Amerika Dünya İşləri Şuralarının nümayəndələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşlar

 

Azərbaycanda səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri iyunun 8-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşlər.

AzərTAc xəbər verir ki, Ə.Həsənov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaratdığı ağır problemlər və dövlətin bu problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Müasir standartlara uyğun təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir. Münaqişə nəticəsində Ermənistandan 250 min azərbaycanlı qovulmuş, onlar Azərbaycana üz tutmuş və qaçqın həyatı sürürlər. 700 min soydaşımız isə Dağlıq Qarabağdan və işğal olunmuş digər rayonlardan didərgin salınmışdır. Bu gün onlar məcburi köçkün kimi ölkənin 60-a yaxın şəhər və rayonunda müvəqqəti məskunlaşmışlar.

Baş nazirin müavini Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini və mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir.

Görüşdə WACA təşkilatının prezidenti Lori Murray rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, WACA ABŞ ərazisində ən böyük qeyri-kommersiya təşkilatıdır və 500 minə yaxın şəbəkə üzvünü birləşdirir. Qurumun ən mühüm proqramlarından biri müxtəlif ölkələrə "Liderlik missiyası" səfərlərini həyata keçirməkdir. Səfərin məqsədi Azərbaycanla tanış olmaq, buradakı müvafiq beyin mərkəzləri, dövlət qurumları ilə səmərəli əlaqələr qurmaq, əldə edilmiş təcrübə əsasında ABŞ-da Azərbaycan həqiqətlərini yaymaqdır.

Azərbaycanın ABŞ-ın Sante-Fe şəhərindəki fəxri konsulu, əvvəllər Bakıda işləmiş Emmit Riçard Art McHaffie budəfəki gəlişində paytaxtda çox müsbət dəyişikliklərin şahidi olduğunu məmnunluqla söyləmişdir.

Nümayəndə heyətinin üzvləri vətənə qayıdandan sonra həm Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri, həm də Azərbaycanda şahidi olduqları sürətli inkişafı ölkə ictimaiyyətinə çatdıracaqlarına söz vermişlər.

Əli Həsənov nümayəndə heyəti üzvlərini maraqlandıran suallara cavab vermişdir.

Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan qonaqlar oraya xatirə hədiyyəsi təqdim etmişlər. WACA təşkilatının üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotoalbom və filmin diski təqdim olunmuşdur.

Qonaqlar ulu öndər Heydər Əliyevin büstü önündə xatirə şəkli çəkdirmişlər.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 5.