YENİ AZƏRBAYCANIN GƏLƏCƏYİNƏ BAXIŞLAR

 

Biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!

 

Heydər ƏLİYEV

 

Biz müstəqilliyimizin 20 illiyini qeyd edirik. 20 il böyük tarixi mərhələdir. Mən hesab edirəm ki, birinci iki ili çıxmaq şərti ilə Azərbaycan 20 il ərzində çox uğurla və inamla inkişaf edib, ölkə qarşısında duran bütün vəzifələr icra edilib, ölkəmiz güclənib və dünya xəritəsində öz layiqli yerini tuta bilibdir.

 

İlham ƏLİYEV

 

Ötən əsrin sonlarına doğru soyuq müharibənin başa çatması ilə bağlı obyektiv tarixi proseslərin, habelə uzunmüddətli tarixi mücadilənin məntiqi yekunu olaraq 1991-ci ilin oktyabrında dövlət müstəqilliyinə qovuşan Azərbaycan xalqı bu möhtəşəm tarixin 20-ci ildönümünü təntənə ilə qeyd etməyə hazırlaşır. Respublikamızın ötən illərdə müstəqil dövlət kimi hərtərəfli inkişaf etməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi isə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri ilə sıx şəkildə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin hələ ölkəyə birinci rəhbərliyi dövründə - ötən əsrin 70-80-ci illərində azərbaycanlıların müstəqil düşüncə ətrafında birləşməsi, habelə gələcək müstəqil dövlət üçün hərtərəfli zəmin yaradılması imkanları genişlənmişdir. Həmin illərdə Azərbaycanda milli özünüdərk prosesinə əsaslı təkan verən taleyüklü qərarların qəbulu Heydər Əliyevin xalqına və dövlətinə qəlbən bağlı şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında da vurğulanır ki, "Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı".

Azərbaycan 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinin bərpasını deklorativ şəkildə bəyan etsə də, həqiqi müstəqilliyə məhz 1993-cü ilin iyunundan sonra - ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qovuşmuşdur. Məhz bu dövrdən başlayaraq respublikamız xaos və anarxiyadan qurtularaq davamlı tərəqqi və yüksəliş yoluna qədəm qoymuş, beynəlxalq səviyyədə maraqlarını təmin etmişdir. Ulu öndərin ən layiqli siyasi varisi olaraq bu siyasəti ötən 8 ildə uğurla davam etdirən və daha da zənginləşdirən Prezident İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmiş, respublikamızın bölgədə tam müstəqil siyasət yürütməsini təmin etmişdir.

Azərbaycanın ötən 20 ildə keçdiyi yola nəzər salmaq, bu və digər prosesləri obyektiv prizmadan təhlil edib dəyərləndirmək ümumən respublikanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmək baxımından vacibdir. Bu məqsədi önə çəkən "Azərbaycan" qəzetinin dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə təşkil etdiyi "dəyirmi masa"da Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli ƏHMƏDOV, Milli Məclis Sədrinin müavini Bahar MURADOVA, Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru Səlim MÜSLÜMOV, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət ASLANOVA, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Nizami CƏFƏROV, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar ƏLİYEV, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın MİRZƏZADƏ, Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İBRAHİMLİ və Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa QASIMLI iştirak etmişlər.

 

"Dəyirmi masa"nı giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- Hörmətli dəyirmi masa iştirakçıları!

Dövlət müstəqilliyi hər bir azərbaycanlı üçün ən böyük sərvətdir. Xalqımız əsrlər boyu həsrətində olduğu müstəqilliyi 20 il əvvəl bərpa edib, qoruyub saxlayıb, möhkəmləndirib. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü də vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Möhtərəm Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Xalqımız üçün bu qürur hissini yaradan, bu iftixar hissini verən odur ki, o artıq azad yaşayır, öz taleyinin sahibidir və Azərbaycan xalqının dünya xalqları içərisində imzası var".

Dövlət başçısı cənab İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamı da keçilən yolun qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Sərəncamda ötən dövrdə qət edilən şərəfli yola ümumi nəzər salınmaqla yanaşı, dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün ölkəmizdə dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunması, bununla əlaqədar "Tədbirlər Planı"nın təsdiqi məsələsi də əksini tapıb. Azərbaycanın istiqlal tarixinə böyük ehtiramın təzahürü olan həmin sərəncamda xüsusi vurğulandığı kimi, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.

Şübhəsiz, xalqımız bu müstəqilliyi çox ağır sınaqlardan, çətinliklərdən çıxararaq qorudu. Dövlət müstəqilliyinin saxlanılması və möhkəmləndirilməsi isə istisnasız olaraq ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Hamımıza yaxşı məlumdur ki, müstəqilliyin ilk illərində hakimiyyətdə xalqın etimad göstərdiyi legitim komandanın, yüksək idarəetmə keyfiyyətlərinə malik rəhbərin olmaması yeni müstəqil dövlətin gələcəyi ilə bağlı ciddi tərəddüdlər doğurmuşdu. 1991-ci ildən 1993-cü ilin iyununadək ölkədə sosial-iqtisadi böhran dərinləşmiş, ölkənin zəngin təbii sərvətlərindən milli inkişaf naminə məqsədyönlü istifadə edilməsi sahəsində ciddi problemlər yaranmışdı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışı ölkənin gələcəyi ilə bağlı qeyri-müəyyənliyi də aradan qaldırdı. Prezident İlham Əliyevin 28 may Respublika Günü münasibətilə təşkil olunan rəsmi qəbulda ulu öndərin tarixi xidmətlərini xüsusi diqqətə çəkdi: "Xalqın dəstəyi ilə Prezident vəzifəsinə seçilmiş Heydər Əliyev vəziyyəti yaxşılaşdırmaq və xoşagəlməz hallara son qoymaq üçün çox böyük səylər göstərmişdir. Demək olar ki, qısa müddət ərzində bütün xoşagəlməz hallara, bütün qanunsuz silahlı birləşmələrə son qoyuldu, onlar tərk-silah edildi, vətəndaş müharibəsi dayandırıldı, cəbhədə atəşkəs əldə olundu və bu, imkan verdi ki, Azərbaycan sürətli inkişafa qədəm qoysun".

Həmin dövrdə respublikada sabitliyin, hüquq qaydalarının bərpası paralel olaraq iqtisadi sahədə də radikal islahatların aparılmasına imkan verdi. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürdü və onu əsaslandırdı. Bu zaman böyük öndər respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə aldı. İctimai şüur səviyyəsində bazar iqtisadiyyatının tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmadı, sosialyönümlü bazar iqtisadiyyatı yolunu prioritet kimi önə çəkdi.

1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsində külli miqdarda investisiya yatırması Azərbaycana həm də ən müasir innovasiya və informasiya texnologiyalarını gətirdi. Yeni neft strategiyasının əsas hədəflərindən biri də hərtərəfli iqtisadi inkişaf üçün zəruri maliyyə mənbələri formalaşdırmaq, iqtisadi dividendləri qeyri-neft sektoruna, elmtutumlu istehsal sahələrinin yaradılmasına, bir sözlə, insan kapitalının formalaşdırılmasına yönəltmək idi. Əminliklə demək olar ki, ötən 18 ildə bu məqsədə tam nail olunub, Azərbaycanın neft strategiyası ölkənin bütün həyati əhəmiyyətli sahələrində yüksəliş və tərəqqini təmin edib.

1996-2003-cü illlərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar aparıldı. Bazar iqtisadiyyatı prinsiplərini bərqərar edən qanunlar qəbul olundu, struktur islahatları aparıldı. Torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Ölkədə özəlləşdirmə prosesi uğurla başa çatdı, orta sahibkarlar sinfi formalaşdı, ümumi daxili məhsul ildən-ilə artmağa başladı. Bütün bunlarla paralel dövlət öz vətəndaşlarının sosial problemlərinin həlli istiqamətində də inamlı addımlar atdı.

Ulu öndər Heydər Əliyev siyasi və hüquqi müstəvidə də bir sıra mühüm nailiyyətlərə imza atdı. 1994-cü ildə atəşkəsin elan olunması Azərbaycana nizami ordu quruculuğu yönümündə islahatlar aparmağa imkan verdi. Azərbaycan bu sahədə bir çox ölkələrlə, o cümlədən NATO ilə sıx əməkdaşlığa başladı. Eyni zamanda təşkilatın tribunasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri açıq bəyan etdi, təcavüzkarın ifşasına nail oldu.

Ulu öndərin rəhbərliyi altında aparılan xarici siyasət sayəsində Azərbaycanın dünyanın bir sıra aparıcı dövlətləri, o cümlədən qonşu ölkələrlə münasibətləri sahmana salındı. Diaspor və lobbi quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. Avrostrukturlara inteqrasiya kursu seçən respublikamız Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurdu. Nəticədə bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir.

 Ulu öndər Heydər Əliyev müstəqilliyi möhkəmləndirmək üçün sərt addımlara əl atmaqla yanaşı, siyasi və hüquqi liberallaşmanı da vacib sayır, demokratikləşmə istiqamətində davamlı tədbirlər həyata keçirirdi. 1995-ci ildə Azərbaycanın ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda hakimiyyətin bölgüsü prinsipi tətbiq olundu. Bu Azərbaycanın demokratik yolla inkişaf edəcəyinə etibarlı hüquqi zəmin idi. Sonrakı mərhələdə məhkəmə, polis, prokurorluq, ədliyyə orqanlarında yeni dövrün tələbi ilə səsləşən islahatlar həyata keçirildi. 2002-ci ildə Konstitusiyaya referendum yolu ilə edilmiş dəyişikliklər də Azərbaycanda insan hüquq və azadlıqlarına etibarlı zəmin hazırlamaq məqsədi güdürdü.

Bəli, müstəqil Azərbaycan bu 20 ildə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini mətinliklə geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir. Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Qürur doğuran haldır ki, müstəqil Azərbaycan bu gün bütün regional məsələlərdə əsas oyunçulardan biridir. Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilməz. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar.

Təbii ki, ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısında misilsiz xidmətləri barədə saatlarla danışmaq olar. Bir cümlə ilə onu qeyd etmək olar ki, müstəqil Azərbaycanın qazandığı bütün nailiyyətlərin səbəbkarı məhz xalqımızın iftixarı olan ümummilli lider Heydər Əliyevdir!

Ulu öndər uzaqgörən siyasətçi kimi Azərbaycanı özündən sonra layiqincə idarə edəcək lideri də yetişdirdi. Bu gün Azərbaycan ölkə vətəndaşlarının tam etimad bəslədiyi, özünə alternativsiz lider olaraq gördüyü Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir, özünün intibah dövrünü yaşayır. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamda qeyd olunduğu kimi, "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir".

Nüfuzlu maliyyə təşkilatları, beynəlxalq qurumlar açıq etiraf edir ki, Azərbaycan inkişaf etmiş dövlətlərin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini bir neçə ildə sürətlə geridə qoyub. Ötən əsrin 90-cı illərinin əvvəllərində iqtisadiyyatı tamamilə dağılan, sosial-iqtisadi, siyasi sahədə ciddi problemlərlə üzləşən respublikamız bu gün planetimizin sürətlə inkişaf edən dövlətlərindən biri kimi tanınır. Möhtərəm Prezident hələ Bakı Dövlət Universitetinin 2008-ci ilin noyabrında keçirilən 90 illik yubileyindəki dərin məzmunlu çıxışında bəyan etdi ki, Azərbaycanda iqtisadi sahədə keçid dövrü başa çatıb.

Xüsusən də 2008-ci ildən əksər dünya dövlətlərini iflic edən maliyyə-iqtisadi böhranın Azərbaycana ciddi təsir göstərməməsi nüfuzlu beynəlxalq maliyyə qurumlarında ölkəmizin milli inkişaf modelinin formalaşması ilə bağlı müzakirələrə rəvac verib. Əlbəttə, belə bir qənaətin formalaşması, ilk növbədə, respublikamızın əldə etdiyi sosial-iqtisadi uğurlarla şərtlənir. Məsələn, son 8 ildə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 5 dəfə azalaraq 49 faizdən 9,1 faizə enib, 900 mindən artıq yeni iş yeri açılıb.

Bu günlərdə Milli Məclisdə dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq qəbul edildi. Fəxarət hissi ilə deyə bilərik ki, ilin əvvəllərindən Azərbaycanın büdcəsi 3,5 milyard manat artıb. Bu, bəzi qonşu ölkələrin, o cümlədən təcavüzkar Ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur. Dövlət büdcəsinin artımı ilə əlaqədar yaxın perspektivdə büdcədən maliyyələşən strukturlarda çalışanların əməkhaqqının, habelə pensiyaların artırılması nəzərdə tutulur. Bütün bunlar müstəqilliyin uğurlu bəhrələri kimi vətəndaşlar tərəfindən də razılıqla, rəğbətlə qarşılanır. Mütləq əksəriyyət əmindir ki, respublikamız Prezident İlham Əliyevin rəhbərliyi altında yaxın illərdə daha da inkişaf edəcək, müstəqilliyini möhkəmləndirəcək, mövcud problemlərinin öhdəsindən uğurla gələcək. Möhtərəm Prezident İlham Əliyev bu missiyanı belə dəyərləndirir: "Bu siyasətin bir məqsədi var ki, Azərbaycan xalqının və dövlətinin maraqları tam şəkildə təmin edilsin, dünyadakı rolumuz, imkanlarımız artsın və Azərbaycan daha da güclü dövlətə çevrilsin".

Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı "Azərbaycan" qəzetinin təşkil etdiyi "dəyirmi masa"nın bütün iştirakçılarını salamlayıram. İnanıram ki, bugünkü "dəyirmi masa" müstəqillik illərində keçilən çətin və şərəfli yola ümumi nəzər salmaq, uğurları və çatışmazlıqları obyektiv dəyərləndirmək baxımından son dərəcə faydalı olacaqdır.

Şübhəsiz, Azərbaycanın son illərdə əldə etdiyi möhtəşəm nailiyyətlər möhtərəm Prezident İlham Əliyevin yeni dövrün tələblərinə cavab verən praqmatik liderlik keyfiyyətləri, zamanın nəbzini tutmaq məharəti ilə bilavasitə bağlıdır.

Bu mövzuda danışmaq üçün söz Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli ƏHMƏDOVa verilir.

 

Əli ƏHMƏDOV:

- Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında sərəncam imzalayıb. Sənədə əsasən Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunacaqdır. Bu qəbildən olan ilk "dəyirmi masa"nın "Azərbaycan" qəzetində təşkil olunmasını müsbət qiymətləndirirəm. Bütövlükdə, ölkəmizdə dövlət müstəqilliyimizin bərpası ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi təşəbbüsünü yüksək dəyərləndirirəm.

Əvvəlcə, dövlət müstəqilliyi anlayışına və onun bugünkü Azərbaycan reallıqları ilə əlaqəli problematikasına münasibət bildirmək istəyirəm. İlk növbədə ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı söylədiyi fikirlərə diqqət yönəldək. Ulu öndər deyirdi ki, "Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir". Bu fikirlər Azərbaycanın dövlət müstəqilliyi anlayışına Azərbaycan xalqının özünüifadə və təsdiq şansı kimi baxmağa imkan yaradır. Müstəqillik kifayət qədər böyük məzmuna, məna tutumuna və yükünə malik olan milli-mənəvi dəyərdir. Bu mənada, müstəqilliyi hər şeydən əvvəl milli-mənəvi dəyər kimi qiymətləndirirəm. Müstəqillik şəraitində istənilən toplum, etnos, millət, xalq özünü ifadə edə bilir. Müstəqillik əldə etmiş xalqlar özünün milli-mənəvi dəyərlərini, əxlaqını, məfkurəsini, dünyagörüşünü formalaşdırır və bunu reallaşdırmaq imkanı qazanır. Ancaq milli müstəqilliyə yalnız əxlaq kateqoriyasından yanaşmaq düzgün olmazdı. Müstəqillik anlayışının başqa bir məzmun çalarlarını da qeyd etmək istərdim. Bu da ondan ibarətdir ki, müstəqillik Azərbaycan xalqına özünün taleyinə və sərvətlərinə sahib olmaq imkanı yaratdı. Bu, müstəqilliyin ən vacib parametrləri sırasındadır.

Möhtərəm Prezident İlham Əliyev 28 may Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda demişdir: "1993-2003-cü illər Azərbaycan üçün, dövlətçiliyimiz üçün həlledici illər olmuşdur. O illərdə əldə edilmiş uğurlar bu gün də bizə imkan verir ki, ölkəmizi inamla irəliyə aparaq, bu siyasəti davam etdirək və qarşıda duran bütün vəzifələri layiqincə icra edək".

Azərbaycan xalqı dövlət müstəqilliyini bərpa etdikdən sonra birincisi, öz taleyinin sahibi olub, bu əlverişli imkandan 20 il ərzində istifadə edib. İkincisi, Azərbaycan xalqı zəngin sərvətlərinin sahibi olub. Düzdür, Azərbaycan öz maraqlarını müstəqillikdən əvvəlki illərdə də müəyyən dərəcədə ifadə etmək imkanına malik idi. Yəni milli sərvətlərindən az da olsa, faydalana bilirdi. Bütövlükdə isə taleyinin sahibi olmaq üçün dövlət müstəqilliyni bərpa etmək lazım idi. Bu tarixi imkandan Azərbaycan xalqı 1991-ci ildə istifadə etdi.

Müstəqillik anlayışının digər parametrini də qeyd etmək istəyirəm. Bu inkişaf faktoru ilə bağlı məsələdir. Hər bir xalqın, millətin inkişaf imkanları onun müstəqilliyi ilə birbaşa bağlıdır. Bunlar arasında çox ciddi asılılıq mövcuddur. Milli inkişaf milli müstəqillik anlayışından kənarda mövcud deyil. Azərbaycan xalqının da toplum və dövlət halında birləşmiş bir millət olaraq inkişafı dövlət müstəqilliyimizin bərpasının nəticəsidir. Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı birbaşa milli müstəqilliyinin ifadəsidir. Bu inkişafı milli müstəqilliyimizin nəticəsi kimi dəyərləndiririk.

Müstəqilliyin milli birləşdirici faktor olması məsələsinə də xüsusi diqqət yetirmək lazımdır. Burada ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin üzərində xüsusi dayanmaq istəyirəm. Azərbaycanın müstəqillik üzərində qərar tutan birləşdiricilik hərəkatı ulu öndərin açıq şəkildə vurğuladığı azərbaycançılıq məfkurəsinə söykənir. Azərbaycanın müstəqilliyi fonunda formalaşan birləşdiricilik hərəkatı təkcə müstəqil Azərbaycan dövləti çərçivəsində özünü təsdiqləmir. Müstəqilliyin bərqərar olması, möhkəmlənməsi, dönməzliyinin təmin edilməsi Azərbaycanda milli birliyin və həmrəyliyin bərqərar olmasından keçir. Bu nailiyyətlərdən biri də Azərbaycanda milli birliyin təmin olunması ilə bağlıdır. Müstəqil Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların Vətənidir. Dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin ardıcıl şəkildə həyata keçirilməsi bugünkü uğurlarımızı şərtləndirmişdir. Bakı şəhərində dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi dünyada yaşayan azərbaycanlıların azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir.

Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Heydər Əliyevin fəlsəfi baxışlarına görə azərbaycançılıq milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Xalqımızın milli-mənəvi dəyərlərini həm müdafiə etməyi, həm də qoruyub saxlamağı bacaran, dövlətlə vətəndaşların mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi və vahid sosium üçün uğurlu təməldir.

Hər bir məsələdə ulu öndərin ideyalarına tapınan Azərbaycan Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Ölkə başçısı İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.

Prezident İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda, hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır.

Yeni dövrün lideri olaraq Prezident İlham Əliyev üzərinə düşən missiyanı uğurla həyata keçirməkdədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ciddi elmi əsaslara söykənən sosial-iqtisadi strategiya 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilmiş cənab İlham Əliyev Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, bütün həyati əhəmiyyətli sahələrdə proqressiv islahatları təmin etməklə ölkə vətəndaşlarının böyük rəğbətini qazanmış, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirmişdir. Cənab İlham Əliyev 2003-cü ildəki prezident seçkiləri zamanı verdiyi bütün vədlərə sadiq qaldığını əməli işləri ilə təsdiqləmişdir. Bütün sahələrdə əldə olunan yüksək nəticələr buna əyani misal ola bilər.

Azərbaycanın yeni dövründə hər bir ölkə vətəndaşının rifah halının yaxşılaşdırılmasına yönəlmiş çoxsaylı tədbirlər bugünkü uğurlarımıza şərait yaratmışdır. Respublikamızın sürətli iqtisadi inkişafına yönələn dövlət proqramlarının qəbul edilməsi və uğurla icrası qarşıya qoyulan vəzifələrin layiqincə yerinə yetirildiyini təsdiq edib. Prezident İlham Əliyevin Azərbaycanın müasirləşməsi ilə bağlı genişmiqyaslı fəaliyyəti də diqqəti cəlb edir. Ölkə başçısı Azərbaycanın inkişafını sadəcə olaraq rəqəmlərin böyüməsində yox, insanların həyat şəraitinin keyfiyyətcə yaxşılaşmasına gətirib çıxaran genişmiqyaslı işlərin həyata keçirilməsində görür. Ölkəmizdə sürətli sosial-iqtisadi inkişafa adekvat olaraq insanların maddi rifah halı günü-gündən yaxşılaşır. Azərbaycanın malik olduğu sərvətlərdən dövlətin, xalqın maraqlarına uyğun olaraq istifadə edilməsi aparılan uğurlu siyasətin nəticələridir. Son 8 ildə paytaxtımızda və regionlarda böyük infrastruktur layihələrinin həyata keçirilməsi, əhalinin məşğulluğunun təmin edilməsi, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır.

Prezident İlham Əliyev 28 may Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda demişdir: "Tarixdə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard dollardan çox olacaqdır. Bu, çox böyük nailiyyətdir, böyük göstəricidir. Nəzərə alsaq ki, 2003-cü ilin dövlət büdcəsi cəmi 1,2 milyard dollar idi, biz əyani şəkildə görərik ki, son 7-8 ildə bu istiqamətdə böyük işlər görülmüşdür. Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın".

Ulu öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə çevrilmişdir. Bu kursu layiqli şəkildə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Yeni dövrün lideri olan Prezident İlham Əliyevin fəaliyyətində Azərbaycanın gələcəyinə ünvanlanmış əhəmiyyətli bir məqamı da qeyd etmək lazımdır. Bu da modernləşdirmə siyasətində özünü büruzə verir. Azərbaycanın gələcəyə hazırlanması, ölkə vətəndaşlarının həyat səviyyəsinin gələcək həyatın tələblərinə uyğun şəkildə təmin edilməsi Azərbaycanın modernləşmə siyasətinin həyata keçirilməsini bir vəzifə olaraq ortaya qoyur. Prezidentin həyata keçirdiyi siyasətdə Azərbaycanın modernləşməsi qırmızı xətt olaraq özünü göstərir.

Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət olaraq dünya miqyasında tanıdılması istiqamətində də ardıcıl iş aparır. Cənab İlham Əliyev Azərbaycanı həm ölkə daxilində, həm də regional və beynəlxalq səviyyədə ləyaqətlə təmsil edir. Bu faktor müasir dövrün liderliyini səciyyələndirən başlıca cəhətlərdən biridir. Hər bir dövlət müstəqil dövlət kimi fəaliyyət göstərərkən eyni zamanda dünya birliyinə inteqrasiya etmək qabiliyyətini ortaya qoyur. Müasir dünyaya inteqrasiya etmədən iqtisadiyyatı müasir dünyanın çağırışlarına uyğun şəkildə qurmaq mümkün deyil. Bu mənada ölkə başçısı İlham Əliyev Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atır. Aparılan uğurlu siyasət nəticəsində Azərbaycanı dünyada tanıyır və qəbul edirlər. Azərbaycanın mədəniyyət, idman sahəsində əldə etdiyi nailiyyətlər də son vaxtlar ölkəmizin dünya miqyasında daha yaxşı tanıdılmasında mühüm rol oynayıb. Bu yaxınlarda "Evrovision-2011" mahnı müsabiqəsində Azərbaycan ifaçılarının böyük qələbəsi Azərbaycanı dünya birliyinə bir toplum və onu ifadə edən dövlət olaraq inteqrasiyasının bariz nümunəsidir.

Bütün bunlar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərərindən uğurla davam etdirilməsi nəticəsində mümkün olmuşdur. Bu, Azərbaycanın müasirləşməsi yolu ilə dünya birliyinə ciddi şəkildə inteqrasiya etməsi siyasətinin uğurları və nailiyyətləridir. Hesab edirəm ki, Azərbaycanın yeni dövrünün lideri missiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində dövlət müstəqilliyimiz daha da möhkəmlənəcək, ölkəmizin dünyada rolu və əhəmiyyəti artacaqdır.

 

Bəxtiyar SADIQOV: - Hər bir dövlətin taleyində irs-varislik əlaqəsi mühüm yer tutur. Bugünkü müstəqil Azərbaycan da ötən əsrin əvvəllərində cərəyan edən hadisələrin məntiqi yekunu kimi elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Cümhuriyyət mövcud olduğu 23 ay ərzində xalqın müstəqil yaşaması, dövlətçilik atributlarının formalaşdırılması istiqamətində mühüm işlər həyata keçirməyə nail oldu. Bütün bunlar barədə məruzə etmək üçün söz Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İBRAHİMLİyə verilir.

 

 Fəzail İBRAHİMLİ:

- Hesab edirəm ki, bu "dəyirmi masa" dövlətçiliyimizə, müstəqilliyimizə özəl bir münasibət olmaqla yanaşı, həm də bu dövləti qurmaq üçün canlarını qurban vermiş insanların ruhuna hörmətin ifadəsidir.

Birinci Dünya müharibəsi elə bir ictimai-siyasi mühit yaratdı ki, millətlərin müqəddəratını təyin etməsi uğrunda mübarizəyə qalxması zamanın tələbinə çevrildi. Ya ayağa qalxıb müqəddəratını özün həll etməli, ya da digər millətlərin təsiri altına düşməli idin. Rusiyanın və Avropanın qabaqcıl təhsilinə və düşüncələrinə sahib olmuş cümhuriyyət liderləri bu tarixi məsuliyyəti dərk edib ayağa qalxdılar və Azərbaycanın dövlət müstəqilliyini elan etdilər. Beləliklə, millətin taleyində mühüm hadisəyə çevrilən bu addım nəticəsində milli dövlətçiliyimiz bərpa edildi. Öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan cümhuriyyət tarixi milli ərazimizə və milli sərvətlərimizə sahib durdu.

Beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrilən Azərbaycan Xalq Cümhuriyyəti bütün dünyaya nümunə olaraq ciddi addımlar atdı. Belə ki, dilindən, dinindən, irqindən asılı olmayaraq respublika ərazisində yaşayan bütün xalqların və millətlərin hüquq bərabərliyinə hörmət, bütün xarici dövlətlərlə və qonşu xalqlarla əmin-amanlıq şəraitində yaşamağı özünün həyat prinsipinə çevirdi.

Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik respublika cəmi 23 ay yaşadı. Azərbaycanın siyasi taleyi Paris sülh konfransına rəhbərlik edən, ümumiyyətlə dünyanın siyasi xəritəsinin yenidən müəyyən edilməsində əsas söz sahibi Vilsonun sülh prinsiplərində əksini tapmışdı. V.Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdikdə (1919-cu il 28 may) bu prinsipləri irəli sürmüşdü:

1. Amerikalılar dünyanı kiçik hissələrə bölmək istəmirlər;

2. Əgər Azərbaycan Qafqaz Federasiyası yaratmaq fikrinə qoşulsa, bu onun üçün yaxşı olar;

3. Bu Konfederasiya Millətlər Cəmiyyətinin təklifi ilə hər hansı bir dövlətin köməyinə arxalana bilər;

4. Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz.

Məhz Azərbaycanla bağlı aparılan belə xarakterli siyasət Cümhuriyyətin süqutunu şərtləndirən əsas səbəbə çevrildi. İstər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də onun varisi olan müstəqil Azərbaycan, onun daxili və xarici siyasəti, əldə etdiyi uğurlarla bağlı kifayət qədər əsərlər yazılıb, tədqiqat işləri aparılıb. Respublikanın hər bir vətəndaşı bu sahədə kifayət qədər məlumatlıdır. Odur ki, mən əsas diqqəti bir neçə məqama yönəltmək istərdim. Bunlar Cümhuriyyətə və bugünkü müstəqil Azərbaycana böyük dövlətlərin münasibəti, Cümhuriyyət və müstəqil Azərbaycanın üzləşdiyi eyni xarakterli problemlər və Cümhuriyyətin həll edə bilmədiyi problemlərin layiqli varisi tərəfindən həllidir.

Cümhuriyyətə qarşı dünya dövlətlərinin laqeyd münasibəti bu gün müstəqil Azərbaycana qarşı da davam edir. Belə ki, BMT-nin 4 məlum qərarının icra edilməməsi, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartdan yanaşma, Ermənistanı işğalçı dövlət kimi tanımaqdan imtina fikrimizi təsdiqləyir.

Yarandığı gündən özünün xarici siyasətində mehriban qonşuluq münasibətini əsas tutan Cümhuriyyət Ermənistanla daim münaqişə vəziyyətində yaşamalı oldu. Hətta sonda ermənilər Dağlıq Qarabağda qiyam qaldırmaqla müstəqil Azərbaycan dövlətinin bolşevik Rusiyası tərəfindən işğalına rəvac verdilər. Bu gün də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məhz yeridilən həmin siyasətin bilavasitə davamıdır.

Vaxt və zaman məhdudiyyəti Cümhuriyyətə torpaq məsələsinin həllinə və Konstitusiyanın qəbuluna imkan vermədi. Bu tarixi missiya onun layiqli davamçısı müstəqil Azərbaycan tərəfindən uğurla həyata keçirildi. Özünün sərvətlərinə sahib duran Cümhuriyyət neftini dünya bazarına çıxara bilmədi. Bu gün müstəqil Azərbaycan regionun və dünyanın enerji sistemində özünəməxsus yer tutur. Cümhuriyyət dövründə bütün maddi çətinliklərə baxmayaraq, 100-ə qədər tələbə xaricə təhsil almağa göndərildi. O zaman ümidləri boşa çıxsa da, bu gün xaricdə təhsil alan, Avropanın aparıcı ali məktəblərini bitirən gənclərimiz cəmiyyət həyatının inkişafında yaxından iştirak edirlər.

Cümhuriyyətin yarandığı gündən üzləşdiyi problemləri sovet imperiyasından xilas olan müstəqil Azərbaycan da yaşamalı oldu. Belə ki, 90-cı illərin əvvəllərində daxili çəkişmə, hakimiyyət uğrunda mübarizə, xarici amillər Azərbaycan dövlətini parçalanmaq təhlükəsi qarşısında qoymuşdu. Məhz bu zaman ümummilli lider Heydər Əliyevin xalq tərəfindən hakimiyyətə dəvət edilməsi Azərbaycan dövlətini parçalanmaq təhlükəsindən xilas etdi. Aparılan daxili və xarici siyasət nəticəsində müstəqil Azərbaycan dövləti güclənərək regionda söz sahibinə çevrildi.

Bu gün Azərbaycan hərbi qüdrəti, iqtisadi gücü ilə dünyanın diqqətini özünə cəlb edir. Regionların sosial-iqtisadi inkişafı proqramının həyata keçirilməsi nəticəsində respublika tamamilə libasını dəyişib. Artıq Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Beynəlxalq enerji sistemində Azərbaycanın inkişafı müstəqil Azərbaycanın apardığı xarici siyasətin ən uğurlu addımlarından biridir.

Dağlıq Qarabağ problemi ilə Azərbaycana təsirini gücləndirmək və respublikanın ümumi işinə təsir göstərmək istəyənlərin arzusu gözündə qalıb. Bu məsələdə respublika Prezidenti İlham Əliyevin birmənalı qətiyyətli mövqeyi Azərbaycana Dağlıq Qarabağla təsir etmək istəyənlərin ümidlərini boşa çıxarıb.

Vaxtilə babalarımız "Yox millətimin imzası imzalar içində" deyə-deyə dünyalarını dəyişdilər. Bu gün isə tam məsuliyyətlə demək olar, ruhunuz şad olsun, dünyanın ən uca bayrağı Azərbaycanda dalğalanır. Azərbaycan dünyanın ən mötəbər təşkilatlarının üzvüdür, müstəqilliyimiz əbədidir, dönməzdir. Var millətimin imzası imzalar içində!

Bəxtiyar SADIQOV: - Hamımıza yaxşı məlumdur ki, ulu öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə respublikamızın gələcək müstəqilliyinə zəmin yaradan bir sıra tədbirlər həyata keçirirdi. Həmin illərdə formalaşan iqtisadi, mədəni, ideoloji, siyasi zəmin əsrin sonlarına doğru Azərbaycanın dövlət müstəqilliyinin bərpasına imkan verdi. Bütün bunlar barədə danışmaq üçün söz Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa QASIMLIya verilir.

 

Musa QASIMLI:

- Cənubi Qafqazdan Müəssislər Məslisinə seçilmiş deputatların Tiflisdə qurduqları Transqafqaz Seymi 1918-ci ildə dağıldı. Mayın 28-də Azərbaycanın dövlət müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Bu zaman dövlətin qurulması üçün lazım olan bütün maddi şərtlər - ərazi və əhali var idi. Hökumət də quruldu. Xanlıq kimi Rusiyanın tərkibinə qatılmış Azərbaycan onun tərkibindən vahid bir dövlət və xalq kimi çıxdı. Müsəlman Şərqində ilk demokratik respublika quruldu. XX əsrdə Azərbaycan xalqı ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Lakin bu Cümhuriyyətin ömrü 23 ay oldu. Bolşevik Rusiyası tərəfindən Azərbaycan 1920-ci ilin aprelində işğal edildi. Azərbaycan SSR quruldu. Şübhəsiz, Azərbaycan Cümhuriyyəti qurulmasaydı, onda heç Azərbaycan SSR də olmayacaqdı.

İşğaldan sonra Cümhuriyyət qurucuları terrorun qurbanı oldular, mühacirət etdilər. Onlar xarici ölkələrdə qurduqları təşkilat, qəzet və jurnallarda istiqlal ideyasının unudulmasına imkan vermədilər. SSRİ daxilində isə 20,

40-cı illərdə istiqlal düşüncəsinin daşıyıcıları daim təqiblərə məruz qaldılar. Ağır sürgünlər, həbsxanalar və repressiyalar milli düşüncəni amansızlıqla məhv edirdi. Sovet lideri Stalinin ölümündən sonra 50-ci illərdə ölkədə milli inkişaf baxımından müəyyən yumşalmalar baş verdi. Bunlar müsbət meyillər idi.

1969-cu ildə Azərbaycanın sovet tarixində mühüm bir mərhələ başladı. Respublikada hakimiyyət başına gələn Heydər Əliyev Azərbaycan xalqını tarix boyu düşündürən problemlərinin həllinə xüsusi diqqət yetirməyə başladı. Şübhəsiz, 60-70-ci illər sovet hakimiyyəti illəri idi. Ölkədə kommunist ideologiyası hökmranlıq edirdi. Demək olar ki, hər şeyi mərkəz həll edirdi. Ölkə və respublika konstitusiyasında təsbit edilməsinə baxmayaraq, Azərbaycanın hüquqları xeyli məhdud idi.

Azərbaycan xalqının qarşısında duran başlıca məsələlərdən biri hakimiyyət daxilində, xalq ilə hakimiyyət arasında birliyin olmaması idi. Sovet hakimiyyətinin bütün əvvəlki illərində Azərbaycan xalqı bundan daim əziyyət çəkmişdi. Belə vəziyyət nəticəsində Azərbaycana qarşı sərt qərarlar qəbul edilmişdi. Hakimiyyətə gələn Heydər Əliyev hakimiyyət daxilində intriqalara son qoydu, Azərbaycan siyasi elitasını birləşdirdi. Respublika hakimiyyəti daxilində yekdillik, fikir birliyi yarandı. Xalq ilə hakimiyyət arasında birlik möhkəmləndirildi. Digər sovet respublikalarında hakim millətin nümayəndələri vəzifələrə daha çox yerləşdirildikləri halda, Azərbaycanda yerli kadrlara üstünlük verildi. Bu, xarici ölkələrdə çap edilən əsərlərdə yazıldığı kimi, Heydər Əliyevin uğurlarının və respublikanın inkişafının başlıca səbəblərindən biri oldu.

Bütün əvvəlki dövrlərdə Azərbaycan xalqını düşündürən problemlərdən biri məktəblər açmaq, savadsızlığı ləğv etmək, ali təhsilli kadrlar, mütəxəssislər hazırlamaq idi. Çarizmin hakimiyyəti illərində Azərbaycanda müstəmləkə siyasətini həyata keçirmək üçün azsaylı məktəblər açılmışdı. Hansı məqsədlər daşımasından asılı olmayaraq, bu, Azərbaycan xalqının həyatında müsbət rol oynadı. Təhsilli adamlar maarifi yayır, xalqın cəhalətdən xilas olmasında mühüm rol oynayırdılar. Sovet hakimiyyəti illərində Azərbaycanda savadsızlıq ləğv edildi. Lakin məktəblər kəndlərdə şəxsi evlərdə yerləşirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda məktəb tikintisi işlərinə başlandı. Hətta ən ucqar kəndlərdə məktəb binaları tikildi. 70-ci illər Azərbaycanda təhsilin və elmin inkişafı illəri oldu. Ali təhsilli müəllim kadrları hazırlandı. Azərbaycan kəndi bir mədəni intibah dövrü keçirdi. Təhsilin kütləviliyinə nail olundu.

Azərbaycanlılar ölkənin ən qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərildilər. Azərbaycan beynəlxalq elmi məclislərin keçirildiyi bir respublikaya çevrildi. Azərbaycan xalqını düşündürən problemlərdən biri mədəni, tarixi irsi qorumaq, inkişaf etdirmək, zənginləşdirmək olmuşdu. Mədəni inqilab illərində Azərbaycan xalqına məxsus bir sıra tarixi və mədəni abidələr dağıdılmışdı. Ümumi sovet mədəniyyəti, sovet xalqı və vahid sovet tarixi yaradan maşın aramsız işləyirdi. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanda tarixi və mədəni abidələrin qorunması istiqamətində ciddi tədbirlər həyata keçirildi. Bərpa işləri genişləndirildi. Rayonlarda tarix-diyarşünaslıq muzeyləri açıldı. Tarixin öyrədilməsinə xüsusi diqqət yetirildi.

Azərbaycan xalqını düşündürən problemlərdən biri milli-mənəvi və dini dəyərlərin qorunması idi. Hələ çarizm dövründə Azərbaycan xalqının milli-mənəvi dəyərləri mütəmadi olaraq gözdən salınırdı. Eyni siyasət sovet dövründə də davam etdirilirdi. 20-30-cu illərdə Azərbaycan xalqı soy-kökündən ayrı salınmış, görkəmli ziyalılar pantürkçü, tunaçı, türkçü kimi adlar altında repressiya edilmişdilər. Milli adət-ənənələr sıxışdırılırdı. Novruz bayramı, "Kitabi Dədə Qorqud" qadağan edilmişdi. İslam dini sıxışdırılırdı. Dini bayramlar qadağan edilmişdi. 50-ci illərin ortalarından etibarən belə münasibət qismən yumşalsa da, problemlər hələ qalırdı. Hakimiyyətə gələn Heydər Əliyev milli adət-ənənələrin qorunması sahəsində mühüm addımlar atdı. Novruz bayramı geniş qeyd edilməyə başlandı. Azərbaycan xalqının milli ruhu yüksəldi. "Kitabi Dədə Qorqud" dastanına dair araşdırmalar çoxaldı, hətta BDU-da ixtisas kursları tədris edilməyə başlandı.

Ulu öndər Heydər Əliyev 22 sentyabr 1993-cü ildə həmin dövrü xatırlayarkən deyirdi: "Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır. Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım".

Tarix boyu Azərbaycan xalqını düşündürən məsələlərdən biri də əsərlərində daim milli ruhu qoruyan, istiqlal fikrini saxlayan şair, yazıçı və alimlərin təqib edilməsi olmuşdu. Heydər Əliyev onları himayəsinə alaraq mərkəzin sərt təqiblərindən qorudu. O, Azərbaycan ədəbiyyatının qoruyucusu oldu. Yaradıcı ziyalılar xalqın milli ruhunun qorunmasında müstəsna rol oynadılar. Onlar dövlətin yüksək mükafatları ilə təltif edilərək mühafizə olundular. Azərbaycan ədəbi irsinə qayğı göstərildi. 20-30-cu illərdə repressiya edilmiş ədəbiyyat xadimlərinə bəraət verildi. Dahi mütəfəkkir Hüseyn Cavidin məzarı uzaq Sibirdən doğulduğu Naxçıvana gətirildi. Bu, sadəcə bir məzarın gətirilməsi olmayıb, türk ruhunun vətənə qaytarılması idi. Bununla Azərbaycan rəhbəri Naxçıvanı ümumi vətən hesab edilən SSRİ-dən uca tuturdu.

Azərbaycan xalqını düşündürən problemlərdən biri də ana dilinin qorunması idi. Sovet hakimiyyəti illərində əhalisinin əksəriyyətinin azərbaycanlılar olmasına baxmayaraq, Azərbaycan dilinə bərabər münasibət bəslənilmirdi. 1921-ci il konstitusiyasında ana dilinin statusu təsbit edilmişdi. 1937-ci il konstitusiyasında isə ana dili haqqında maddə yox idi. 1956-cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması haqqında maddəni daxil etmişdi. 1978-ci il Azərbaycan SSR-in konstitusiya layihəsində isə ana dili barədə heç bir şey deyilmirdi. Bu, çox pis hal idi. Heydər Əliyevin bilavasitə səyləri nəticəsində konstitusiya layihəsində olan 73-cü maddə - "SSRİ qanunları Azərbaycan SSR ərazisində məcburidir" maddəsi çıxarılaraq əvəzində "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" yazıldı. Bu, böyük uğur idi.

Azərbaycan xalqını düşündürən problemlərdən biri də hərb elminə yiyələnmələri üçün əngəllərin törədilməsi idi. Məlum olduğu kimi, çarizm azərbaycanlıları hərbi xidmətə çağırmır, onları hərbdən kənarda saxlamağa çalışırdı. Sovet dövləti azərbaycanlıları hərbi xidmətə çağırsa da, onları döyüş hərbi hissələrinə yaxın buraxmırdı. Azərbaycandan hərbi xidmətə çağırılanların təqribən 15 faizi döyüş hissələrində, qalanları isə tikinti hissələrində xidmət edirdi. Bunun azərbaycanlılar üçün çox ağır nəticələri olurdu. Heydər Əliyev azərbaycanlıların hərb elminə yiyələnmələri istiqamətində ciddi işlər həyata keçirdi. Bütün müqavimətlərə baxmayaraq, Bakıda Cəmşid Naxçıvanskı adına internat məktəb açıldı. Ən acınacaqlısı bu idi ki, Bakıda yerləşən hərbi dənizçilik məktəbində digər millətlərin nümayəndələri, hətta ermənilər gəlib təhsil aldıqları halda, azərbaycanlılar təhsil almırdılar. Heydər Əliyev bu vəziyyəti aradan qaldırdı. Azərbaycanlılar hərb elminə yiyələnməyə başladılar.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əsassız erməni iddialarına qarşı qətiyyətli mübarizə apardı. Onun hakimiyyəti illərində Ermənistana Azərbaycandan torpaq verilmədi. Dağlıq Qarabağda azərbaycanlıların milli ruhu yüksəldi. Dağlıq Qarabağda inkişafa xüsusi diqqət yetirildi.

Heydər Əliyev Azərbaycanın tanıdılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Azərbaycanlılardan diplomat kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Azərbaycan müsəlman dünyası üçün model halına gəldi. Müsəlman ölkələrinin xalqları və liderləri Heydər Əliyevi hörmətli, görkəmli və nüfuzlu sovet xadimi olaraq qəbul edirdilər. Xaricdə nəşr edilmiş əsərlərdə deyildiyi kimi, Heydər Əliyev "Kreml üçün Heydər Əliyev, türk və müsəlman dünyası üçün isə sadəcə Heydər Əliyev deyil, Heydər, Əli, Əlizadə idi".

Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların Vətənə sevgi hisslərinin artırılması, aparılan antisovet təbliğatında iştirak etməmələri üçün çalışırdı. Onların Azərbaycana gəlmələrini, inkişafı özlərinin görməsini təşviq edirdi. "Vətən" cəmiyyətinin qurulmasına çalışırdı. Xaricdə yaşayan azərbaycanlıları şimallıya və cənubluya ayırmırdı. Onları bir, bütöv olaraq görür, harada yaşamalarından asılı olmayaraq özlərini azərbaycanlı kimi hiss etmələrinə çalışırdı. Azərbaycanda yaşayan cənubi azərbaycanlılara xüsusi qayğı göstərilirdi. Cənubi Azərbaycandan olan gənclər Bakıda ali məktəblərdə təhsil alırdılar.

Bakıda milli ruh gücləndirildi. Əgər azərbaycanlılar XX əsrdə ilk dəfə olaraq Bakıda yalnız 1918-ci il sentyabrın 15-də şəhər azad edildikdən sonra başlarını dik tutaraq gəzmişdilərsə, ikinci dəfə bu, yalnız 70-ci illərdə oldu. Müstəqil dövlətin qurulması üçün zəruri olan maddi təməllər hazırlandı. Müdafiə Nazirliyindən başqa bütün dövlət və hökumət srtukturları artıq Azərbaycanda mövcud idi. Heydər Əliyevin hakimiyyəti illərində türk dünyası ilə əlaqələr genişləndirildi. Azərbaycan sovet türkologiyasının mərkəzinə çevrildi.

Bütün bunlar Azərbaycanın yeni inkişaf mərhələsinə hazırlanması idi. Əbəs deyil ki, M.Qorbaçov hakimiyyətə gəldikdən sonra SSRİ-nin türk respublikalarının xeyli irəli getdiyini, müstəqilliyini elan etməyə hazır olduqlarını bildirərək Sov.İKP MK Siyasi Bürosundan onların xadimlərini uzaqlaşdırdı. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycana qarşı Ermənistanın təcavüzü gedişində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Bu, tamamilə qanunauyğun bir yekun idi.

 

Bəxtiyar SADIQOV: - Tarix sübut edir ki, hər bir xalqın, dövlətin taleyüklü məqamlarında milli lider fenomeni öz sözünü deyir. Tarixdə çoxlu sayda konkret şəxsiyyət göstərmək olar ki, öz xalqının böyük fəlakətlərdən, faciələrdən qurtulmasında böyük fədakarlıq, qətiyyət nümayiş etdirmişdir. Müstəqil Azərbaycanın 90-cı illərin əvvəllərində üzləşdiyi xaos və anarxiyadan, parçalanma təhlükəsindən xilas olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Deklorativ müstəqillikdən xaos və qurtuluşa gedən yola nəzər salmaq üçün söz Milli Məclisin Sədr müavini Bahar MURADOVAya verilir.

 

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 5, 6, 7, 8.