İsveçin Uterşberq şəhərində Azərbaycan
rəssamlarının əsərlərindən
ibarət sərgi açılmışdır
İyunun 5-də Azərbaycan
Respublikasının İsveç Krallığındakı səfirliyinin
təşkilati dəstəyi ilə bu ölkənin qədim
şəhərlərindən sayılan Uterşberqdə Azərbaycan
rəssamları Eldar Babazadə və Müseyib Əmirovun əsərlərindən
ibarət sərgi açılmışdır.
Səfirlikdən AzərTAc-a
bildirmişlər ki, iyulun 10-dək davam edəcək sərginin
açılış mərasimində İsveç
Krallığında işgüzar səfərdə olan xarici
işlər nazirinin müavini Xələf Xələfov da
iştirak etmişdir. Bundan əlavə, səfirliyin dəvəti
ilə açılış mərasiminə İsveçin
tanınmış rəssamları, ziyalıları, incəsənət
xadimləri də qatılmışlar.
Mərasimi giriş
sözü ilə açan səfir Rafael İbrahimov bu sərginin
Skandinaviya regionunda Azərbaycan rəssamlarının ilk
yaradıcılıq hesabatı olduğunu diqqətə
çatdırmışdır. Səfir yaxın gələcəkdə
qarşılıqlı olaraq İsveç rəssamlarının
da Azərbaycanda sərgilərinin keçirilməsi ilə
bağlı işlərin aparıldığını
xüsusi vurğulamışdır.
Azərbaycan rəssamlarının
sərgisi ilə bağlı məlumat İsveçin
"Barqslaqsbladet" qəzetində
işıqlandırılmışdır.
Uterşberq şəhəri
Skandinaviya ölkələrində rəsm atelyesı şəhəri
kimi tanınmışdır. Hələ "soyuq müharibə"
zamanı sovet dissidenti və dünyada tanınmış rəssam
Ernest Neizvestnıy məhz bu şəhərdə yerləşən
rəsm atelyelərində özünün məşhur əsərlərini
yaratmışdır.
Azərbaycan.- 2011.- 7 iyun.- S. 11.