"Buta Palas"da Azərbaycan
futbolunun 100 illiyinə həsr olunmuş qəbul təşkil
edilmişdir
İyunun 6-da "Buta Palas"da Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş qəbul təşkil edilmişdir. Qəbulda FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini, bir sıra xarici ölkələrin futbol federasiyalarının prezidentləri, adlı-sanlı futbolçular və məşqçilər iştirak etmişlər.
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri - Azərbaycanın Eldar Qasımov-Nigar Camal dueti qəbul iştirakçıları qarşısında çıxış etmişdir.
AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, FİFA-nın prezidenti Yozef Blatter, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda idmanın ən populyar və sevimli növlərindən birinin yubileyi münasibətilə ölkəmizin idman ictimaiyyətini təbrik etmişlər.
Rövnəq Abdullayev öz çıxışında qeyd etmişdir ki, dövlətimizin başçısı İlham Əliyev ölkədə idmanın, o cümlədən futbolun inkişafına böyük diqqət yetirir. İdmanın bu növünün inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu gün ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda və bədən tərbiyəsində tərəqqi müşahidə olunur.
AFFA-nın prezidenti FİFA rəhbərinə yenidən bu vəzifəyə seçildikdən sonra ilk səfərini məhz Azərbaycana etdiyinə görə təşəkkürünü bildirmişdir.
UEFA-nın prezidenti Mişel Platini Azərbaycanda futbolun inkişafından söhbət açaraq qeyd etmişdir ki, 1911-ci ildə o vaxt Azərbaycanda işləyən almanlar və ingilislər ilk dəfə Bakıda futbol oynamağa başlamışlar. Son 100 ildə idmanın bu növü ölkədə çox populyarlaşmışdır. 1966-cı ildə Bakının "Neftçi" klubu SSRİ çempionatında üçüncü yeri tutaraq böyük uğur qazanmışdır.
Mişel Platininin sözlərinə görə, əfsanəvi hakim Tofiq Bəhramov da Azərbaycan futbolunu çox məşhurlaşdırmışdır. Bu gün AFFA-nın rəhbərliyi ölkədə həm peşəkar, həm də həvəskar futbolun inkişafı üçün çox iş görür - təkcə Bakıda deyil, regionlarda da çoxlu futbol meydançaları tikilir. O, əmin olduğunu bildirmişdir ki, bütün bu tədbirlər tezliklə öz səmərəsini göstərəcəkdir.
FİFA-nın rəhbəri Yozef Blatter çıxışının əvvəlində səmimi qəbul üçün Prezident İlham Əliyevə təşəkkür etmişdir. FİFA prezidenti qeyd etmişdir ki, bu gün Azərbaycan dinamik inkişaf edən ölkədir və "biz onun bir çox istiqamətlərdə uğurlarının şahidləriyik".
Blatterin sözlərinə görə, bu gün futbol idmanın dünyada populyar növlərindən biridir və FİFA-nın fəaliyyətinin əsas tezisi ədalətli oyun prinsipidir.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış etmişdir. O, yubiley təntənələrində iştirak etdiklərinə görə FİFA və UEFA rəhbərlərinə təşəkkürünü bildirmişdir. Bu gün ölkəmizin idmançılarının qələbələrinə Azərbaycanın bütün vətəndaşlarının sevindiklərini vurğulayan nazir ümid etdiyini bildirmişdir ki, tezliklə futbolçularımız da öz parlaq qələbələri ilə bizi sevindirəcəklər. Bu gün Azərbaycan bütün dünyada tanınmış idman ölkəsinə çevrilmişdir. Burada Avropa və dünya çempionatları, müxtəlif beynəlxalq turnirlər yüksək səviyyədə keçirilir.
Sonra Azərbaycan futbolunun veteranları Ələkbər Məmmədova və Kazbek Tuayevə UEFA-nın və FİFA-nın fəxri fərmanları təqdim edilmişdir.
Qəbulda Azərbaycan futbolunun 100 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sonra incəsənət
ustalarının konserti olmuşdur.
Azərbaycan.- 2011.- 7 iyun.- S. 11.