Moskva vilayətində Azərbaycanın
müstəqilliyinin 20 illiyinə həsr edilmiş təntənəli
tədbir keçirilmişdir
Moskva vilayətindəki "Bor" sağlamlıq kompleksinin əsas korpusunda Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbir Domodedovo şəhər dairəsinin administrasiyasının və Moskva vilayəti hökumətinin dəstəyi ilə Domodedovo şəhər dairəsinin "Rodina" diaspor təşkilatının rəhbəri, Rusiya Federasiyasının əməkdar inşaatçısı Əlizaman Rəhimov tərəfindən təşkil edilmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu tədbirdə giriş sözü söyləmişdir. Ölkəmizin ən yeni tarixinə qısaca nəzər salan səfir Azərbaycanın müstəqilliyi bərpa ediləndən sonrakı onilliklərdə qazanılmış uğurlar barədə söhbət açmışdır. Diplomat xüsusi vurğulamışdır ki, 2011-ci il müxtəlif əlamətdar hadisələrlə çox zəngindir. P.Bülbüloğlu Rusiya Azərbaycanlı Gənclər Təşkilatının bu günlərdə Sankt-Peterburqda keçirilmiş üçüncü konfransının işi barədə məlumat vermişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-nin sədri Leyla Əliyevanın rəhbərliyi ilə keçirilmiş konfrans barədə səfir demişdir: "Çox mühüm faktdır ki, bu təşkilat bütün Rusiyanın azərbaycanlı gənclərini birləşdirir. Federasiyanın 67 regionunda bu təşkilatın bölmələri vardır. Çox sevindirici haldır ki, RAGT-nin regional bölmələri də kifayət qədər fəal iş aparırlar. Mövcud olduğu iki ildə RAGT çoxlu müxtəlif tədbirlər və birgə aksiyalar keçirmişdir".
Səfir Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsi məsələsinə toxunaraq qeyd etmişdir ki, son illərdə bu münasibətlər yüksələn xətt üzrə inkişaf edir, bütün sahələrdə əlaqələrin inkişaf dinamikası müşahidə olunur. Diplomat demişdir: "Siyasi baxımdan bizi çox sevindirən odur ki, Prezident İlham Əliyev ilə Prezident Dmitri Medvedev arasında çox səmimi dostluq münasibətləri yaranmışdır. Bu gün Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox səy göstərir. Bu, bizim üçün çox vacibdir, çünki Azərbaycan sürətlə inkişaf edir və bu gün yeganə ciddi problem bizim torpaqlarımızın işğal edilməsi, Dağlıq Qarabağ problemidir".
Onun sözlərinə görə, son illərdə Rusiya rəhbərliyi, Rusiya XİN və şəxsən Rusiya Prezidenti Dmitri Medvedev bu problemin həlli üçün çox səy göstərir, ABŞ, Rusiya və Fransa prezidentlərinin bəyanatı isə göstərir ki, bu problemi həll etmək lazımdır və münaqişə nə qədər tez həll edilərsə, bu region bir o qədər sürətlə inkişaf etməyə başlayar.
Moskva vilayəti hökumətinin iqtisadiyyat naziri Vyaçeslav Krımov Azərbaycan xalqını müstəqilliyin bərpa edilməsinin 20 illiyi münasibətilə təbrik edərək demişdir: "Artıq 20 ildir ki, biz müxtəlif müstəqil ölkələrdə yaşayırıq. Bu illər inandırıcı şəkildə sübut etmişdir ki, Azərbaycan və Rusiya vətəndaşları çox güclü dostluq telləri ilə bir-birinə bağlıdır". O, həmvətənimiz, Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun fəaliyyətini yüksək qiymətləndirmişdir. Onun rəhbərlik etdiyi "Günay" inşaat firması son dörd ildə öz tikinti layihələri ilə Domodedovo şəhərinə və bütün Moskva vilayətinə çox böyük hədiyyələr etmişdir. Moskva vilayəti hökumətinin nümayəndəsi demişdir: "Bu, bir daha sübut edir ki, bizim dostluğumuz siyasi mülahizələrə görə şişirdilmiş uydurma dostluq deyildir".
V.Krımov Moskva vilayətinin qubernatoru Boris Qromovun tapşırığı ilə səfir Polad Bülbüloğluna Moskva vilayətinin fəxri təltifini "Znak qubernatora - blaqodaryu" ordenini təqdim etmişdir.
Domodedovo şəhər dairəsinin rəhbəri Leonid Kovalevski öz çıxışında qeyd etmişdir ki, son 20 ildə xalqlarımız yeni tərzdə yaşamağı öyrənmiş və bu imtahandan uğurla çıxmışlar. Azərbaycan diasporunun Moskva regionunun inkişafına verdiyi töhfədən söhbət açan L.Kovalevski Əlizaman Rəhimovun bu sahədə zəhmətini xüsusi vurğulayaraq demişdir ki, bu insan genişmiqyaslı layihələr həyata keçirməklə bərabər, həm də çox böyük sosial problemləri həll edir - köhnəlib yararsız vəziyyətə düşmüş evləri sökür, insanlara yeni mənzillər verir, öz vəsaiti hesabına məktəblər, uşaq bağçaları, digər müəssisələr tikərək rus biznesmenlərinin çoxuna nümunə göstərir. "Biz onun timsalında biznesmenləri sosial problemlərin həllinə məsuliyyətlə yanaşmağı öyrədirik", - deyən L.Kovalevski sonra Azərbaycanın Rusiyadakı səfirinə xatirə hədiyyəsi - üzərində Domodedovo şəhərinin gerbi təsvir edilən vazanı təqdim etmişdir.
Moskva vilayət Dumasının deputatları Vladimir Aristarxov və Aleksandr Naumov öz çıxışlarında vurğulamışlar ki, artıq 20 ildir ki, Azərbaycan beynəlxalq hüququn subyektinə çevrilmiş, dünya arenasında öz layiqli yerini tutmuşdur və onunla hesablaşmağa başlamışlar. Parlamentarilər qeyd etmişlər ki, bu gün Azərbaycan böyük perspektivlərə malik olan firavan ölkədir. Azərbaycan və Rusiya xalqları arasında dostluq bundan sonra da möhkəmlənəcəkdir.
Moskva merinin müavini Nikolay Lyamov Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin növbəti ildönümü münasibətilə xalqımızı təbrik etmiş və Azərbaycan ilə Moskva hökuməti arasında möhkəm dostluq tellərinə diqqəti cəlb etmişdir.
Sonda tədbirin təşkilatçısı Əlizaman Rəhimov çıxış etmişdir. Bugünkü görüşü xalqlar dostluğu bayramı hesab edən Ə.Rəhimovun sözlərinə görə Moskva vilayətinin və Domodedovo şəhər dairəsinin ərazisində müxtəlif millətlərdən olan insanlar yaşayır və onlar hamısı Rusiya vətəndaşlarıdır, lakin öz soyköklərini yaddan çıxarmırlar. O demişdir: "Biz birləşməyə çalışırıq, öz dilimizi, ənənələrimizi, adət və mədəniyyətimizi qoruyub saxlayırıq. Mən bir inşaatçı kimi, "Günay" inşaat firmasının rəhbəri kimi yaxın illərdə Domodedovo şəhər dairəsində millətlərarası mədəniyyət mərkəzi tikməyə çalışacağam, orada şəhərimizdə yaşayan bütün millətlər üçün kifayət qədər yer olacaqdır".
Təntənəli mərasimdən sonra Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.- 2011.-9 iyun.- S. 9.