Azərbaycan və Serbiya
prezidentləri mətbuata bəyanatlarla çıxış
etmişlər
Sənədlərin
imzalanması mərasimi başa çatdıqdan sonra
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti
Boris Tadiç mətbuata bəyanatlarla çıxış
etmişlər.
Serbiya Prezidenti Boris Tadiçin
bəyanatı
- Mətbuat konfransına gəldiyinizə
görə Sizə minnətdarlığımı
bildirirəm. İndi isə böyük məmnunluqla qeyd
etmək istəyirəm ki, Azərbaycan Respublikasının
Prezidenti hörmətli dostum cənab İlham Əliyev ilə
mənim görüşüm baş tutdu.
Ölkələrimiz arasında mövcud olan bir çox
məsələləri müzakirə etdik. Biz, eyni zamanda, bu
gün bir çox sənədi imzaladıq. Bu, əslində
bizim ölkələrimiz - Serbiya ilə Azərbaycan
arasında bir çox sahədə əlaqələrin
təzahürüdür. Biz görürük ki, siyasi münasibətlərimiz
strateji səviyyəyə qalxır.
Xanımlar
və cənablar, Serbiya və Azərbaycan bu gün eyni
vəzifələr və məsələlər
qarşısındadır. Ölkələrimiz arasında
oxşarlıqlar da vardır. Söhbət burada Dağlıq
Qarabağ və Kosovo məsələlərindən gedir. Serbiya Respublikası Azərbaycanın hər
hansı bir hissəyə bölünməsinin
tərəfdarı deyil, qətiyyən bu fikirdə deyil
və Azərbaycanı BMT-nin üzvü kimi öz ərazi
bütövlüyü çərçivəsində
tanıyır. Əslində bu, bizim mətbuat konfransında
bəyanatımızın əsas hissəsidir. Mən,
eyni zamanda, cənab Prezidentə
təşəkkürümü bildirdim. Cənab Prezidentin
Kosovo məsələsində tutduğu mövqe ilə
bağlı təşəkkürümü bildirdim.
Biz, eyni
zamanda, qeyd etdik ki, Azərbaycan Serbiyanın ərazi
bütövlüyünü və Serbiya isə
Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləyir. Bu prinsiplər hesab edirik ki, beynəlxalq
hüququn vacib, təməl prinsipləridir. Əslində bu,
ölkələrimiz üçün də çox
mühüm bir məsələdir.
Biz, eyni
zamanda, bir çox digər sahələrdə
əməkdaşlığımızı müzakirə
etdik. Biz bu gün müxtəlif sahələrə aid
sənədləri imzaladıq. Lakin hesab edirik ki, iqtisadiyyat,
energetika sahələrində
əməkdaşlığımızı daha da
dərinləşdirməliyik. Azərbaycan bu gün
böyük həcmdə neft və qaz hasil edir.
Azərbaycanın bu sahədə mövqeləri qlobal
səviyyədə güclənir və Azərbaycan
böyük layihələrə imza atır.
Əslində Gürcüstan, Rumıniya və
Azərbaycan bir mühüm layihə üzərində
işləyir. Çox ümid edirik ki, Macarıstan da bu
yaxınlarda həmin layihəyə qoşulacaq və bu,
böyük bir qaz layihəsi olacaqdır. Ümid edirəm ki,
bir neçə il sonra bu, artıq reallığa çevriləcəkdir.
Serbiyanın bu məsələdə strateji maraqları
vardır. Serbiya bu layihəyə qoşulmaq istəyir və
cənab Prezidentlə mən bu məsələni
müzakirə etdik. İndi bir daha iradəmizi bildirdik ki, biz
bu layihəyə qoşulmaq istəyirik. Serbiya qaz təchizatını
şaxələndirmək fikrindədir və Azərbaycan
əslində bizim çox gözəl, perspektivli
tərəfdaşlarımızdan biridir.
Biz
əməkdaşlığımızın digər
sahələrini müzakirə etdik. Energetika, tikinti,
terminallar, sıxılmış maye qaz sahələrini
nəzərdən keçirdik. Biz hesab edirik ki,
qazın saxlanılması anbarlarının tikintisində
əməkdaşlıq edə bilərik. Əslində bu,
regionumuz üçün çox vacibdir, xüsusən də
qış mövsümündə. Hesab edirik ki,
Azərbaycanla xüsusi əməkdaşlığımız
olmalıdır. Çünki biz görürük ki,
bütün dünyada enerji problemləri üzə
çıxır. Nüvə enerjisi ilə bağlı
bəzi qəzalar baş verir. Buna görə də,
ümumiyyətlə, Avropa üçün daha çox qaz
vacibdir, nəinki nüvə enerjisi. Biz belə hesab edirik.
Ona
görə Azərbaycanın bu sahədəki
addımlarının vacibliyi get-gedə artır. Bununla bağlı mən cənab Prezidentə
təşəkkürümü bildirirəm və onu
təbrik edirəm ki, əslində Azərbaycan bu
sahədə - qazın hasilatı sahəsində böyük
addımlar atmışdır və bu, ölkənin
iqtisadiyyatının inkişafına kömək etmişdir.
Azərbaycanın
iqtisadiyyatı sürətlə inkişaf edir. Azərbaycan,
həmçinin ön cərgələrdə gedən
ölkədir ki, regionda öz mövqeyini tutur, öz
mədəni irsini, özünəməxsusluğunu qoruyur.
Biz nəinki energetika, bir çox digər iqtisadi
sahələrdə də əməkdaşlıq edirik.
Əməkdaşlığımızın
sahələrindən biri mədəniyyət sahəsində
mübadilələrdir. Mən cənab Prezidentə
təşəkkürümü bildirirəm ki, Belqradda
mədəniyyət ocaqlarının tikintisi ilə
bağlı ayrılan maliyyə yardımı da mühüm
əhəmiyyət kəsb edir. Biz xüsusi bir yanaşmadan
istifadə edərək ətraf mühitin qorunmasına da
xüsusi diqqət yetiririk. Gələcəkdə bununla
bağlı bir çox nəticələr əldə edə
bilərik. Biz, eyni zamanda, infrastruktur sahəsində
əməkdaşlığımızı da müzakirə
etdik. Azərbaycan şirkətləri olduqca tanınan
şirkətlərdir. Onlar bir çox ölkələrdə
yollar çəkirlər, körpülərin tikintisi ilə
məşğuldurlar.
Azərbaycan
infrastrukturunu inkişaf etdirir və bu baxımdan
gələcəkdə bir çox imkanlar vardır. Bunu
nəzərə alaraq belə bir fikrə gəldik ki,
Azərbaycan şirkəti ilə birgə bizim
şirkətlər Serbiyada dəmir yolu xəttinin tikintisi
ilə məşğul olsunlar. Bizim, ümumiyyətlə,
fikrimiz var ki, Çindən Xəzər dənizi regionu
vasitəsilə, Azərbaycan vasitəsilə Avropaya belə
bir ümumi çıxış, marşrut təmin edilsin.
Biz bilirik ki, Balkan regionu olduqca böyük strateji
əhəmiyyətə malikdir. Azərbaycan isə Qafqaz
regionunda strateji əhəmiyyətə malikdir. Hesab edirik ki,
Çin və Avropa ilə birbaşa əlaqələr
yaradılsa, bu, daha qlobal əhəmiyyətə malik ola
bilər.
Biz, eyni
zamanda, səhiyyə sahəsinə də toxunduq. Biz
müdafiə sahəsində əməkdaşlıq məsələlərini
nəzərdən keçirdik. Əslində elə bir
iqtisadi sahə qalmadı ki, biz onu nəzərdən
keçirməyək. Biz bu danışıqlarımızdan çox
məmnunuq. Biz imzalanmış sənədlərdən olduqca
şadıq. Hökumətlərimiz arasında bu addımlar
artıq atıldı. Hesab edirik ki, bu anlaşma çox
gözəldir. Atdığımız bu addımlar hətta
bizi onilliklərə doğru aparan bir addımlardır.
Azərbaycan ilə Serbiya arasında xüsusi dostluq və
əməkdaşlıq əlaqələri mövcuddur.
Sonda mən bir daha əlaqələrimizin
inkişafına verdiyi töhfəyə görə,
xüsusən də mədəni sahədə verilmiş
yardıma görə cənab Prezidentə
təşəkkürümü bildirirəm. Çünki
biz əməkdaşlığımızın bu aspektini
nəzərdən keçirdik, müzakirə etdik. Əslində
bu məsələ uzun perspektivi olan məsələdir. Biz
Bakıda və Belqradda mədəniyyət mövzusunda
seminarın keçirilməsi məsələsini də
müzakirə etdik.
Cənab
Prezident Əliyev, Serbiyaya xoş gəlmisiniz. Özünüzü burada öz
evinizdəki kimi hiss edin. Necə ki, mən
Bakıya səfərim zamanı özümü öz
evimdə hiss etdim. Bir daha çox sağ
olun.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab
Prezident, çox sağ olun!
İlk
növbədə, cənab Prezident, Sizə məni
gözəl ölkənizə dəvət etdiyinizə
görə minnətdarlığımı bildirmək
istəyirəm. Serbiyada olmağımdan çox
məmnunam. Çox şadam ki, iki
ölkə arasında münasibətlər çox
sürətlə inkişaf edir. Münasibətlərimiz
bütün dövrlərdə yüksək
səviyyədə olub. Ancaq qeyd etməliyəm ki, son
bir neçə il ərzində bu
münasibətlər daha da dinamik və intensiv xarakter
daşıyır. Cənab Prezident, Sizin keçən il Azərbaycana səfəriniz və
səfərin gözəl nəticələri bu
münasibətlərin inkişafına güclü təkan
vermişdir. Mənim bugünkü
səfərim onu göstərir ki, aramızda
güclənən siyasi dialoq doğrudan da strateji xarakter
daşıyır və biz ikitərəfli
münasibətlərə məhz bu
nöqteyi-nəzərdən yanaşırıq.
Əlaqələrimiz
çoxşaxəlidir və cənab Prezident, Siz
çıxışınızda bu gün apardığımız
danışıqlar haqqında məlumat vermisiniz. Əlavə
etmək istəyirəm ki, biz doğrudan da bu
münasibətlərə çox böyük diqqət
göstəririk. Bu münasibətlər
bizim üçün çox önəmlidir. Biz istəyirik ki, bütün sahələrdə
ikitərəfli formatda əməkdaşlıq daha da dərinləşsin.
Eyni zamanda, münasibətlərimizin regional
əməkdaşlıq meyillərinin
gücləndirilməsinə də çox müsbət
təsiri vardır. Balkan regionunu
Xəzər və Qafqaz regionları ilə
birləşdirə biləcək kifayət qədər
layihələr vardır. Biz bu gün bu
layihələr haqqında geniş fikir mübadiləsi
aparmışıq və bizdə heç bir fikir
ayrılığı yoxdur.
Siyasi
əlaqələrimizin inkişafı üçün
beynəlxalq təşkilatlarda birgə fəaliyyətimizi
davam etdirəcəyik. Bildiyiniz kimi, ölkələrimiz
separatizmdən əziyyət çəkən
ölkələrdir. Bizim ərazi
bütövlüyümüz pozulubdur və əfsuslar olsun
ki, bu ədalətsizlik uzun illərdir davam edir. Biz Serbiyanın ərazi bütövlüyünü
tanıyırıq və üzv olduğumuz bütün
beynəlxalq təşkilatlarda Serbiyanın ərazi
bütövlüyünü daim müdafiə edəcəyik.
Biz hesab edirik
ki, heç bir ölkənin beynəlxalq birlik
tərəfindən tanınmış sərhədləri o
ölkənin razılığı olmadan
dəyişdirilə bilməz. Beynəlxalq hüquq
normaları bütün hallarda üstünlük
təşkil etməlidir və bu, bizim prinsipial
mövqeyimizdir, biz bu mövqedən bir addım da geri atmayacağıq.
Eyni zamanda, biz
Serbiya hökumətinə və rəhbərliyinə
minnətdarlığımızı bildiririk ki, Dağlıq
Qarabağ məsələsi ilə əlaqədar Serbiya daim
ədalətli mövqe nümayiş etdirib. Bu mövqe
beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Baş
Məclisində keçirilən səsvermə zamani da
özünü göstərmişdir. Bu
mövqeyə görə biz Sizə minnətdarıq.
Bizi
birləşdirən təkcə ağrılarımız,
dərdlərimiz, problemlərimiz deyildir. Bizi
birləşdirən hər iki ölkədə olan nikbinlik
əhval-ruhiyyəsidir. Biz tam əminik ki,
ölkələrimizin gələcəyi parlaq olacaqdır.
Hazırda bizi incidən, narahat edən
problemləri həll edəcəyik, haqq-ədalət öz
yerini tutacaq və əminəm ki, ölkələrimizin
ərazi bütövlüyü bərpa olunacaqdır.
Bu gün,
cənab Prezident, dediyiniz kimi, biz geniş fikir mübadiləsi
aparmışıq və doğrudan da, ikitərəfli
münasibətlərimizin gündəliyi kifayət
qədər genişdir. Biz Serbiyanın AGRİ layihəsinə
qoşulmaq təşəbbüslərini böyük
məmnuniyyətlə alqışlayırıq. Bildiyiniz kimi, bu layihə bu yaxınlarda
müzakirə mövzusuna çevrilmişdir və birinci
sammit Bakıda keçirilmişdir. Hazırda
AGRİ layihəsi üzrə araşdırmalar
aparılır, texniki-iqtisadi əsaslandırma
hazırlanır. Biz çox istərdik ki,
Serbiya da bu layihəyə qoşulsun. Nəzərə
alsaq ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları
hazırda müxtəlif bazarlara nəql edilir və bizim
üçün yeni bazarlar çox maraqlıdır. Biz ümid edirik ki, zəngin qaz
potensialımızı maksimum dərəcədə
reallaşdıra bilərik.
Hazırda Azərbaycanın
təsdiq edilmiş qaz ehtiyatları 2,2
trilyon kubmetrə bərabərdir. Ancaq bu,
çox təvazökar rəqəmdir. Proqnoz
isə ondan ən azı iki dəfə çoxdur. Bunu
nəzərə alaraq, Avropa və başqa bazarlar
üçün bizim qazımız ən azı yüz il xidmət göstərəcəkdir. Bizə yeni bazarlar, Avropadakı istehlakçılara
isə yeni mənbələr lazımdır. Şaxələndirmə məsələləri
həm istehsalçılar, həm də istehlakçılar
üçün eyni dərəcədə önəmlidir.
Ona görə burada bizim maraqlarımız
üst-üstə düşür.
Bütövlükdə
Azərbaycan enerji təhlükəsizliyi
məsələlərində fəal rol oynayır. Ölkəmiz
ilk dəfə olaraq Xəzər dənizinin zəngin
ehtiyatlarını dünya bazarlarına nəql edə
bilmişdir. Hazırda Azərbaycanı
dünya bazarları ilə birləşdirən 7 neft və
qaz kəməri vardır ki, onların hamısı
işlək vəziyyətdədir. Bizim
neftimiz, qazımız müxtəlif istiqamətlərlə
dünya bazarlarına nəql edilir. Biz
çox istərdik ki, Serbiyanı Azərbaycan ilə, o
cümlədən enerji sahəsində bağlayan,
birləşdirən əməkdaşlıq olsun.
Eyni zamanda, biz
bu gün digər layihələri də müzakirə etdik. Böyük
dəmir yolunun - Yeni İpək Yolunun bərpası
layihəsi icra edilir. Ümid edirəm ki,
gələn ilin sonuna qədər Azərbaycanı,
Gürcüstanı, Türkiyəni birləşdirən yeni
dəmir yolu istismara veriləcəkdir. Bu,
eyni zamanda, Asiyanı Avropa ilə birləşdirən bir
dəmir yolu olacaqdır. Bu dəmir yolunun
üzərində yerləşən bütün
ölkələr həmin əməkdaşlıqdan ancaq fayda
götürəcəklər. Beləliklə,
regional əməkdaşlıq daha da böyük
həcmdə öz həllini tapa bilər.
Biz, eyni zamanda, Serbiya rəhbərliyinə
minnətdarıq ki, Azərbaycan şirkətlərinə
onların münasibəti çox müsbətdir. İndi
Azərbaycanda müasir, güclü şirkətlər
yaranmışdır və onlar üçün Serbiyada
işləmək, iş görmək, kontraktlarda iştirak
etmək böyük maraq doğura bilər. Biz bu
məsələləri də müzakirə etdik.
Beləliklə,
ikitərəfli birgə hökumətlərarası
komissiyasının işi çox olacaqdır. Əminəm
ki, komissiya tezliklə öz işinə başlayacaqdır. Bu
gün müzakirə etdiyimiz məsələlər komissiya
tərəfindən baxılıb prezidentlərin
diqqətinə təqdim ediləcəkdir.
Bu gün
imzalanmış sənədlər, eyni zamanda, onu
göstərir ki, niyyətimiz çox yaxşıdır,
çox gözəldir. Biz istəyirik ki, bütün
sahələrdə əməkdaşlıq edək. Bu
əməkdaşlığın təməlində
güclü siyasi əlaqələr vardır. Eyni zamanda, bu
gün cənab Prezidentlə müzakirə əsnasında eyni
fikir söyləmişik ki, insanlararası
münasibətlər, humanitar əlaqələr də
çox vacibdir. Həm Serbiyada, həm Azərbaycanda dini
və milli tolerantlığın dərin kökləri,
böyük tarixi vardır. Həm Serbiyada, həm
Azərbaycanda müxtəlif dinlərin, müxtəlif
xalqların nümayəndələri bir ailə kimi
yaşayırlar. Bu, bizim nadir təcrübəmizdir. Biz bu
təcrübədən istifadə edərək
çalışmalıyıq ki, bütün dünyada
nə dini, nə milli zəmində heç bir
münaqişə, heç bir qarşıdurma olmasın.
Serbiya Balkanlarda, Azərbaycan isə Qafqaz və Xəzər
hövzəsində bu istiqamətdə səylərini
birləşdirərək böyük işlər
görə bilər.
Bir sözlə, bugünkü səfərim artıq
çox gözəl nəticələrini verməkdədir.
Əminəm ki, səfərin nəticələri
gözəl olacaq və mənim səfərim
münasibətlərimizin inkişafına yeni güclü
təkan verəcəkdir. Cənab Prezident,
göstərdiyiniz qonaqpərvərliyə görə Sizə
bir daha minnətdaram. Serbiya xalqına uğurlar və
tərəqqi arzulayıram. Sağ olun.
* * *
İyunun
8-də Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya
rəsmi səfəri çərçivəsində
Belqradın Taşmaydan parkının açılış
mərasimində iştirak etmişdir.
Dövlətimizin
başçısı Serbiya Respublikası Milli
Assambleyasının sədri xanım Slavitsa
Djukiç-Deyanoviç ilə
görüşmüşdür.
Prezident
İlham Əliyev Serbiyada Azərbaycan səfirliyinin
iqamətgahının açılış mərasimində
də iştirak etmişdir.
(Bu
tədbirlərdən geniş hesabat qəzetin növbəti
nömrəsində dərc ediləcəkdir).
AzərTAc
Azərbaycan.- 2011.- 9 iyun.- S. 2.