Söz ustalığı
El gözü tərəzidir: həmişə yaxşını pisdən ayırmağı bacarır. Xüsusilə də geniş dünyagörüşü, zövqü olan adamlara hər şeyi zorla qəbul etdirmək mümkün deyil! İnsanların ürəyinə yol tapmaq üçün gərək elə söz seçib, elə ifadə işlədəsən ki, sənə qulaq asa, söylədiyindən nəticə çıxara bilsinlər.
Müxtəlif məclislərdə, toplantılarda, yubiley gecələrində, təqdimat mərasimlərində, bayram və şənliklərdə çıxış etmək, qulaq asanların diqqətini cəlb etmək, yadda qalmaq həqiqətən çox çətindir. Bəzən ayrılan müddət ərzində elə sözləri, cümlələri, fikri tapıb işlətməlisən ki, həm vaxta qənaət olsun, həm də danışığın mənalı və məntiqli alınsın. Əlbəttə, bu o qədər də asan məsələ deyil. Söz sarıdan yükünü necə tutasan ki, ətrafını bezdirməyəsən. Bunun üçün mütaliən geniş olmalıdır, müzakirəyə çəkilən hər hansı mövzu haqqında dərin biliyə malik olmalısan. Bu mənada, əvvəlcədən çıxışa hazır olmalısan. Doğrudur, qəflətən də səni hansısa bir mövzu barədə danışmağa dəvət edə bilərlər. Buna görə də sözünü, cümləni elə qurmalısan ki, gülüş hədəfi olmayasan, istehza ilə qarşılanmayasan.
Əslində, "natiq" sözü Azərbaycan dilinin izahlı lüğətində "nitq, çıxış edən" mənasında verilir. Özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi bacaran adam əsl natiqdir. Natiqin də silahı canlı sözdür. Bəs bu sözdən necə istifadə edə bilirik?
Əslində, natiqlik söz ustalığı üzərində qurulmuş bir sənətdir. Əlbəttə, hər bir işdə olduğu kimi, burada da Allah tərəfindən bəxş edilmiş qabiliyyət öz rolunu oynayır. Lakin bu qabiliyyətin hər şeyi həll etdiyini düşünmək səhv olardı. Ən zəngin mənəviyyata malik olan insan da üzərində müntəzəm işləməsə, dünyanın yeniliklərindən, ətrafda baş verən hadisələrdən, Azərbaycan dilinin qanun-qaydalarından, qrammatikasından xəbərdar olmasa, bu yerdə hansısa istedadın da köməyi çatmaz. Canlı söz ustalığı və natiqlik sənəti, ilk növbədə, insandan böyük zəhmət tələb edir ki, öz üzərində işləyərək müəyyən vərdişlərə yiyələnsin.
Canlı söz sənəti bütün sənətlərin ən qədimidir. Natiqlik sənəti isə qədim Yunanıstanda daha geniş inkişaf etmişdir. Eramızdan əvvəl 490-429-cu illərdə yaşamış dövlət xadimi Perikl ozamankı yunan natiqlərinin "atası və dostu" adlandırılıb. Onun haqqında yazılanlardan bəlli olur ki, bu məşhur natiqin nitqlərində həqiqət, sadəlik, dərinlik əsas yer tuturdu. Sonrakı illərdə də müxtəlif xalqların şöhrət qazanmış natiqləri olub. Bu sırada Azərbaycanda natiqlik mədəniyyətinə görə seçilən şəxsiyyət ümummilli lider Heydər Əliyev olub. Bir çox mütəxəssislər hələ indiyə kimi ulu öndərin nitqindəki gözəlliyin, cazibənin, səmimiliyin sirrini aça bilməyiblər. Hansı məclisdə Heydər Əliyev iştirak edirdisə, bəlli idi ki, gündəmdə olan məsələ haqqında ən parlaq nitqi məhz ulu öndər söyləyəcək. Bu sahədə Heydər Əliyev hər hansı bir mövzuda danşanda təqdim edilən sahənin əsl bilicisi kimi çıxış edirdi. İstər ədəbiyyat olsun, tarix, musiqi, teatr, rəssamlıq, iqtisadiyyat, siyasət - fərq etmirdi. Heydər Əliyev lider idi! Hər kəs də bu unudulmaz insanın qeyri-adi yaddaşına, natiqlik qabiliyyətinə heyran qalırdı. Elə şirin, cazibəli danışardı ki, hamı vurğunluqla qulaq asardı. Dəfələrlə etiraf edilib ki, Heydər Əliyevin natiqlik məharətinin analoqu yoxdur.
Natiqlik sənətinin əsas
materialı sözdür. Ona görə də bu materiala
mükəmməl yiyələnmək gərəkdir. Hər
şeydən əvvəl, insan öz leksikonunu zənginləşdirməlidir.
Hərdən özümüzə bu sualı mütləq
verməliyik: biz nə qədər söz bilirik? Bu, insanın
mədəni inkişaf dərəcəsindən
asılıdır. Tədqiqatçıların
müşahidələrinə görə, vaxtilə cəngəlliklərdə
yaşayan vəhşi adamın lüğəti 50, ya 60
sözdən ibarət olub. XIX əsrin ortalarında
yaşamış savadsız kəndli ən çox 300
söz bilirdi. Zəmanəmizin ziyalısı təxminən
1500-2000 sözdən ibarət lüğətdən istifadə
edir. Keçmişin və bugünün böyük
yazıçılarının lüğəti
ölçüyəgəlməz dərəcədə zəngindir.
Böyük rus şairi A.S.Puşkin on min sözdən ibarət
lüğətdən istifadə edərmiş. Ötən əsrin
ortalarından başlayaraq bugünə kimi müxtəlif
lüğətlər çap edildi. Öz işləkliyini
itirmiş törəmə sözlər və digərləri
bəzi hallarda həmin nəşrlərdə bir daha verilmədi.
Lüğət üzərində diqqət və fədakarlıqla
işləmək hər bir kəsin fərdi düşüncəsini,
söz ehtiyatını zənginləşdirməyə
kömək edir.
Dövlət müstəqilliyimizi
qazandıqdan sonra "Azərbaycan dilinin orfoqrafiya lüğəti",
"Azərbaycan dilinin izahlı lüğəti",
müxtəlif terminlərin izahı ilə bağlı
lüğətlər, sözlüklər, digər köməkçi
vasitələr işıq üzü gördü. Təəssüf
ki, bəzən həmin nəşrlərdən də
geniş şəkildə faydalanmaq mümkün olmur.
Çünki əksər sözlərin izahı
düzgün verilməyib. Yəni, meyar nöqsanlı olanda
insan çaşbaş qalır. Bəzən də sovet
dövründə buraxılmış lüğətlərdən
bu gün istifadə etsək də, təəssüf ki, həmin
lüğətlər müasir elmin səviyyəsindən
çox geridə qalır. Buna görə də mütəxəssislər
gərək lüğət hazırlayanda son dərəcə
diqqətli və səriştəli olsunlar. Dilimizdə "cəfəngiyyat"
sözü olduğu halda, niyə "absurd" deməliyik?
Yaxud da nədən "müsahibə"ni
"intervyü" ilə dəyişdiririk? Təəssüf
ki, bu gəlmə ifadələr bəzi lüğətlərdə
də öz yerini tapıb.
Müasir dövrdə natiqin
məna yozumları xeyli genişlənib. Bu gün
aparıcı da bir növ natiqdir. Gərək o öz nitqinə
çox diqqətlə yanaşsın. Xalq arasında işlənən
atalar sözlərini, məsələləri, tapmacaları və
s. bilərsə, çox yaxşı olar. Onda
aparıcının danışığı xeyli zənginləşər,
sözünün şirəsi artar. Natiqlik adicə
danışmaqdan ibarət deyil. Natiq onu əhatə edən
adamların sözünə diqqətlə və
düşüncəli şəkildə qulaq asmalıdır.
Onda dinləyici ilə danışan arasında söz
körpüsü qurulur, münasibət tarazlanır,
müsahibə baş tutur, anlaşma yaranır.
Aparıcının söz zənginliyi, öz fikirlərini
dinləyiciyə düzgün çatdırması
üçün Azərbaycan dilinin imkanlarından məharətlə
istifadə edilməlidir. Müəyyən bir fikri ifadə etmək
üçün sözlərin mənasını bilmək
kifayət deyildir. Bundan başqa, onları müvafiq surətdə
uyğunlaşdırmağı bacarmaq, öz nitqini, tələb
olunan nəticələri verə biləcək qaydada qurmaq gərəkdir.
Nitqin anlaşıqlı və təsirli olmasının
birinci və ən mühüm şərti onun
orijinallığındadır. Əlbəttə,
orijinallığı orijinal görünməyə cəhd
etməklə qarışdırmaq olmaz. Bir də görürsən
ki, aparıcı özünü əldən salır, öz
mühakimələrinin çiyliyi ilə dinləyiciləri
cəlb etmək istəyir. Bu isə alınmır. Əsl
aparıcı o zaman orijinal ola bilir ki, deməyə
sözü var, danışmaq xatirinə nitq söyləmir.
Nitqin
aydınlığı, dilin sadəliyi naminə hər nə
gəldi danışmaq gərək deyil. Aparıcı tez-tez
"deməli ki", "biz görürük ki",
"necə deyərlər", "özünüz
bilirsiniz ki" və s. kimi təkrarlanan ifadələri
öz nitqindən çıxarmalıdır. Əcnəbi
sözlərdən də tez-tez istifadə etmək qeyri-məqbuldur.
Beləliklə, biz həm də ana dilimizin gözəlliyinə
xələl gətiririk. Doğrudur, bütün dillərdə
neologizmlər var. Amma dildə vətəndaşlıq
hüququ qazanmış sözlərdən istifadə edilməlidir.
Bir də hansı əcnəbi ifadənin dilimizdə
qarşılığı varsa, niyə onu işlətməyək?
Təəssüf ki, bu gün hələ də televiziya
aparıcılarının nitqində "uje",
"neujeli", "koneçno", "vsyo",
"davay", "privet", "qudbay",
"interesni", "defekt", "xolodelnik",
"pereriv" kimi sözlər işlədilməkdədir.
Nitqin bir mühüm cəhəti
də qısa olmasıdır. Natiq nə qədər öz
fikrini yığcam ifadə etməyi bacarsa, bir o qədər
yaxşıdır. Sadəlik ən böyük məziyyətdir.
Sadəlik dilin zənginliyini və gözəlliyini nəinki
sadələşdirir, əksinə, dildə ifadəli vasitələrdən
daha bariz istifadə edilməsinə şərait yaradır.
Maraqlıdır ki, bu gün
ölkəmizdə Azərbaycan dilinin zənginliyini qorumaq
baxımından öz nitqində sadə və rəvan
danışanlar sırasında birinci yer ölkə
başçısı İlham Əliyevə məxsusdur. Həqiqətən
də bütün çıxış və nitqlərində
doğma ana dilimizdə çox səmimi və dürüst
danışan Prezident bu sahədə örnəkdir. İstər
orta, istərsə də ali təhsilini rus dilində alan, xeyli
müddət ali məktəbdə - Moskva Beynəlxalq
Münasibətlər İnstitutunda bu dildə dərs deyən
bir şəxsiyyətin ana dilində bu dərəcədə
səlis və aydın danışması çox xoşdur və
nümunədir. Təəssüf ki, bir çox məmurlar hələ
də müxtəlif dillərin qarışığından
qurduqları nitqlərində yaratdıqları
çaşbaşlıqdan xəbərsizdirlər.
"Yaylımı yayım", "yayımı
yaylım", "müsahibəni müsabiqə", "dəstəyi
dəstə", "təvazökarı təcavüzkar",
"cəsuru cəsus" kimi tələffüz edərək
insanlar arasında necə istehza ilə
qarşılandığından xəbərsiz olan məmurlar
hələ də var.
Natiqlik həm də mədəniyyətdir.
Bu qədim sənətin həm tarixi, həm də indiki təcrübəsi
bunun dinləyicilər arasında düzgün
qarşılıqlı münasibət qurmasının
müstəsna əhəmiyyətə malik olduğunu
aydın sübut edir. Bir də nitq söyləyən gərək
auditoriyanın tərkibini mütləq nəzərə
alsın ki, dinləyicilər ona diqqətlə qulaq
asırlar, ya yox. Təcrübəli natiq həmişə
öz nitqinə diqqətlə yanaşır,
çalışır ki, auditoriya ilə qarşılıqlı
münasibət qura bilsin. Belə olan halda dinləyici də
narazı qalmaz, söz deyən də. Nitqi lüzumsuz,
şablon ifadələrlə yükləmək də olmaz.
Natiqin intonasiya ustalığının böyük əhəmiyyəti
var. Tələsmədən, aramla danışmaq, nitq söyləyərkən
əsəbləşməmək, danışarkən fasilədən
bacarıqla istifadə etmək nitqin təsirliyini
artırır. Yorulmuş dinləyicilərin diqqətini
çəkmək, auditoriyada canlanma yaratmaq üçün
müxtəlif üsullardan da istifadə edilir. İstər
aparıcı olsun, istərsə də natiq - onlar öz
çıxışlarında bəzən zarafatdan da yerində
istifadə edəndə gözəl nəticə verir.
Nitqimizin mənalı, zəngin
və rəngarəng olması üçün nitq mədəniyyətinin
tələb etdiyi kimi, qrammatik cəhətdən
düzgün, məntiqli cəhətdən səlis və ana
dilində danışmağı bacarmalıyıq. Natiqlik həm
də dil mədəniyyətinə söykənir. Mədəni
görünmək yox, həqiqətən mədəniyyətli
olmalıyıq.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2011.-9 iyun.- S.11.