Kənan Yavuz: Türkiyə və Azərbaycan neft emalı və neft-kimya enerji sektorunda dünyanın ən önəmli mərkəzlərindən biri
olacaqdır
İyunun 7-də işə başlayan XVIII Beynəlxalq Xəzər neft-qaz sərgisində iştirak edən "Petkim" neft-kimya şirkəti fəaliyyətləri və qarşıda görüləcək işlərlə əlaqədar mətbuat konfransı keçirmişdir.
AzərTAc xəbər verir ki, şirkətin gördüyü işlər barədə məlumat verən "Petkim" neft-kimya şirkəti idarə heyətinin üzvü Kənan Yavuz qardaş Türkiyə və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Türkiyə dünya üzrə ən çox enerji idxal edən ölkələrdən biridir. Azərbaycan isə enerji ixrac edən bir ölkədir. Bütün bunları nəzərə alaraq ölkələrimizi zənginləşdirə biləcək böyük layihələrə imza atırıq.
K.Yavuz "Petkim"in şirkətin emal gücü barədə də məlumat vermişdir. Qeyd etmişdir ki, sentyabr-oktyabr aylarında yüksək vəzifəli dövlət rəsmilərinin iştirakı ilə İzmirdə neft emalı zavodunun təməli qoyulacaqdır. Bu layihənin dəyəri 4,5-5 milyard dollar məbləğindədir. Biz həmçinin 350 milyon dollar investisiya qoyuluşu ilə limanımızı Türkiyənin ən böyük limanlarından birinə çevirəcəyik. Bununla yanaşı, qoyduğumuz investisiya nəticəsində 2020-ci ilə qədər 1000 meqavatlıq enerji istehsal gücünə sahib olmaq niyyətindəyik.
Qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tamamlanmasından sonra əməkdaşlığımız daha da inkişaf edəcəkdir. Bununla da, həm Azərbaycanda istehsal olunan neft-kimya məhsullarının Türkiyə və Avropa bazarlarında, həmçinin Türkiyədə istehsal olunan bu məhsulların Azərbaycan və qonşu dövlətlərdə satışını təşkil etmək asanlaşacaqdır. Beləliklə, ARDNŞ sənaye istehsalçısı kimi Türkiyənin ən böyük investoru olacaqdır.
Azərbaycan.- 2011.- 8 iyun.- S. 4.