Avropa İttifaqının komissarı Azərbaycana səfərinin yekununa dair mətbuat konfransı keçirmişdir

 

Azərbaycanda şəffaflıq, demokratiya, güclü lider və hökumət vardır. Bütün bunların bir yerdə olması deməyə əsas verir ki, Azərbaycan doğru yoldadır.

AzərTAc xəbər verir ki, bu sözləri Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycana səfərinin yekununa dair keçirdiyi mətbuat konfransında demişdir.

Avropa İttifaqının komissarı ölkəmizi "Eurovision-2011" mahnı müsabiqəsində əldə etdiyi qələbəyə görə təbrik edərək vurğulamışdır ki, gələn il Azərbaycan Avropanın musiqi paytaxtına çevriləcəkdir.

Azərbaycanda keçirilən XVIII Beynəlxalq Xəzər neft, qaz, sərgi və konfransının əhəmiyyətini qeyd edən G.Ottinger demişdir ki, Bakı energetika sahəsi ilə məşğul olanların görüş yerinə çevrilmişdir.

Azərbaycanın energetika sahəsində regiondakı mühüm roluna toxunan komissar diqqəti qaz sektorundakı əsas tranzit tərəfdaşlığa yönəltmişdir. Mavi yanacaq və iqtisadi sahədə uzunmüddətli tərəfdaşlığa dair 2011-ci ilin həlledici olacağını deyən G.Ottinger bildirmişdir ki, Avropa İttifaqı "Nabukko" layihəsi ilə bağlı Azərbaycanın oktyabrın sonunda verəcəyi qərarını gözləyir. Bu, tarixi bir qərardır və belə bir qərarın qəbulu üçün vaxt lazımdır.

Azərbaycanın çox böyük qaz ehtiyatlarının olduğunu qeyd edən Avropa İttifaqının komissarı vurğulamışdır ki, ölkəmizin geosiyasi durumu bütün regionun enerji layihələrini reallaşdırmaq baxımından çox mühüm əhəmiyyətə malikdir. Avropa hələ XIX əsrin sonlarından Azərbaycana enerji ölkəsi kimi böyük maraq göstərir. Azərbaycan həm hasilatçı, həm də tranzit ölkə kimi həlledici rola malikdir.

Mətbuat konfransında müxtəlif media qurumlarını təmsil edən nümayəndələrin çoxluğunu və sualların sərbəstliyini xüsusi qeyd edən komissar bunun ölkəmizdə söz və fikir azadlığının səviyyəsindən xəbər verdiyini vurğulamışdır.

G.Ottinger demişdir ki, Azərbaycanın Prezident İlham Əliyev kimi güclü lideri vardır. Məhz buna görə Azərbaycan şəffaf və demokratik bir ölkədir.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 5.