R.Morninqstar: "ABŞ-Azərbaycan
münasibətləri bütün
sahələrdə, o
cümlədən enerji
əməkdaşlığı sahəsində sürətlə
irəliləyir"
İyunun 7-də Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ)
prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən XVIII
Beynəlxalq Xəzər neft, qaz, neft emalı, neft kimyası sərgi
və konfransında iştirak etmək üçün Azərbaycana
gəlmiş ABŞ-ın Avrasiya enerji məsələləri
üzrə xüsusi nümayəndəsi Riçard
Morninqstarın başçılıq etdiyi heyətlə
görüşmüşdür.
Şirkətin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
görüş Bakı Sərgi Mərkəzində
ARDNŞ-in pavilyonunda keçirilmişdir. R.Abdullayev Azərbaycanla
ABŞ arasında enerji sahəsində qurulan sıx əməkdaşlıq
münasibətlərindən söz açmışdır. Amerika
neft-qaz şirkətlərinin Azərbaycan enerji sektorunun inkişafına
töhfə verdiyini xatırladan R.Abdullayev "Əsrin
müqaviləsi"nin uğurla həyata keçirilməsində
qarşılıqlı faydalı tərəfdaşlığın
mühüm rol oynadığını qeyd etmişdir. O, Azərbaycan
neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlərdən
bəhs edərək, neft və qaz hasilatında
qazanılmış yüksək göstəricilər nəticəsində
ölkəmizin Avropa enerji təhlükəsizliyinin təmin
edilməsində əhəmiyyətinin getdikcə
artmasını vurğulamışdır.
Sərginin yüksək
səviyyədə təşkil edilməsindən məmnun
qaldığını deyən R.Morninqstar Azərbaycanın
öz enerji resurslarından səmərəli istifadə etməsi
nəticəsində sürətlə inkişaf etdiyini,
artıq 18 ildir ki, ənənəvi olaraq keçirilən
neft-qaz sərgisinə böyük marağın məhz bu
inkişafın və Azərbaycana beynəlxalq miqyasda artan
diqqətin təzahürü olduğunu bildirmişdir. ABŞ-Azərbaycan
münasibətlərinin bütün sahələrdə, o
cümlədən enerji əməkdaşlığı sahəsində
sürətlə irəlilədiyini deyən R.Morninqstar bu
münasibətlərin keyfiyyətcə yeni səviyyəyə
qədəm qoyması üçün bundan sonra da səylərini
əsirgəməyəcəyini bildirmişdir.
Tərəfləri
maraqlandıran digər məsələlər ətrafında
fikir mübadiləsinin aparıldığı
görüşdə ABŞ-ın ölkəmizdəki səfiri
Mətyu Brayzə də iştirak etmişdir.
Azərbaycan.- 2011.-8 iyun.- S. 4.