Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident!
XVIII Beynəlxalq Xəzər neft, qaz sərgisi və konfransının açılışı münasibətilə Sizi səmimiyyətlə salamlamaq istərdim.
Yanvarda Bakıya səfər etməkdən məmnun oldum və təəssüf edirəm ki, bu gün şəxsən Sizinlə deyiləm.
Bu sərgidə böyük sayda beynəlxalq iştirakçıların olmasından məlumatlıyam. Bu, Azərbaycanın müstəqilliyindən sonra əldə edilmiş tərəqqinin və Azərbaycanın beynəlxalq enerji sahəsində oynadığı mühüm rolun bariz nümunəsidir.
Avropa İttifaqı üçün Azərbaycan enerji sektorunda əsas strateji tərəfdaşdır. Bu sərgidə sənayemizin iştirakı Avropa İttifaqını Azərbaycanla bağlayan sıx tarixi əlaqələrin təcəssümüdür. Keçmişə nəzər saldıqda, mən ötən il Brüsseldə məmnunluqla keçirdiyimiz "Nobel və Bakı nefti" sərgisini xatırlayıram. Bu, həmçinin sənayemizin təmin etdiyi texnoloji inkişaf və nou-haudan qarşılıqlı şəkildə davamlı olaraq necə yararlandığımızı nümayiş etdirir və gələcəkdə birgə nəyə nail ola biləcəyimizi göstərir.
XIX əsrdə qətiyyət və mübarizə ruhu əcdadlarımızı ölkənizdə neft sənayesini inkişaf etdirməyə ruhlandırdı.
Bu gün biz yenidən qətiyyət və mübarizə ruhunda olmaq və Prezident Əliyevin dediyi kimi, ölkədə görünməmiş iqtisadi tərəqqiyə səbəb olmuş əsrin yeni kontraktını imzalamaq imkanını əldə etmişik.
Qarşımızda çağırışların olduğu vaxtda "Əsrin müqaviləsi"ndən, yeni bazarlara çıxışın və imkanların əldə edilməsində uğurlardan ilhamlana bilərik. Mən, xüsusən də, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikintisini, o cümlədən Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin inkişaf etdirilməsini nəzərdə tuturam.
Qətiyyət və mübarizə ruhu 19-cu əsrin sonlarında zəruri idi, bu gün də zəruridir!
Ölkənin gücü və potensialına əsaslanaraq, Azərbaycanın tutduğu mövqe onun gələn onilliklər ərzində neft və qazın hasil edilməsi və tranzitində əsas tərəfdaş kimi qalmasını təmin edəcəkdir.
Prezident Əliyev ilə yanvarda imzaladığım Birgə Bəyannamə bu istiqamətdə atılan konkret addım oldu. Biz Azərbaycanı "Cənub" qaz dəhlizinə böyük töhfə verən və onu mümkün edən tərəf kimi görmək barədə ümumi məqsədimizi təsdiq etmişik. Azərbaycan regiondakı mühüm rolunu təsdiqləmiş və Avropa İttifaqı ilə körpüləri qurmaq vəzifəsini nümayiş etdirmişdir. Əminəm ki, biz mümkün qədər tez bir vaxtda bu dəhlizi birgə səylərlə reallaşdıracağıq. XXI əsrdə kontraktın elan edilməsini səbirsizliklə gözləyirəm.
Yaddan çıxarmalı deyilik ki, münasibətlərimiz enerji məsələləri ilə kifayətlənmir. Lakin biz enerjini ölkələrimiz, iqtisadiyyatlarımız və xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması və regionda sabitliyin və təhlükəsizliyin qurulması kimi daha yüksək və strateji məqsədlərə nail olmaqda mühüm alət kimi görürük. İmkanlar, o cümlədən ticarət, nəqliyyat, iqtisadi əməkdaşlıq, sosial və insan inkişafı kimi sahələrdə olduqca böyükdür.
Yanvar ayında Bakıda qeyd etdiyim kimi, məqsədimiz Azərbaycanın Avropa İttifaqı ilə siyasi birliyini və iqtisadi inteqrasiyasını təşviq etməkdir. Bu cür tərəfdaşlığın qurulmasında Avropa İttifaqının müəyyən təcrübəsi vardır.
Bu mənada, biz beynəlxalq hüquq prinsiplərinə və fundamental dəyərlərə sadiq olaraq Şərq tərəfdaşlığı məqsədlərinə nail olmaq üçün Azərbaycandakı dostlarımızla sıx işləyirik. Bu, ikitərəfli Assosiasiya Sazişi ilə bağlı cari danışıqları nəzərdə tutur.
Şübhəsiz ki, iki tərəfin uzunmüddətli öhdəliyi həm Azərbaycan, həm Avropa İttifaqı vətəndaşları üçün qarşılıqlı fayda verəcəkdir.
Sizə uğurlu sərgi və konfransda məhsuldar müzakirələr arzulayıram.
Gələcəkdə Bakıya yenidən səfər etməyimi səmimiyyətlə arzulayıram.
Sağ olun.
Xose Manuel BARROZU,
Avropa Komissiyasının sədri
Azərbaycan.- 2011.-8 iyun.- S. 2.