Məqsəd əməkdaşlığı genişləndirmək, təcrübə mübadiləsi aparmaqdır

 

Bu gün Bakıda "Caspian Oil and Gas" - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgisi öz işinə başlayır. Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir sayılan bu sərgi "Bakı Ekspo" mərkəzində keçiriləcək və iyunun 10-da başa çatacaq.

Dünən keçirilən mətbuat konfransında bu barədə ətraflı məlumat verildi. "İTE Group Plc" şirkətinin icraçı direktoru Edvard Stroon tədbirdə çıxış edərək bildirdi ki, sərgi neft-qaz sənayesinin problemlərini müzakirə etmək, habelə karbohidrogenlərin hasilatı və emalı sahəsində əldə olunmuş ən yeni nailiyyətləri göstərmək üçün hər il dünyanın neft sektorunun mütəxəssislərini bir araya gətirir. Tədbirə Azərbaycanın dövlət strukturları tərəfindən xüsusi diqqət və dəstək göstərilməsi onun yüksək statusunu daha da möhkəmləndirir. Xəzər neft-qaz sərgisini fərqləndirən cəhət həm də odur ki, onun açılış mərasimində yüksək səviyyəli qonaqlar iştirak edirlər. Hər il tədbirin ünvanına bir çox dünya ölkələrindən təbrik məktubları daxil olur.

Sərginin layihə meneceri Tofiq Kərimov əlavə etdi ki, builki tədbirdə 27 ölkədən 285 şirkət iştirak edir. İştirakçılar arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları da var. Sərginin 40 faizdən çox hissəsində bütün dünyada tanınmış iri dövlət neft-qaz şirkətləri və korporasiyaları yerləşib. Onların əksəriyyəti neft-qaz sərgisinin daimi iştirakçılarıdır. Misal kimi bp, OMV, ARDNŞ, "Statoyl", "Total", TPAO və digər şirkətləri göstərmək olar.

Sevindirici haldır ki, sərgidə yerli şirkətlərin iştirakı ildən-ilə artır. Bu il onlar iştirakçıların 38 faizini təşkil edəcəklər. Ümumilikdə isə iştirakçıların tutduğu sərgi sahələrinin sayı ötən illə müqayisədə 25 faiz çoxdur. Sərgidə ilk dəfə çıxış edən şirkətlər də az deyil. Onlar eksponentlərin ümumi sayının 12 faizini təşkil edirlər.

Sərginin ekspozisiyası "Bakı Ekspo" kompleksinin iki pavilyonunu əhatə edir. Burada dörd gün ərzində ən yeni neft-qaz avadanlıqları, neftçıxarma və enerjidaşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyalar nümayiş etdiriləcək. Tədbir iştirakçıları həmçinin ölkəmizin ərazisində həyata keçirilən neft və qaz layihələri ilə tanış olacaqlar. Xatırladaq ki, sərgi ikinci dəfədir yeni və müasir kompleksdə keçirilir. Bu da sərgiyə öz işinə daha yaradıcı yanaşmaq imkanı verir. Belə ki, bir sıra şirkətlər sərgi stendlərini tamamilə yeni konsepsiyada təqdim edəcəklər. Məsələn, "Schlumberger", "Azfen-Tekfen" alyansları və digər iştirakçılar öz stendlərinin sahəsini ötən ilə nisbətən iki dəfə artırıblar.

Hər il olduğu kimi, bu dəfə də sərginin açılışının növbəti günü, yəni iyunun 8-də eyniadlı konfrans da öz işinə başlayacaq. Bu barədə konfrans meneceri Nigar Muradxanlı məlumat verdi. O bildirdi ki, konfransa maraq indidən hiss olunur. Bu da Azərbaycanın Avropa və dünya bazarlarında enerjidaşıyıcılarının aparıcı təchizatçılarından biri kimi artan rolu ilə bağlıdır. "Hyatt Regency" mehmanxanasında keçirilən konfransda "Xəzər regionu: dünya enerji bazarında dəyişikliklər", "Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu", "Azərbaycanın investisiya baxımından cəlbedici olması" kimi mühüm mövzular ətrafında söhbət gedəcək. Konfransda, eləcə də kəşfiyyat, hasilat, nəqletmə və enerji sektorunun digər mühüm mövzuları müzakirə ediləcək. Bu tədbirdə isə 500-dən artıq nümayəndənin iştirak edəcəyi artıq təsdiq olunub. Onların arasında Azərbaycanın neft-qaz sahəsinin yüksək vəzifəli şəxsləri və aparıcı mütəxəssisləri, həmçinin müxtəlif dövlətlərdən olan nümayəndə heyətlərinin üzvləri var.

Bu il sərgi və konfransa 20-dən çox şirkət sponsorluq edir. Onlar ARDNŞ, "Baku White City", bp Azərbaycan, "Caspian Geophysical", "Caspian Pipe Coatings", "KonokoFilips" və digər şirkətlərdir. Bu şirkətlərin adları konfransın statusunun necə yüksək olduğunu bir daha vurğulayır.

Mətbuat konfransında "İTE Group Plc"nin Neft-Qaz Departamentinin satış üzrə direktoru Ruxsarə Liberman da çıxış etdi. Bir daha vurğulandı ki, sərgi yenə də beynəlxalq işgüzar əməkdaşlığı təşviq etmək kimi əsas məqsədinə nail olacaq.

18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgi və konfransı təkcə ölkəmizdə deyil, bütün dünyada maraq doğurur. Belə ki, tədbirə 12 ölkədən təxminən 90 aparıcı kütləvi informasiya vasitəsi dəstək göstərir.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 10.