Meliorasiya və Su Təsərrüfatı ASC-nin işçiləri peşə bayramlarını qeyd etmişlər

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) işçiləri 5 iyun – “Meliorator günü” peşə bayramını qeyd etmişlər.

Əvvəlcə Cəmiyyətin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə çiçək dəstələri düzülmüşdür.

Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi anılmışdır.

AzərTAc xəbər verir ki, sonra Bakı Biznes Mərkəzində “Heydər Əliyev Azərbaycanda meliorasiya və su təsərrüfatının müəllifi və yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda çıxış edən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə və digərləri bildirmişlər ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkə melioratorları 2007-ci ildən başlayaraq peşə bayramlarını qeyd edirlər. Peşə bayramının 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı gündə - iyunun 5-də qeyd edilməsi bizi ikiqat sevindirir.

ASC-in sədri ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndərimiz Heydər Əliyevin böyük və misilsiz xidmətlərini qeyd edərək demişdir ki, respublikada meliorasiya və irriqasiya işlərinin təməlinin XX əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunmuşdur. Həmin illərdə geniş quruculuq işləri aparılmış, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdır.

Ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu sahəyə diqqət və dövlət qayğısı bərpa olunmuş, mövcud meliorasiya potensialının dağıdılmasının qarşısı alınmış, ondan daha səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Ulu öndərimiz Heydər Əliyevin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən ümumi sututumu 21,5 milyard kubmetr olan 140 su anbarı, 19 hidroqovşaq, 51,8 min kubmetr suvarma kanalları, 31,7 min kilometr kollektor – drenaj şəbəkəsi, 921 nasos stansiyası, 118 min müxtəlif hidrotexniki qurğu, 7 min 279 subartezian quyusu, 2 min 73 kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndləri və digər dövlət əhəmiyyətli su təsərrüfatı sistemləri və qurğuları istismar olunur.

Kənd təsərrüfatı əkinlərini fasiləsiz olaraq suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər edilmiş, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər həyata keçirilmişdir.

2010-cu ilin mürəkkəb təbii-iqlim şəraitinə baxmayaraq, suvarılan torpaqlarda - 1 milyon 330 min hektar sahədə kənd təsərrüfatı bitkiləri lazımi miqdarda su ilə təmin olunmuş, sahələr orta hesabla 3 dəfə suvarılmışdır.

Cari ildə 1 milyon 335 min hektar suvarılan sahələrdə kənd təsərrüfatı əkinlərinin suvarılması nəzərdə tutulmuşdur. Hazırda dənli bitkilərin suvarılması başa çatmaq üzrədir, digər əkinlərin kütləvi surətdə suvarılmasına başlanılmışdır. Aparılan təmir və bərpa işləri əvvəlki illərdə olduğu kimi, bu il də əkin sahələrini vaxtında suvarma suyu ilə təmin etməklə əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına şərait yaradacaqdır.

Əsaslı tikinti üzrə 2010-cu ildə 2009-cu illə müqayisədə 2 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri yerinə yetirilmişdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinə daxil olan Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalı üzrə nəzərdə tutulan işlərdən artıq iş yerinə yetirilmiş, beynəlxalq maliyyə qurumlarının krediti ilə 10,7 kilometrlik birinci mərhələsinin tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin tikintisi davam etdirilmişdir.

Ümumiyyətlə, keçən il respublikanın Kürdəmir, Ağstafa, Hacıqabul, Goranboy, Qazax, Qax, Ağdam, Beyləqan, Neftçala, Bərdə, Tərtər, Şəmkir, Saatlı, Biləsuvar, Yevlax, Füzuli, Ağcabədi və digər rayonlarında 61,6 kilometr suvarma kanallarında, 179,9 kilometr kollektor-drenaj şəbəkələrində əsaslı tikinti, təmir-bərpa və yenidənqurma işləri aparılaraq 11 min 197 hektar suvarılan torpaqların meliorativ vəziyyəti və 18 min 519 hektar sahənin su təminatı yaxşılaşdırılmış, 1100 hektar yeni suvarılan sahə istifadəyə verilmiş, 2 min 950 hektar sahədə su təminatının yaxşılaşdırılması üçün 114 subartezian quyusu qazılmış, respublika çaylarında sel və daşqın təhlükəsinə qarşı 22 min 830 poqonmetr sahilbərkitmə işləri yerinə yetirilmişdir.

Cəlilabad rayonunda Göytəpə su anbarının (su tutumu 3,7 milyon kubmetr) tikintisi başa çatdırılmış, Şabran rayonu ərazisində sututumu 268 milyon kubmetr olan Taxtakörpü, Şəmkir rayonu ərazisində sututumu 160 milyon kubmetr olan Şəmkirçay və Tovuz rayonunda Tovuzçay su anbarlarında tikinti və Şamaxı rayonunda Zoqalavaçay su anbarında yenidənqurma və təmir-bərpa işləri davam etdirilmişdir.

Dünya Bankının krediti ilə respublikanın 16 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı, İmişli, Kürdəmir, Ucar, Zərdab, Daşkəsən, Gədəbəy) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi üçün Texniki-İqtisadi Əsaslandırmanın hazırlanması işləri başa çatdırılmış, Şabran və Siyəzən rayonlarında su təchizatı və kanalizasiya sistemləri, həmçinin çirkab sutəmizləyici qurğusunun tikintisi üzrə beynəlxalq tenderlə podratçı seçilərək tikintiyə başlanılmışdır.

2010-cu ildə baş verən daşqınlardan sonrakı dövrdə və cari ilin 5 ayında sel və daşqın sularından mühafizə məqsədi ilə tədbirlər həyata keçirilmişdir. Kür-Araz çaylarında sel və daşqınların qarşısının alınması üçün qısa müddətdə 597 kilometr uzunluğunda torpaq mühafizə bəndləri əsaslı şəkildə bərpa edilərək hündürləşdirilmiş və möhkəmləndirilmişdir. Araz çayının suyunun birbaşa Xəzər dənizinə axıdılması üçün yeni qolun layihə-smeta sənədləri hazırlanaraq hazırda məcranın qazılması, baş suötürücü və digər qurğuların tikintisi aparılır.

2011-ci il üzrə dövlət büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına ümumilikdə 44 kilometr suvarma kanallarının, 108 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən qurulması, 22 subartezian quyusunun qazılması, sel və daşqın təhlükəli çaylarda 9 min 240 poqonmetr sahil mühafizə bəndlərinin tikintisi və 4 min 600 poqonmetr məcra təmizləmə işlərinin aparılması nəzərdə tutulur. Dövlət Neft Fondunun vəsaiti hesabına Taxtakörpü su anbarının, Taxtakörpü-Ceyranbatan və Vəlvələçay-Taxtakörpü kanallarının, dövlət büdcəsindən ayrılmış vəsait hesabına Şəmkirçay, Tovuzçay, Pirsaatçay su anbarlarının, Yuxarı Mil, Neftçala və Hacıqabul magistral kanallarının, eləcə də mühüm əhəmiyyətli digər meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi davam etdiriləcəkdir.

Dünya Bankının krediti ilə “Sudan İstifadə Edənlər Birliklərinin İnkişafına Dəstək” layihəsində nəzərdə tutulan 85 min hektar sahədə 2011-ci ildə 7 min 500 hektar sahədə təsərrüfatdaxili suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işlərinin həyata keçirilməsinə başlanılacaqdır.

Prezident İlham Əliyevin bu sahəyə diqqətinin nəticəsi olaraq son 7 ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin məbləği 4,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu təqribən 23 dəfə artmışdır. Bunun nəticəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əməkhaqqı 4,9 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, mindən artıq maşın və mexanizm alınmış, 1171 kilometr suvarma kanallarının və 779 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, təmir-bərpası və yenidən qurulması həyata keçirilmiş, 128 min hektar sahədə suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 83 min hektar ərazidə yeni suvarılan sahələr də daxil olmaqla suvarılan torpaqların su təminatı yaxşılaşdırılmış, 649 subartezian quyusu istismara verilmişdir. Bu işlər hazırda müvəffəqiyyətlə davam etdirilir.

Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” olduqca əhəmiyyətlidir. Respublikanın bütün xəritəsini əhatə edən Dövlət Proqramında meliorasiya və bu sahədə görüləcək işlər müəyyənləşdirilmişdir.

Dövlət Proqramına uyğun olaraq, meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların meliorativ vəziyyətinin, onların su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə mövcud suvarma kanallarının bərpası, yenidən qurulması, yenilərinin tikilməsi, subartezian quyularının qazılması, sel və daşqın təhlükəli çayların zərərli təsirlərinin qarşısının alınması üçün sahilbərkitmə tədbirlərinin aparılması, əlavə iş yerlərinin açılması üzrə ASC fəaliyyətini davam etdirir.

Bayram ərəfəsində bizim kollektivin bir qrup əməkdaşına Vətənin yüksək mükafatlarının verilməsi üçün imzaladığı Sərəncama görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk.

Respublika melioratorları bundan sonra da onların qarşısında duran vəzifələrin tam məsuliyyətlə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarından istifadə edəcək, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadiyyatımızın gələcək inkişafı naminə əllərindən gələni əsirgəməyəcəkdir.

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 9.