Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

İyunun 7-də Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Günter Ottinger və Türkmənistan Prezidentinin yanında Karbohidrogen Ehtiyatlarının İdarə Olunması və İstifadəsi üzrə Dövlət Agentliyinin direktoru Yaxşıgəldi Kakayev ilə görüşmüşdür. Tədbirdə Azərbaycan, Türkmənistan və Aİ arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Natiq Əliyev qonaqlara ötən illərdə Azərbaycanda enerji sahəsində həyata keçirilmiş layihələr barədə ətraflı məlumat vermiş, I Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi haqqında danışmışdır. Bildirmişdir ki, "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu"nun icrasının nəticəsi olaraq işçi qrup yaradılmışdır. İşçi qrup "Cənub qaz dəhlizi" qaz kəməri layihəsi çərçivəsində iki normativ sənəd hazırlamışdır. Nazir yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"ni imzaladıqlarını da xatırlatmışdır.

Natiq Əliyev qeyd etmişdir ki, "Cənub qaz dəhlizi" çərçivəsində siyasi bəyannamənin, eləcə də Azərbaycan və Türkmənistan arasında hökumətlərarası razılığın imzalanması gözlənilir. Bu sənəd Azərbaycan və Türkmənistan arasında "Cənub qaz dəhlizi" çərçivəsində "Transxəzər" layihəsinin həyata keçirilməsində tərəflərin öhdəliklərini və hüquqlarını nizamlayacaqdır.

Azərbaycanın Avropanın qaz təchizatında ən vacib tərəfdaşlarından biri olduğunu söyləyən Günter Ottinger bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, Aİ-nin "Transxəzər" layihəsini dəstəklədiyini vurğulamışdır.

Yaxşıgəldi Kakayev Türkmənistanın Azərbaycan və Aİ ilə tərəfdaşlıq etməyə hazır olduğunu bildirmişdir. Qeyd etmişdir ki, Xəzər hövzəsindən Avropaya təbii qazın etibarlı və təhlükəsiz nəqli, enerji tələbatı siyasətinin hazırlanması və texniki əməkdaşlıq məsələlərinin müzakirəsi vacibdir.

Görüşdə tərəflər sənədləri müzakirə etmiş, Azərbaycan, Türkmənistan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2011.- 8 iyun.- S. 4.