V.Doroxin: "Rusiya Azərbaycanla strateji münasibətlərini bundan sonra da inkişaf etdirəcəkdir"

 

AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfirliyi iyunun 8-də "İnterfaks-Azərbaycan" informasiya agentliyinin mətbuat mərkəzində Rusiya ilə Azərbaycanın əməkdaşlığının aktual problemlərinə həsr edilmiş mətbuat konfransı keçirmişdir.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qeyd etmişdir ki, bu gün iki ölkənin münasibətləri barədə məmnuniyyət qürurla danışmaq olar. Səfir demişdir: "Biz SSRİ dağılandan sonra Rusiya ilə Azərbaycan arasında qarşılıqlı etimadsızlıq, anlaşılmazlıq hökm sürdüyü mürəkkəb şəraitdə işə başlamışdıq. Ulu öndər Heydər Əliyevin Rusiya liderlərinin səyləri sayəsində bu gün biz strateji tərəfdaşlıq adlanan səviyyəyə çatmağa nail olmuşuq. Bu tərəfdaşlıq qarşılıqlı hörmətə, bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü suverenliyini danışıqsız tanımağa əsaslanır".

Səfir Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin inkişafını xüsusi vurğulamışdır. V.Doroxin qeyd etmişdir ki, keçən il Bakıda keçirilmiş Humanitar əməkdaşlıq məsələlərinə dair birinci Rusiya-Azərbaycan forumu ölkələrimiz arasında humanitar əlaqələrin dərinliyini nümayiş etdirmişdir. O bildirmişdir ki, humanitar sahədə hər iki ölkənin xalqlarının mənəvi həyatını zənginləşdirəcək tədbirlər keçirilməsi planlaşdırılır.

V.Doroxin iki ölkə arasında iqtisadi əlaqələrdən bəhs edərək demişdir ki, Rusiya qeyri-neft sektorunda Azərbaycanın ən mühüm ticari-iqtisadi tərəfdaşıdır. Diplomat demişdir: "Bu ilin beş ayı ərzində iki ölkə arasında əmtəə dövriyyəsi 70 faizdən çox artmışdır. Bu il ticarətdə yeni mütləq rekord nəticəyə ümid etmək üçün hər cür əsasımız vardır".

V.Doroxin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın rolunu da qeyd etmişdir. O demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiya Azərbaycan üçün bu ağrılı problemin həllində fəal iştirak edir. V.Doroxin münaqişənin həllinə dair danışıqlar prosesinin indiki vəziyyətinə toxunaraq qeyd etmişdir ki, beynəlxalq birliyin səyləri sayəsində "ciddi razılaşmalar əldə etmək şansı vardır".

Səfir V.Doroxin sonda qeyd etmişdir ki, Rusiya onun strateji qonşusu olan Azərbaycanla tərəfdaşlığı daha da möhkəmlətmək üçün bundan sonra da səy göstərəcəkdir. Səfir vurğulamışdır: "Rusiya Azərbaycanla strateji münasibətlərini bundan sonra da inkişaf etdirəcəkdir. Biz qonşumuzun güclü, sabit firavan olmasında maraqlıyıq".

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 6.