Naxçıvan ziyarəti
Çoxdankı arzumuz idi,
ailəlikcə "Əshabi-Kəhf" ziyarətinə
getmək istəyirdik. Amma bir az işlərin
çoxluğundan, bir az da hamılıqla vaxtı
uzlaşdırmaq ehtiyacından günü-günə
satırdıq.
Günlərin
birində tələbəlik dostum Əlövsət
müəllimlə telefon söhbətimiz zamanı
sözarası niyyətimizi dilə gətirincə, məni
həvəsləndirdi.
"Tez
gəlin, - dedi, - indi biz tərəflərin ən
gözəl vaxtlarıdır".
Və
beləcə Allahın bir qismət vədəsində
yığışıb Naxçıvana yollandıq...
İnsanın Tanrıya bir addım daha yaxın
olduğu bu məkanda cəmi bircə gün keçirdik, amma
bu xoş gün ömrümüzə o qədər parlaq
cizgilərlə yazıldı ki, səfər boyu əsas nigaranlığım
- Bakıya dönüb duyğularımı birər-birər
kağıza köçürüncə, hansısa
anı unutmaq ehtiyatından idi...
* Yazıçının yol
qeydləri *
Təyyarəmiz
qədim Azərbaycan torpaqlarının, indiki Ermənistana aid
edilən qərib yurdlarımızın, Ağrı
dağının, Vedi gölünün başına
dolanıb üzünü Naxçıvana tutur.
Aşağıda beyin içi kimi qırışmış
dərələr, qış yuxusundan yenicə ayılan
dağlar və Günəşin şöləsindən
isinib buğlanan bərəkətli çöllər...
...Ayağımızı
torpağa basıb bal qoxuyan, göz doyuran Naxçıvan
havasını içimizə çəkdikcə
ciyərlərimiz açıldı, ürəyimiz təmizləndi,
ruhumuzu rahatladan saf, ilıq meh gözlərimizə doldu.
Qarı
dağların əhatəsində özünə yuva
qurmuş Naxçıvan Beynəlxalq Hava Limanı...
Muxtar Respublika bütün qonaqları kimi, bizi də
elə giriş qapısındaca özünəməxsus
səliqə-sahmanı, nizamı, inkişaf
mənzərələri, bu mənzərələri daha da
zənginləşdirməyi özünə mənəvi borc
bilən saf, halal insanları, o insanların ixtilatı
qəlbə yatıran şirin ləhcəsi ilə
qarşılayır.
Bu
duyğuların içində - saf qəlbli, şirin
təbəssümlü və yol boyu bizim əziyyətimizi
çəkəcək Əşrəf müəllimə
isinişməyin də öz gözəlliyi var.
Təmizlikdən par-par yanan taksi avtomobilləri
səflə yan-yana sıralanıb, sürücülər
Azərbaycanın milli geyimindədirlər. Üzərində
"NAZ-LİFAN" sözlərini oxuduğum bu modern, yüksək
komfortlu avtomobil markasını, açığı, ilk
dəfədir görürəm. Məlum olur ki, onlar
Naxçıvan Muxtar Respublikasının öz
istehsalıdır, taksi sürücüsü kimi
fəaliyyət göstərən şəxslərə son
dərəcə münasib qiymətlərlə,
güzəştli şərtlərlə təklif edilir.
...Bu da hava
limanından Naxçıvan şəhərinin
mərkəzinə doğru aparan abad, işıqlı,
gəlin kimi bəzənmiş yollar...
Bu yolları
həyatımda ilk dəfə düz 19 il əvvəl
getmişəm...
Yol boyu yaddaşı ilə baş-başa
qalmış hər kəsə tanış olan maraqlı
duyğular məni də rahat buraxmır, illər
əvvəllərin xatirələrindən nəsə tapmaq
istəyirəm, hafizəmin vərəqlərini
çevirdikcə çevirirəm, yaddaşımı
sınağa çəkirəm.
Amma o illərdən indiyə, müsbət
mənada, demək olar ki, heç nə qalmayıb, hətta
ən etibarlı şahid olan torpaq da libasını
dəyişib, hər qarışında bahar öz
gözəllikləri ilə qələm çalıb, bu
qədim, günəşli torpağın hər tərəfi
laləzardır, gül-çiçəkdir...
Yaddaşımın
daha bir uğursuz cəhdi...
Bax, yolun bu
hissəsində, sovet dövründə salınmış
əksər yaşayış massivlərinə xas
tanış görkəmi ilə, eyvanlarındakı
zivələrdən alabəzək paltarlar asılmış
pinti qiyafəli "xruşşovkalar" olmalı idi.
Bəs indi gözəl üslubu Naxçıvanın
bəzəyinə, əsl "Nəqşi Cahan"a
çevrilib cahanın naxışı sayaq
cilvələnən bu memarlıq abidələri bura haradan
gəldi, haçan gəldi?!.
Qəlbim
açılır, sevinirəm, deməli, binalar həmin
binalardır, sadəcə o qədər yüksək
məharətlə yenidən qurulub ki, indi bu tikililərdə
əvvəlki "xruşşovkalar"dan nəsə bir
əlamət tapmaq mümkün deyil...
Bir
günlük səfər boyunca keçmişlə bu gün
arasında, hələ, deyəsən, çox
şeylərə təəccüblənməli olacağam.
vvv
İlin-günün
bu vaxtında gəlişinlə yüksək vəzifəli
şəxsin vaxtını almaq, onu iş-gücündən,
min bir təsərrüfat qayğılarından ayırmaq
insafdan sayılmaz. Ona görə də Naxçıvan
səfərimi mümkün qədər xəbərsiz
saxlamağı hələ Bakıdan çıxarkən
qət eləmişdim. Amma mənə
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
istəyini yetirirlər, necə deyərlər, fakt
qarşısında qalıram, qonaqpərvərliyinə,
alicənablığına hələ 1992-ci ilin o
əziyyətli qış günlərindən valeh olduğum
hörmətli Vasif Talıbov bu sətirlərin müəllifini
qəbul etmək niyyətindədir...
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin inzibati binasına doğru
addımlayıram.
Nostalji
duyğular yenə mənimlə birgədir. İllər
əvvəl Türkiyəyə səfər zamanı jurnalist
həmkarlarımla birgə soyuq və qaranlıq bir
qış axşamında daxil olmuşduq bu binaya. Onda
zülmətə bürünmüş binada tək bir neft
çırağı közərir, amma bu
çırağın şöləsi bütün
Azərbaycana yayılırdı.
O illərin
Azərbaycanında yaşayan insanlar üçün ümid
çırağı idi, bu binanın
pəncərəsində közərən işıq...
Və hamı gözünü o işığa dikmişdi...
O işığa xalqının və
dövlətinin üzləşdiyi müsibətlərə
qarşı haqq savaşında bu binanı səngərə
çevirmiş Heydər Əliyevin qəlbinin nuru
qarışmışdı, insanlar bu nura doğru
axışırdılar, Azərbaycanın o zülmət dolu
günlərində Tanrının əsirgəmədiyi
işığa bir addım yaxın olmağa can
atırdılar...
Heydər Əliyevi ziyarət zamanı Ali Məclisin
binası qarşısında gördüyümüz
üzü tüklü, hüznlü insanlar o illərin
çıxılmazlıqlarından xilas olmağa bir
zərrə ümid tamarzıları idi, binanın pəncərələrindən
soyuq və qaranlıqla birgə içəri daxil olan
səs-küy, min bir çətinlik içində
sızlayan insanların imdad çağırışları
idi.
Ancaq indi...
Ali Məclis
binasının içərisindəki sakitlik, işgüzar
ahəng məni bir anlıq xəyal dünyasından
ayırır...
İndi bayırdakı səs effektləri ilə
içəridəki sakitlik arasında maraqlı bir harmoniya
var, pəncərədən çöldə füsunkar, abad,
inkişaf soraqlı bir şəhər səliqəli,
təmiz küçələrində sakit
şəhərlərə xas xəfif bir uğultu ilə
özünün təbii həyatını
yaşayır, içəridəki otaqlarda isə hər bir
məmur Naxçıvan yurdunun təsərrüfat
qayğıları, gündəlik işi-gücü ilə
məşğuldur.
Tərtəmiz, bəzəkli,
yarlı-yaraşıqlı, xalılarla bəzənmiş
pillələri qalxıb, nə vaxtsa Heydər Əliyevi
həyatda ilk dəfə yaxından görməyin
xoşbəxtliyini yaşadığım kabinetə doğru
irəliləyirəm, qəlbimdən keçən xiffət
dolu həyəcan hər addımda bir xatirəni
mürgüdən oyadır...
...O zaman bu
dəhlizlər Muxtar Respublikanın bölgələrindən
gəlmiş insanlarla dolu idi, hərə öz dərdini
götürüb bura üz tutmuşdu. Heydər Əliyev
Bakıdan ziyarətinə gəlmiş jurnalist qrupunu
qarşılamaq üçün dəhlizə
çıxarkən ixtiyar bir kişinin böyük
dövlət adamı ilə qısa mükaliməsinə
şahid olmuşduq. O zaman Naxçıvanda torpaq
islahatları təzə-təzə başlanırdı,
kişinin də deyəsən, qardaşı ilə
nəsə ortaqlı torpaq davası varmış, ulu
öndərdən bu problemin həllinə əlac
istəyirdi. Kişinin sadəlövh
inadından Heydər Əliyevin sevgi dolu çöhrəsinə
bir təbəssüm qonmuşdu onda deyirdi ki, bu problem,
doğma qardaşınla sənin aranda olan
məsələdirsə, mən belə vəziyyətdə
necə kömək edə bilərəm?!
Sadə bir
kəndlinin hay-küylü sözlərini hələ o
zamandan sıravi Azərbaycan insanının Heydər
Əliyevə münasibətinin ifadəsi kimi əbədi
olaraq yaddaşıma yazmışdım: "Yoldaş
Əliyev, elə Sizi görməyim hər şeyə
dəyər. Göydə Allah, yerdə Sizsiniz bizim ümidimiz.
Allah Sizi qorusun..."
...Bu da
tanış qəbul otağı və köməkçi
Ramiz müəllim. Mehriban və gülərüz...
Sübhü
bu binada qarşılayıb, binanı axşam hamıdan gec
tərk edən Ramiz müəllim qayğılıdır:
axı gərək hər şey qaydasında, yerli-yerində
olsun... Məni görüncə dil-ağız
etməyə başlayır, bəxtimdən bu günə bir
neçə iclas təyin edilibmiş, görüşün
baş tutması güman məsələdir, amma Ali Məclis
Sədrinin intizam sevən, işgüzar olduğu qədər
də qonaqpərvərliyinə güvənirəm,
qəbul otağında taybatay açılan qapıları
görəndə hiss edirəm ki, Allah qonağını
qapıda çox gözlətməyəcəklər...
...Bu xoş
auralı, səliqəli kabineti ən xırda elementinə
qədər gözlərimə köçürə
bilsəydim...
Burada bir vaxtlar Heydər Əliyev
çalışıb, böyük tarixi
şəxsiyyətin bu kabinetdə keçirdiyi
keşməkeşli illərin yadigarları, yəqin ki, indi
də içəridə kifayət qədərdir,
bəlkə önümdəki masa, bəlkə kəfkirli
saat, bəlkə telefon aparatı, bəlkə kitab rəfi...
Ən
azı pəncərənin onun qəlbi kimi təmiz
aynaları...
Nə vaxtsa
bu aynalardan bayırdakı günəşə Heydər
Əliyevin nurlu çöhrəsi, işıqlı
gözləri baxıb.
Nəzərlərim
ulu öndərin bu kabinetdə çəkilmiş və indi
divardan yadigar asılan portretinə sataşır, tez-tez
eşidilən telefon zənglərinin tanış
sədası da o illərdən bir xatirədir.
Kabinetin işgüzar ovqatını Vasif
müəllimin səliqəli görkəmi, səmimi
təbəssümü, Heydər Əliyev kimi
şəxsiyyətin yaxın çevrəsində bu idarəçilik
ustadından görüb-götürmək imkanına malik
olmuş yüksək rütbəli məmura xas peşəkar
davranışları tamamlayır.
Onun
gözlərində bir gümrahlıq, qurub-yaratmaq əzmi
duyuram. Amma bu gözlərin dərinliyində mühasirə
şəraitində yaşayan bir bölgənin
rəhbərinin narahat qayğılarını da hiss etmək
çətin deyil.
Vasif müəllim muxtar respublikanın
gələcək inkişafı ilə bağlı planlardan
böyük ruhla söz açır, arzularında
yaratdıqlarını həvəslə xəritə
üzərində təsvir etməyə
çalışır və bu ruhu, bu şövqü duyduqca
düşünürəm ki, kaş Azərbaycanımızın
bütün bölgələrinə rəhbərlik
edən məmurlarımız Vətən sevgisində, xalq
üçün çalışmaq, qurub-yaratmaq
eşqində möhtərəm Prezidentimiz İlham
Əliyevə bu qədər çox
bənzəyəydilər.
Sevinirəm, deməli, estafet
etibarlı əllərdədir...
Naxçıvana
cəmi bir günlük gəldiyimi öyrənincə Vasif
müəllim özünəməxsus səmimiyyətlə
dərhal etirazını bildirir, Naxçıvanın belə
cənnət vaxtında bura qaçaraq gəlib-getməyin
düzgün olmadığını deyir və bir
neçə gün qalıb buraları göz dolusu
gəzib-dolaşmağı təkid edir.
Vasif müəllimin
ürəkdən gələn etirazı ilə
razılaşıram, amma nə etməli, Tanrının bu
gözəlliklərin seyri üçün nəsib etdiyi
fürsətin ömrü, əfsus ki, hələlik bir
gündən artıq deyil - geriyə biletimizi də
gələndə almışıq...
vvv
...Küçəyə
çıxıram, görüşün xoş təəssüratları
Naxçıvan mənzərələrinin ilıq ovqatına
qarışır, burada hər yan yaşıllıq
içindədir, hər tərəfdə bir nizam, bir abadlıq
havası hiss olunur, ən qəribəsini isə, insanların
bu mühitə münasibətində sezirəm, onlar bu
nizamı qorumağı, şəhərin xoş ahənginə
uyğunsuz hərəkətləri ilə xələl
gətirməməyi, sanki özlərinə bir borc
sayırlar. Buranın sakinlərini küçəyə zibil
atmamağa, yaşıl örtüyü tapdayıb
keçməməyə, əcaib siqnallarla sakinlərin
əsəblərini korlamamağa, kəmərsiz maşın
sürməməyə zorla məcbur edən, onların
hərəkətlərinin ictimai qaydalara uyğunluğunu
inzibati nəzarətdə saxlayan yoxdur, amma bu uyğunluq
artıq onların içinə hopub, gündəlik
davranış tərzinə çevrilib.
Və bu məni çox
sevindirir...
***
...Yolumuz
"Əshabi-Kəhf"ə sarıdır...
Ziyarətgaha çatıb,
divarlarında Tanrının min bir sirri gizlənmiş
mağaraya doğru irəliləyirik...
Niyyət
edən hər kəsə nəsib olsun, bir neçə
kəlmə ondan söyləyim ki, "Əshabi-Kəhf"
Naxçıvan şəhərinin şərq
tərəfində, keçmiş Haçaparaq kəndi
yaxınlığında yerləşir. Girişi
güneydən başlanan mağara quzey istiqamətində,
dağın içərisinə doğru uzanıb gedir.
Min illər
öncə Tanrıdan üz çevirib bütlərə
tapınan Dağ Yunis adlı hökmdarın
zülmünə dözməyib bu mağaraya
sığınan və burada özləri də
bilmədən üç yüz illik dərin yuxuya gedən
və sonra mağarada qeyb olan insanlar haqqında məşhur
əfsanə, bir də "Qurani-Kərim"in 18-ci
"əl - Kəhf" (Mağara) surəsinin 17-ci ayəsi
əsas bələdçimizdir.
Dünyanın bir sıra
bölgələrində "Əshabi-Kəhf" adı
ilə tanınan mağaralar var. Amma
"Qurani-Kərim"də verilmiş dəqiq təsvir
söhbətin məhz Naxçıvandakı
"Əshabi-Kəhf" mağarasından getməsinə
şübhə yeri qoymur: "Baxsaydın, günəşin
mağaranın sağ tərəfindən doğub meyl
etdiyini, sol tərəfdən onlara toxunmadan
batdığını, onların da mağaranın geniş
bir yerində olduqlarını görərdin...".
Ayədə Rəsulullaha
xitabən "Baxsaydın, görərdin..."
deyilərkən mağaranın içərisinə
girəcəkdən, sağ və sol səmtdən baxmaq
nəzərdə tutulur. Qismətinə
Naxçıvandakı "Əshabi-Kəhf"ə daxil
olmaq yazılmış hər kəs girəcəkdə
özü şahid olacaq ki, içəri adlayarkən,
doğrudan da, mağaranın sağ tərəfi məhz
gündoğana düşür.
Burada qayaların da mistik
düsturu var, qayalar ortadan parçalanıb və hər qaya
silindirik formadadır, inanclara görə Tanrı
"Əshabi-Kəhf" qayalarını ona görə belə
biçimdə xəlq edib ki, burada səslənən dualar
Haqqın dərgahına ötürülsün.
Bütün
ömrü boyu milli-mənəvi dəyərlərin ruhunda
yaşayan və bunu başqalarına da təlqin edən
Heydər Əliyevin göstərişi ilə hələ
1998-ci ildən burada abadlıq işləri aparılıb,
"Əshabi-Kəhf" tarixi abidəsi və ziyarətgahı
yenidən qurulub, əsas magistraldan ziyarətgaha yol
çəkilib, zəvvarlar üçün rahatlıq
yaradılıb.
...Və
Heydər Əliyevin tövsiyəsi ilə burada məscid
də tikilib.
Səfər
qeydlərimin bu məqamında "Qurani-Kərim"in
"əl - Kəhf" (Mağara) surəsinin 21-ci ayəsindən
oxuduğum kəlmələr ruhumda əks-səda verir:
"Onların (Əshabi-Kəhfin) haqqındakı
mübahisədə qalib gələnlər (möminlər)
isə: "Onların (məzarı) üstündə (Allaha
ibadət etmək məqsədilə) bir məscid
tikəcəyik! - dedilər".
İlahinin min
illər əvvəl nazil etdiyi müqəddəs
vəzifənin yerinə yetirilməsi qismətinin min illər
sonra məhz Heydər Əliyevə nəsib olması,
sizcə, seçilmişlik əlaməti və milyardlarla bəndəsi
arasından sevib-seçdiyi bir insana Tanrının
gözəl bir lütfü deyilmi?!
"Əshabi-Kəhf"
tarixlə insan ruhunun təmas nöqtəsidir, bu
ərazidə mövhumata, dini inanclara ifrat
münasibətə, mənəvi dünyanın
dəyərlərindən maddi dünyanın xoş olmayan
məqsədləri üçün istifadəyə bir
zərrə də yer yoxdur.
Bu
ziyarətgahdakı ianə qutuları, bura gələn
insanların nəzir-niyazı da, tamam başqa məzmun
kəsb edir, bu forma, sözün əsl mənasında,
xeyriyyə kəlməsində assosiasiya olunur, insanı
filantropiya ruhunda kökləyir.
***
Naxçıvan şəhərinin
mərkəzində ucalan Heydər Əliyev muzeyindəyik.
Böyük dövlət adamının həyat və
fəaliyyəti ilə bağlı maraqlı eksponatlar
bir-birini əvəzləyir. Muzeydə üç məqam
xüsusilə diqqətimi çəkir: Heydər
Əliyevin Naxçıvanda qalmış kostyumu və
kostyumun cibindən çıxan Quran; ulu öndərin
dünyaya çox təəccüb və zənnlə baxan
körpəlik fotosu və onun təhsil illərindəki
nailiyyətlərini sərgiləyən, yalnız əla
qiymətlərin əks olunduğu sənədlər...
Bir eksponat qarşısında isə uzun
müddət ayaq saxlayıb xəyala dalıram, çünki
nəzərimcə, bu, adi eksponatdan daha çox insanın
alın yazısına işarədir, qismət dediyimiz sirrin
hansısa formada şifrələnib qabaqcadan əyan olması
faktıdır.
Seyrinə
və sehrinə daldığım eksponat böyük
rəssamlıq istedadına malik Heydər Əliyevin öz
əlləri ilə və o vaxtın pero-qələmi ilə
çəkdiyi yeniyetmə bir qızın rəsmidir.
Rəsmin altında ulu öndər öz dəsti-xətti
ilə beləcə yazıb: "Zərifənin şəkli
12 yaşında çəkilib. 1942-ci il aprelin 27-də
axşam saat 9.30-da".
Əvvəl
təəccüblənirəm, axı Heydər Əliyev
ömür-gün yoldaşı akademik Zərifə xanım
Əliyeva ilə illər sonra rastlaşıb peyman
bağlayacaqdı, o zaman bu rəsm 1942-ci ildə necə
çəkilə bilərdi?! Rəsmin
altında muzey tərəfindən verilmiş qısa izahat
bəzi təfərrüatları aydınlaşdırır:
"Ümummilli liderimizin Naxçıvanda ilk maarif
komissarı olmuş Mirzə Əbdülvahab
Həsənzadənin 12 yaşlı qızı Zaryanın
tuş-pero ilə 1942-ci ildə aprelin 27-də axşam saat
9.30-da çəkdiyi şəkil".
...Amma
rəsmdəki qızın adı ilə bağlı
maraqlı bir məlumatdan sonra yenə heyrət məni
bürüyür. Həmin rəsmi
çəkərkən Heydər Əliyev 12 yaşlı
qızdan adını soruşur, qız özünü Zarya
kimi təqdim edir, belə məqamlara daim xüsusi diqqət
göstərən (bir telegörüntüdə çay
süfrəsi arxasında ulu öndərin
"kəklikotu" sözünün "kəkotu" kimi tələffüzünə
iradını xatırlayıram) Heydər Əliyev isə onun
özünü təhrif olunmuş yabançı adla
təqdim etməsinə etirazını bildirərək
qıza başa salır ki, onun adı Zarya yox, əslində,
Zərifədir. Rəsmin altında da öz
əlləri ilə məhz belə yazır:
"Zərifənin şəkli..."
Bayaqdan bu
rəsm önündə heyrətdən donmuşam. Tanrım, ilk baxışdan adi görünən
ömür faktı ilə, bəlkə, öz sevimli
bəndənə yazdığın Yazını,
günlərin birində qarşısına
çıxaracağın ömür-gün qismətinin
adını əvvəlcədən əyan edirmişsən,
öz qismətini Ona öz əlləri ilə
yazdırırmışsan...
Allahın
möcüzəsinə bir bax!...
Yolumuz davam
edir...
İmamverdi İSMAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2011.- 8 iyun.- S. 6.