Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident, dəyərli qardaşım!
Möhtərəm iştirakçılar!
Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının başlanğıcından bəri Azərbaycanın, həmçinin Orta Asiya bölgəsinin neft və qaz sənayesi məhsulları və xidmətlərinin təqdimatı, sektor təmsilçilərinin bir araya gəlmələri baxımından nə qədər uğurlu olduğunu bilir, bugünkü sərgi və konfransın eyni səviyyədə bütün iştirakçılar üçün səmərəli olacağına inanıram.
Neft və qaz sektoru dünya iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Enerji təchizatı və daşınmasının enerji qaynaqlarının növü və marşrutu baxımından nəzərdən keçirilməsi enerji təhlükəsizliyini inkişaf etdirməkdədir. Enerji nəqli bazasının inkişaf etdirilməsi isə bölgələrarası neft və qaz ticarətinin daha da artmasını şərtləndirir. Strateji karbohidrogen bölgəsi olan Xəzər regionunda Azərbaycan, Qazaxıstan və Türkmənistanda Avropa bazarına istiqamətlənə biləcək önəmli miqdarda qaz vardır. Xəzər bölgəsi qlobal enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli tədarükçü mövqeyində olacaqdır.
Türkiyə istehsalçı ölkələri Qərbdəki əsas istehlakçılara bağlamaqda mühüm coğrafi mövqeyə sahibdir və ticarət, tranzit fürsətləri təqdim edən bir enerji dəhlizi və mərkəzi olaraq müsbət potensiala malikdir. Bu mənada ikitərəfli, regional və beynəlxalq əlaqələrimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri kimi mühüm layihələrin həyata keçirilməsini təmin etmişdir. Hazırda Xəzər qazının Avropaya nəqli istiqamətində inşası davam etdirilən boru kəməri layihələri də gələcəkdə qlobal enerji təhlükəsizliyi ilə yanaşı, regional sülh və sabitliyə mühüm töhfə verəcəkdir. Bu çərçivədə hökumətlərarası müqaviləyə əsasən 2009-cu ilin iyulunda Ankarada imzalanan "Nabukko" boru kəməri layihəsi ilə əlaqədar 2011-ci il iyunun 8-də Türkiyənin Kayseri vilayətində "Nabukko" layihəsinə dəstək anlaşmasını imzalamağı nəzərdə tuturuq.
Qardaş ölkə Azərbaycanın nüfuzlu bir tərəfdaş olaraq son illərdə bütün sahələrdə nail olduğu inkişaf istər ikitərəfli, istər regional, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsinə konkret təminat verməkdədir.
Builki sərgi və konfransın da uğurlu keçməsini səmimiyyətlə arzulayıram.
Hörmətlə,
Rəcəb Tayyib ƏRDOĞAN,
Türkiyə Respublikasının
Baş naziri
Azərbaycan.- 2011.- 8 iyun.- S. 1.