhatə etməyə çalışır". Qurumun mühüm layihələrindən söz açan natiq qeyd etmişdir ki, RAGT-nin ən başlıca aksiyası "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır. Kampaniyanın məqsədi 1990-cı ilin fevralında baş vermiş, 613 dinc sakinin - qadınların, uşaqların, qocaların həyatına son qoymuş bu faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. RAGT-nin başçısı demişdir: "Xocalı Azərbaycan xalqının heç vaxt unutmayacağı ağrıdır. Əminəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Kampaniya çərçivəsində bütün qitələrdə tədbirlər həyata keçirilir: konfranslar təşkil olunur, kitablar nəşr edilir, filmlər çəkilir. Bu yolla Xocalı faciəsi haqqında həqiqətləri bilən insanların sayı durmadan artır.

Qurumun təhsilə və Azərbaycanın təbliğinə böyük diqqət yetirdiyini qeyd edən Leyla Əliyeva demişdir ki, RAGT Rusiya gənclərini, o cümlədən ölkədə yaşayan Azərbaycan gənclərini Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə getdikcə daha yaxından tanış edir. Sevindirici haldır ki, Rusiyanın bir çox regionlarında Azərbaycan bazar günü məktəbləri açılır. Yaxın günlərdə Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycan otağı açılacaqdır. Burada təkcə Azərbaycan gənclərinin nümayəndələrinə deyil, həm də maraqlanan bütün şəxslərə Azərbaycan haqqında informasiya təqdim olunacaqdır".

Bununla yanaşı, RAGT sağlamlığa və sağlam həyat tərzinə böyük diqqət ayırır. Artıq bir neçə ildir keçirilən "Qanın milləti yoxdur" aksiyası çərçivəsində qurumun könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan verirlər. Bu aksiya təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. RAGT həmçinin "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" aksiyası da təşkil edir. Bu aksiya çərçivəsində bütün arzu edənlər pulsuz müayinə olunurlar. Qurumun Birləşmiş Millətlər Təşkilatının İÇV/QİÇS üzrə birgə proqramı olan UNAIDS-lə müştərək layihəsi çərçivəsində RAGT-nin fəalları universitet və məktəblərdə QİÇS-ə dair maarifləndirmə işləri aparır, narkotiklərin, tütünün zərərindən söz açır, habelə müvafiq leksiyalarla regionları dolaşırlar.

RAGT idmana da xüsusi diqqət yetirir. Leyla Əliyeva bildirmişdir ki, dalbadal üçüncü ildir ki, Heydər Əliyev Kuboku uğrunda mini-futbol çempionatı keçirilir. O demişdir: "Çox xoşdur ki, çempionat iştirakçılarının sayı getdikcə artır və regionların nümayəndələri ona qoşulurlar". L.Əliyeva vurğulamışdır ki, qurum breyn-rinq komandasını dəstəkləyir, "Nə? Harada? Nə zaman?" oyunu üzrə çempionat və s. təşkil edir.

RAGT-nin sədri demişdir: "Xüsusi qeyd etmək istəyirəm ki, Rusiya ali məktəblərinin əksəriyyətində fəaliyyət göstərən Azərbaycan klubları müntəzəm olaraq tədbirlər təşkil edirlər. Mən belə təşəbbüslərə görə həmin tədbirlərin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Çünki bu illər ərzində Azərbaycan musiqisi, milli mətbəx günləri və s. keçirilmişdir. Bu gün Rusiyanın Azərbaycan klubları geniş fəaliyyətlərinə görə örnək ola bilərlər. Biz milli mədəniyyətimizi, adət-ənənələrimizi layiqincə təmsil etməyə çalışırıq, xalqımızın tarixi-mədəni irsinə məhəbbətlə, eyni zamanda, dünyanın mədəni müxtəlifliyinə hörmətlə yanaşırıq. Azərbaycan və Rusiyanı uzun illərdir mehriban qonşuluq və dostluq münasibətləri bağlayır. Xüsusi qeyd etmək lazımdır ki, "Eurovision" müsabiqəsində Azərbaycana ilk 12 balı məhz Rusiya vermişdir. Şəxsən mənim üçün bu, bir işarə, parlaq qələbənin carçısı oldu. Ölkən qalib gələndə duyduğun qürur və sevinc hisslərini heç nə ilə müqayisə etmək olmaz. Mən sizin hamınızı gələn il Azərbaycana - "Eurovision-2012"yə dəvət edirəm.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında bildirmişdir ki, RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim etmişdir. Diplomat demişdir: "Qurumun rəhbəri Leyla Əliyevanın fəal mövqeyi və təşkilatçılıq bacarığı sayəsində RAGT fəaliyyət göstərdiyi cəmi iki il ərzində ucsuz-bucaqsız Rusiya məkanında Azərbaycanın aydın səsinə çevrilmişdir". Səfir bildirmişdir ki, hazırda RAGT ictimai həyatın bütün sahələrində gənclər arasında qarşılıqlı münasibətlərin, ənənəvi Rusiya-Azərbaycan dostluq əlaqələrinin gələcək inkişafının əhəmiyyətli və lazımlı vasitəsinə çevrilmişdir.

Azərbaycanın gənclər siyasətindən və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasından söz açan gənclər və idman naziri Azad Rəhimov demişdir ki, RAGT-nin çoxşaxəli fəaliyyəti Rusiyanın sayı 170 mindən çox olan azərbaycanlı gənclərinin fiziki və mənəvi sağlamlığının dəstəklənməsinə yönəldilmişdir. A.Rəhimov vurğulamışdır ki, RAGT olduqca lazımlı və faydalı fəaliyyət formalarından istifadə edərək mədəni-maarif və sosial layihələr vasitəsilə vətəndaşlıq şüurunun inkişafına şərait yaradır. Nazir demişdir: "RAGT iki tərəfə hərəkəti olan körpüdür. Təşəbbüsünüzün uğur qazanmasında həm Azərbaycan, həm də Rusiya maraqlıdır".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov çıxışında Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan-Rusiya münasibətləri tarixinə qısa ekskurs edərək ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın Rusiya ilə münasibətlərə böyük qayğıyla yanaşdığını qeyd edən Elnur Aslanov demişdir: "İki ölkənin gəncləri arasında dövlətlərimizin başçıları İlham Əliyev və Dmitri Medvedev tərəfindən yüksək səviyyədə dəstəklənən bu münasibətləri bundan sonra da möhkəmləndirmək istiqamətində qarşıda böyük vəzifələr durur. Bu gün Rusiyanın azərbaycanlı gəncləri qarşısında elm, mədəniyyət və təhsil əlaqələrini möhkəmləndirmək üçün imkanlar açılır. Rusiyada tələbəlik təkcə təhsil potensialı deyildir, həm də Azərbaycan reallıqlarının qeyri-rəsmi səfiri olmaq deməkdir. Onlar ölkəmizin uğur va nailiyyətlərini Rusiyanın mədəni və elmi ictimaiyyətinə çatdırmalıdırlar. Şadam ki, RAGT son illər məhz bu missiyanı uğurla həyata keçirir".

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov qurumun idarə heyəti adından konfrans nümayəndələrinə ünvanlanmış müraciəti oxumuşdur. Müraciətdə RAGT-nin fəaliyyətinə və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadına yüksək qiymət verilmiş, həmçinin "Gənclər Sivilizasiyaların Alyansı uğrunda" qlobal hərəkatın yaradılması və inkişafı ideyasının reallaşmasına onun şəxsi töhfəsi vurğulanmışdır. E.İsgəndərov demişdir: "Zənnimizcə, həm RAGT-nin üzvləri, həm də bütün azərbaycanlı gənclər fəxr etməlidirlər ki, məhz Azərbaycan təmsilçisi Leyla Əliyeva Sivilizasiyalar Alyansının Gənclər Məsləhət Şurasına seçilmiş və İKT-nin 57 ölkəsini burada layiqincə təmsil edir.

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi - katibliyin rəhbəri Mixail Krotov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, "Yedinaya Rossiya" Partiyasının "Molodaya qvardiya" Ümumrusiya İctimai Təşkilatının Əlaqələndirmə Şurasının həmsədri Alyona Arşinova, Rusiyanın Gənclər və Uşaq Təşkilatları Birliyinin sədri Aleksandr Sokolov, habelə konfransın qonağı - Latın Amerikasının gənclər təşkilatlarının vitse-prezidenti Xulian Luqo Mendes azərbaycanlı gənclər təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək bildirmişlər ki, RAGT-nin uğurlarını, onun beynəlxalq proseslərə inteqrasiyasını böyük məmnuniyyətlə izləyirlər. Onlar qurumun sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfəsini xüsusi vurğulamışlar.

Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyindən, xalqımızın qəhrəmanlığından söz açan general-leytenant Aleksandr Volox demişdir: "Çox şadam ki, Azərbaycan sürətlə inkişaf edir". O, dövlətçiliyimizin təşəkkülündə və inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusi vurğulayaraq demişdir: "Bu gün çiçəklənən və inkişaf edən Azərbaycan hamımızı heyran edir. Lakin istənilən halda Azərbaycan gəncləri ölkənin ərazi bütövlüyünün pozulması ilə razılaşa bilməzlər. Gənclərin vəzifəsi bu ədalətsizliyə son qoyub, dövlətin suverenliyini bərpa etməkdir".

Natiqlər Azərbaycan duetinin "Eurovision-2011" mahnı müsabiqəsində möhtəşəm qələbəsi münasibətilə Azərbaycanı təbrik etmişlər.

RAGT-nin Moskva və regional gənclər təşkilatlarının nümayəndələri görülmüş işlərdən söz açmışlar.

Forumun birinci günü Petropavlovsk qalasında Azərbaycan və Rusiya estradası ulduzlarının iştirak etdikləri konsertlə başa çatmışdır.

İyunun 5-də forum işini təhsil, elm və mədəniyyət, sağlam həyat tərzi və idman, iqtisadiyyat, biznes və sahibkarlıq, beynəlxalq əməkdaşlıq, gənclər və KİV-lər seksiyalarında davam etdirmişdir.

Tavriya Sarayının foyesində "Azərbaycan" adlı fotosərgi açılmışdır. Konfrans iştirakçılarına və qonaqlara Heydər Əliyev Fondu tərəfindən nəşr etdirilmiş kitablar və disklər, "AMOR" ("RAGT") və "Baku" jurnallarının növbəti nömrələri paylanmışdır.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 7 iyun.- S.3.