Kayseridə "Nabukko"ya Dəstək Sazişi imzalanmışdır

 

İyunun 8-də Türkiyənin Kayseri şəhərində "Nabucco Gas Pipeline International GmbH" korporasiyası və beş tranzit ölkənin (Avstriya, Bolqarıstan, Macarıstan, Rumıniya və Türkiyə) məsul nazirlikləri arasında "Nabukko" Layihəsinə Dəstək Sazişlərinin (LDS) imzalanması mərasimi keçirilmişdir.

AzərTAc "Nabucco Gas Pipeline International GmbH" korporasiyasının saytına istinadla xəbər verir ki, LDS-lər "Nabukko" şirkətləri və hər bir tranzit ölkə hökuməti arasında bağlanmış ikitərəfli, xüsusi hüquq sazişlərdir. Bu sazişlər "Nabukko" boru kəmərinin perspektiv inkişaf mərhələsində önəmli bir dövrü əhatə edir. LDS-lərin əsas elementləri Avropa İttifaqı və Türkiyə energetika qanunvericiliyi çərçivəsində üstün cəhətlərə malik faydalı normativ tranzit bazasının təsdiqlənməsindən, "Nabukko" boru kəmərinin qanunda hüquq bərabərliyini pozan potensial dəyişikliklərdən qorunmasından və layihənin gələcəkdə həyata keçirilməsi üçün qanunvericiliyə əsaslanan və inzibati tədbirlərə dəstək verilməsindən ibarətdir. LDS-lərdə layihəyə dəstək vermək üçün hər bir hökumət tərəfindən götürülmüş öhdəlik də qeyd olunur.

Layihənin uğurla maliyyələşdirilməsi üçün hökumətlərarası saziş ilə birlikdə LDS-lər zəruri ilkin şərtdir. Bu sazişlər dünyanın ən böyük vahid qaz transmissiya layihələrindən birinin maliyyələşdirilməsini təmin etmək üçün beynəlxalq kreditorlar qrupu tərəfindən tələb olunan sabit, uzunmüddətli normativ baza yaradır.

Sazişin imzalanması münasibətilə "Nabucco Gas Pipeline International GmbH" korporasiyasının baş direktoru Reynhard Mitçek açıqlamasında bildirmişdir ki, LDS-lərin imzalanması layihə üçün daha bir mühüm əhəmiyyət kəsb edən məsələdir və tranzit ölkələrin hökumətləri ilə bizim tərəfdaşlığımızı və əməkdaşlığımızı gücləndirir. Eyni zamanda, bu gün "Nabukko" Layihəsinin Siyasi Komitəsinin birinci iclası keçirilir və bu komitə tranzit ölkələr arasında səmərəli koordinasiyanı təmin edəcəkdir. Biz layihənin nadir möhkəm əsasından məmnunuq və layihəyə həm siyasi, həm də maliyyə dairələrindən dəstək verilməsini alqışlayırıq. "Nabukko" layihəsi sahibkarları, istehlakçıları, ölkələri və mədəniyyətləri birləşdirən qlobal enerji əməkdaşlığının gələcəyini özündə əks etdirir və qarşıdan gələn bir çox onilliklər ərzində təchizatın müxtəlifliyi və təhlükəsizliyini təmin edəcəkdir.

"Nabukko" layihəsinin rəhbər komitəsinin sədri və "Gas & Power at OMV" şirkətinin rəhbəri Verner Auli isə qeyd etmişdir ki, səhmdarlar "Nabukko" boru kəmərinə sadiqdirlər və biz layihənin bugünədək ruhlandırıcı irəliləyişinə dərin inam bəsləyirik. Avropada təbii qaza tələbatın növbəti onillikdə xeyli artacağını gözləyirik. Təchizatçılar ilə danışıqlar uğurla gedir və "Nabukko" boru kəmərinə maraq hər gün getdikcə güclənir.

İmzalanan LDS-lərdə boru kəmərinin uğurla maliyyələşdirilməsi üçün ilkin şərt kimi zəruri olan normativ-hüquqi baza yekunlaşdırılır.

Qeyd edək ki, "Nabukko" dünyanın ən zəngin qaz regionlarını - Xəzər regionunu və Yaxın Şərqi birbaşa olaraq Avropa istehlakçı bazarları ilə birləşdirəcəkdir. Boru kəməri Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən keçməklə Türkiyənin şərq sərhədlərini Mərkəzi Avropanın ən mühüm qazpaylayıcı qovşaqlarından biri olan Avstriyanın Baumqarten əyalətinə birləşdirəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 9 iyun.- S. 6.