Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Sankt-Peterburqda Nizami Gəncəvinin adını daşıyan bağın açılışında iştirak etmişdir

 

İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.

Leyla Əliyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq Administrasiyasının daha bir layihəsidir. O demişdir: "2002-ci il iyunun 9-da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt-Peterburqda abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt-Peterburqa hədiyyəsi olmuşdur. Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbini məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, fondun nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraqmentlər təsvir edilmiş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. Sankt-Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin adı verilmişdir. Göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, Heydər Əliyev Fondu və Sankt-Peterburq Administrasiyası gələcəkdə hələ xeyli maraqlı layihələr həyata keçirəcəklər.

Sankt-Peterburqda Nizamiyə abidə ucaldılmasının tarixçəsindən söz açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulamışdır ki, Şimal paytaxtının ziyalıları Böyük Vətən müharibəsinin ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə bu qayğıkeş münasibəti Azərbaycan xalqının heç vaxt unutmayacağını vurğulayan səfir Sankt-Peterburqda onun abidəsinin ucaldılmasında iştirak edənlərə və bu ideyanı dəstəkləyənlərə minnətdarlığını bildirərək demişdir: "Bu abidə və bağ Azərbaycan və Rusiya arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir".

Sankt-Peterburq hökumətinin Mədəniyyət Komitəsi sədrinin müavini Aleksandr Platunov sözügedən hadisənin Sankt-Peterburq sakinləri üçün əhəmiyyətindən, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsində oynadığı roldan söz açmışdır.

Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun müavini İlqar Hacıyev iki xalq arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün belə aksiyaların böyük əhəmiyyət daşıdığını vurğulamışdır.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bağın açılışını Şimal paytaxtında Azərbaycan icmasının həyatında əlamətdar hadisə adlandıraraq vurğulamışdır ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Rusiyada çeşidli layihələr həyata keçirir. Əfsanəvi Fərman Salmanovun abidəsinin, "Nevski pyatoçok" deyilən ərazidə qəhrəman azərbaycanlıların xatirəsinə stelanın ucaldılması belə layihələrdəndir. Bu gün isə Nizami Gəncəvinin adını daşıyan bağın açılışıdır. Dəstəyə görə şəhər administrasiyasına minnətdarlığını bildirən Q.Osmanov demişdir: "Abidə peterburqlulara hədiyyə edilmişdir, bağ da Azərbaycan xalqı adından şəhərlilərə hədiyyədir".

Sonra Leyla Əliyeva rəmzi lenti kəsərək dahi Azərbaycan şairinin abidəsi önünə çiçəklər qoymuşdur.

 

 

Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

Sankt-Peterburq

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 4.