İlin axırınadək
Azərbaycanda yüksək
texnologiyalı və enerjiyə qənaət edən məhsul istehsalı nizama salınacaqdır
Belarus Milli Elmlər
Akademiyası (BMEA) idarə heyəti sədrinin müavini
Sergey Raxmanovun başçılığı ilə
Bakıda səfərdə olan Belarus nümayəndə heyəti
Azərbaycan Milli Aviasiya Akademiyasında (AMAA) olmuşdur.
AMAA-dan AzərTAc-a
bildirmişlər ki, nümayəndə heyətinə Belarus
MEA-nın İşıq Diodları və Optik Elektron
Texnologiyalar Mərkəzinin direktoru Yuri Trofimov və bu mərkəzin
Marketinq və logistika şöbəsinin rəisi Oleq Kiselyov
daxildirlər.
AMAA-nın rektoru akademik
Arif Paşayevlə görüşdə Azərbaycanda
Belarusun işıq diodları texnologiyalarından istifadə
etməklə işıq avadanlığı
istehsalının qaydaya salınması məsələləri
müzakirə edilmişdir. Bu layihənin texniki-iqtisadi əsaslandırmasını
yaxın vaxtlarda hazırlamaq barədə razılaşma əldə
olunmuşdur. İlin axırınadək Azərbaycanda enerjiyə
qənaət edən yüksək texnologiyalı müvafiq məhsulun
istehsalını qaydaya salmaq planlaşdırılır.
Belarus nümayəndə
heyəti BMEA-nın Azərbaycanda tətbiqi perspektivli olan digər
innovasiya layihələrini də təqdim etmişdir.
Xatırladaq ki, səfər
proqramında Azərbaycan Milli Elmlər Akademiyasında, Azərbaycan
Respublikası Prezidenti yanında Elmin İnkişafı
Fondunda, digər elmi qurumlarda görüşlər nəzərdə
tutulmuşdur.
Həmin görüşlərdə Belarus nümayəndə heyəti BMEA-nın gələcəkdə Azərbaycan təşkilatları ilə birlikdə istehsalatda tətbiq etmək üçün perspektivli innovasiya layihələrinin təqdimatını keçirəcək, enerjiyə qənaət edən sutəmizləyici texnologiya, kompyuter nitq texnologiyaları, tibbi informasiya texnologiyaları və sistemləri, seleksiyanın biotexnoloji və molekulyar-genetik metodları, molekulyar biologiya diaqnostikası, lazer-optik və optik-elektron texnologiyalar və digər sahələrdə qarşılıqlı əlaqələri genişləndirmək istiqamətində konkret məsələlər müzakirə olunacaqdır.
Azərbaycan.- 2011.- 9 iyun.- S. 11.