Bakıda inzibati hüquqa həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir

 

İyunun 8-də Bakıda Azərbaycan Respublikası Ali Məhkəməsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Vətəndaş və dövlət - Şərqi Avropa cəmiyyətlərində inzibati hüquq özünü necə doğruldur?" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Almaniya, Gürcüstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Ukraynanın, yerli və xarici qeyri-hökumət təşkilatlarının, ATƏT və Avropa Şurasının nümayəndələri iştirak etmişlər.

Beynəlxalq konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarına dəstək" regional proqramının rəhbəri Zeno Rayxenbexer, ATƏT-in Bakı Ofisinin nümayəndəsi xanım Nataşa Rasic iştirakçıları Bakıda salamlamaqdan məmnunluq duyduqlarını ifadə etmiş və konfransın işinə uğurlar arzulamışlar.

Konfransda Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyətlərindən bəhs edən qısa filmlər nümayiş etdirilmişdir.

Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi və Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsi arasında məhkəmə tərəfdaşlığının qurulmasına dair Bəyannamə imzalanmışdır.

Birinci sessiyada Baden-Vürttemberq Torpağının Ali İnzibati Məhkəməsinin sədri Folker Ellenberqer Azərbaycanda inzibati hüququn yaradılması üzrə həyata keçirilmiş məsləhətləşmələrə baxışla bağlı məruzə etmiş, fikirlərini konfrans iştirakçıları ilə bölüşmüşdür.

İnzibati məhkəmələrin fəaliyyətinə müqayisəli baxışa həsr olunmuş ikinci sessiyada Gürcüstan Ali Məhkəməsinin sədri Konstantin Kublaşvili, Ukrayna Ali İnzibati Məhkəməsinin sədri Aleksandr Pasenyuk məruzələr etmiş, təhlillər aparmışlar.

Üçüncü sessiyada Azərbaycan Respublikasında inzibati məhkəmələr və inzibati orqanlarla bağlı müxtəlif mövqeləri özündə əks etdirən məruzələr dinlənilmişdir.

Məruzələr ətrafında müzakirələr olmuş, fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.

Sonda Ali Məhkəmənin sədri Ramiz Rzayev inzibati hüquq sahəsində ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.-9 iyun.- S. 6.