Sankt-Peterburq Azərbaycanla humanitar
əlaqələri möhkəmləndirir
Bu fikir Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın Sankt-Peterburqun qubernatoru
Valentina Matviyenko ilə görüşündə səslənmişdir
İyunun 6-da Smolnıda Sankt-Peterburqun qubernatoru Valentina Matviyenkonun Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva ilə görüşü olmuşdur.
Görüş Leyla Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradılmasının ikinci ildönümü ilə əlaqədar bu şəhərə səfəri çərçivəsində baş tutmuşdur.
Leyla Əliyeva Valentina Matviyenkoya RAGT-ın Sankt-Peterburqda keçirilən konfransı çərçivəsində bu şəhərin Kamennoostrovsk prospektində Nizami Gəncəvinin adını daşıyan bağın açılışı barədə məlumat vermişdir. Bu hadisə şairin anadan olmasının 870-ci ildönümünə həsr olunmuşdur. Bundan əlavə, RAGT və Sankt-Peterburqdakı 163 nömrəli məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
Valentina Matviyenko Sankt-Peterburq və Azərbaycan, Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmlənməsi istiqamətində gördüyü işlərə görə Leyla Əliyevaya minnətdarlığını bildirmişdir.
Qubernator demişdir: "Belə mədəni layihələr vasitəsilə xalqlarımız bir-birinə daha yaxın olur, gənclər daha fəal surətdə dostluq edirlər". V.Matviyenko vurğulamışdır ki, Peterburq Rusiyanın şimal paytaxtı ilə Azərbaycan arasında tarixən mehriban dostluq əlaqələrinin inkişafında maraqlıdır.
Qubernator Heydər Əliyev Fondunun və RAGT-ın təhsil sahəsində əməkdaşlığını inkişaf etdirmək təşəbbüsünü dəstəkləmişdir.
Həmin gün Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla xanım Əliyeva Sankt-Peterburqun ən qədim təhsil ocaqlarından biri olan 163 nömrəli orta məktəbdə bu şəhərin təhsil komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya ilə görüşmüşdür.
Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı hazırlayıb həyata keçirdiyi layihələrdən danışmış, Azərbaycanda rus dilinə və ədəbiyyatına göstərilən qayğını diqqətə çatdırmışdır. RAGT-ın sədri demişdir ki, rəhbərlik etdiyi qurum 163 nömrəli orta məktəbdə ölkələrimiz arasında dostluq münasibətlərini əks etdirən mədəni təhsil mərkəzini yaratmağı planlaşdırır.
Sankt-Peterburq Şəhər Təhsil Komitəsi sədrinin birinci müavini Natalya Putelovskaya Heydər Əliyev Fondunun təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirmiş, 163 nömrəli orta məktəbdə yaradılacaq mədəni təhsil mərkəzinin ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin inkişafına xidmət edəcəyini vurğulamışdır.
Görüşdə RAGT ilə 163 nömrəli məktəb arasında humanitar əməkdaşlıq barədə müqavilə imzalanmışdır.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Sankt-Peterburq
Azərbaycan.- 2011.-8 iyun.- S.4.