Dövlətin idmana
qayğısının daha bir təzahürü
Bakı Olimpiya Stadionu təkcə
ölkənin deyil, həm də regionun ən möhtəşəm
futbol arenası olacaq
Respublika Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2005-ci ildə imzaladığı "Futbolun inkişafına dair Dövlət Proqramı (2005-2015-ci illər)" ölkədə futbolun inkişafı tarixində yeni mərhələnin əsasını qoydu. Proqram idmanın ən populyar növünün müasir maddi-texniki bazasının yaradılmasına, onun kütləviləşdirilməsinə və nəticə etibarilə beynəlxalq yarışlarda uğurlar qazanmağa xidmət edir.
Hazırda ölkə futbolunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Milli çempionatda mübarizə aparan komandaların maddi-texniki bazası xeyli yaxşılaşdırılmışdır. Təkcə paytaxtda deyil, bölgələrdə də yeni-yeni stadionlar inşa edilir. Elə bir neçə gün əvvəl Mərdəkan qəsəbəsində "Dalğa Arena" stadionu istifadəyə verildi.
Ölkə futbolunun 100 illik yubileyinin qeyd olunduğu gün idmanımızın tarixində əlamətdar gün kimi yadda qalacaq. Çünki həmin gün paytaxtda möhtəşəm stadionun - Bakı Olimpiya Stadionunun təməli qoyuldu. Prezident İlham Əliyevin iştirak etdiyi tədbir dövlətin idmana qayğı və dəstəyinin əyani təzahürü idi.
İki-üç il ərzində tikilib istifadəyə veriləcək stadion ölkədə ən böyük, ən müasir futbol arenası olacaq. 65 min tamaşaçı üçün nəzərdə tutulan və bütün beynəlxalq standartlara cavab verən Bakı Olimpiya Stadionu nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən möhtəşəm stadionu olacaq. 50 hektarlıq ərazidə yerləşəcək və paytaxtda müasir tikinti üslubu, xüsusi gözəlliyi ilə seçiləcək stadion müasir idman qurğuları arasında özünəməxsus yer tutacaq. Yeni stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Tikinti işləri Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına, eləcə də Azərbaycanın inşaat normativlərinə uyğun aparılacaq. Jurnalistlərin fəaliyyət göstərməsi üçün nəzərdə tutulan binanın sahəsi 2 min kvadratmetr olacaq. Stadionun ətrafında ümumi sahəsi 13847 kvadratmetr olacaq hovuz yaradılacaq, 81574 kvadratmetrlik yaşıllıq sahəsi salınacaq. 18 girişi olacaq stadionda 41 lift quraşdırılacaq, 3617 avtomobili qəbul edəcək 7 dayanacaq inşa olunacaq.
Məlumat üçün qeyd edək ki, stadionun layihələndirilməsi işləri hələ üç il bundan əvvəl başlamışdır. Elan olunmuş müsabiqəyə qoşulmuş yerli və xarici şirkətlərin təklifləri nəzərdən keçirilmiş, iqtisadi səmərəlilik, müasirlik, funksional xüsusiyyətlərin əlverişliliyi, paytaxtın arxitekturuna, habelə qoyulan texniki şərtlərə uyğunluğu baxımından Türkiyənin TOCA şirkətinin təqdim etdiyi layihə konsepsiyası bəyənilmiş və layihələndirmə işləri də həmin konsepsiya əsasında aparılmışdır.
Stadionun təməlqoyma mərasimində FİFA-nın və UEFA-nın prezidentlərinin iştirak etməsi də təqdirəlayiq haldır. Bu, AFFA ilə beynəlxalq futbol təşkilatları arasında əlaqələrin sıxlığına dəlalət etməklə yanaşı, həmin qurumların Azərbaycan futbolunun inkişafına verdiyi dəstəyin göstəricisidir. Artıq ölkə futbolunun gələcəyi naminə görülən işlər beynəlxalq futbol ictimaiyyətinin diqqətindən qaçmır və yüksək qiymətləndirilir. Xüsusilə FİFA-nın prezidenti Yozef Blatter bu sahədə vəziyyətdən məmnunluğunu həmişə qeyd edir. Olimpiya stadionunun təməlqoyma mərasimində çıxışında da cənab Blatter dövlətimizin idman siyasətinin nəticələrini yüksək dəyərləndirdi: "Mən bu ölkəyə ilk səfərimdən etibarən bugünə qədər baş vermiş dəyişikliklərə heyranam. Sözün əsl mənasında bunların qarşısında baş əymək lazımdır. Biz bilirik ki, sizin ölkənin hər bir yerində, hər bir guşəsində idmana böyük diqqət göstərilir. Bu, nəinki siyasət, nəinki iqtisadiyyat, ümumiyyətlə, bütün digər sahələrlə müqayisədə çox yüksək səviyyədə görülən işlərdir... Mən istərdim ki, kaş bütün ölkə rəhbərləri futbola belə yanaşaydılar, bu cür yanaşma nümayiş etdirəydilər. Yəni demək istəyirəm ki, Azərbaycanda futbol da etibarlı əllərdədir".
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun təməlqoyma mərasimində 100 yaşlı Azərbaycan futbolunun yeni-yeni nailiyyətlər qazanmasının vacibliyini vurğuladı. O, bunun üçün yeni futbolçuların yetişdirilməsinə diqqəti artıraraq gələcəyə nikbin baxdığını qeyd etdi: "Futbolun inkişafı hər bir ölkə üçün vacibdir. Futbol ən sevimli idman növüdür. Azərbaycanda da belədir. Biz çox istəyirik ki, uşaqlarımız, gənclərimiz, yeniyetmələrimiz futbol seksiyalarına qoşulsunlar, futbolla məşğul olsunlar. Bunu etmək üçün indi şərait daha da yaxşıdır. Son illərdə ölkəmizdə bir neçə stadion istismara verilmişdir. Futbol meydançaları tikilir. Yəni, futbolun kütləviliyinin təmin edilməsi üçün Azərbaycanda böyük işlər aparılır".
Beləliklə, Olimpiya stadionunun təməli qoyuldu və inşaat işlərinə start verildi. Bir neçə ildən sonra stadion qapılarını futbolçuların və futbolsevərlərin üzünə açacaq. Şübhəsiz, futbolun inkişafı naminə görülən işlər təkcə bununla bitməyəcək. Dövlət proqramında nəzərdə tutulmuş digər tədbirlər də reallaşdırılacaq. İndi söz futbolçularındır. Hamı onlardan qələbələr gözləyir. Ümid etmək olar ki, görülən və bundan sonra görüləcək işlər, xüsusilə gənc futbolçuların yetişdirilməsi, seleksiya işinin düzgün təşkili nəticəsində futbolçularımız qarşıdakı yarışlarda azarkeşlərə sevinc bəxş edəcəklər.
Elçin CƏFƏROV
Azərbaycan.- 2011.-9 iyun.- S. 5.