Şəhərlərimiz mədəniyyət
paytaxtlarına çevrilir
Qədim tarixə malik olan ölkəmizi Cənubi Qafqazda fərqləndirən bir məziyyəti də onun zəngin mədəniyyəti, musiqisi, milli-mənəvi dəyərlərə sadiqliyidir. Son illər respublikamıza gələn əcnəbilər xalqımızın istedadına, adət-ənənəsinə, eləcə də qonaqpərvərliyinə məftun olduqlarını məmnuniyyətlə dilə gətirirlər. İkinci ildir ki, paytaxtdan başlanan mədəniyyət hadisələri bölgələrimizdə də əks-səda verir. Beynəlxalq tədbirlərə, festivallara, konfranslara indi sahiblik edən şəhərlər sırasında Naxçıvanın, Qəbələnin, Şəkinin, Gəncənin öz yeri var.
Azərbaycan son illər təkcə sosial-iqtisadi göstəricilərinə görə deyil, həm də mədəni həyatdakı inkişafı ilə əlaqədar dünyanın bütün qütblərində maraqla izlənilməkdədir. Xarici ölkələrin respublikamızla mədəni əlaqələrinin şəbəkələri genişlənməkdədir. 20 illik müstəqillik dövründə Azərbaycanın inkişafı da bu həqiqəti təsdiqləməkdədir. Regionun aparıcı dövləti kimi Azərbaycana maraq artmaqdadır.
İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin elm, təhsil və mədəniyyət qurumu olan İSESKO-nun qərarı ilə Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üzrə İslam mədəniyyəti paytaxtı elan edilmişdi. Bu barədə qərar islam ölkələri mədəniyyət nazirlərinin 2007-ci ilin noyabrında Tripolidə (Liviya) keçirilmiş V konfransında qəbul olunmuşdu.
Xatırladaq ki, İSESKO-nun təklifi ilə hələ 2001-ci ildə islam ölkələri mədəniyyət nazirlərinin Qətərin paytaxtı Dohada keçirilmiş III konfransında "İslam mədəniyyəti paytaxtları" proqramını təsdiqləyən qətnamə qəbul edilmişdir. Həmin qərara görə, Səudiyyə Ərəbistanının Məkkə şəhəri ilk "İslam mədəniyyəti paytaxtı" elan edilmişdi.
Bu ada namizəd şəhərin öz regionu və ölkəsi səviyyəsində zəngin tarixi olmalı, elmin, incəsənətin və ədəbiyyatın inkişafına xüsusi töhfə verməli, həm islam, həm də bütövlükdə dünya mədəniyyətinə xüsusi münasibəti ilə seçilməlidir. Bundan əlavə, islam mədəniyyəti paytaxtı seçilməyə namizəd şəhərin elmi mərkəzləri, əlyazma kitabxanaları, arxeoloji təhsil qurumları, həm fərdi, həm də kütləvi şəkildə mədəni tədbirlər təşkil edən təsisatları olmalıdır.
İslam ölkələri mədəniyyət nazirlərinin V konfransında iştirak etmiş Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı şəhərinin "İslam mədəniyyəti paytaxtları" proqramının bütün meyarlarına tamamilə uyğun gəlməsini bildirmişdir. Konfransda onun 2009-cu ildə Bakının İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı təklifi yekdilliklə dəstəklənmişdir.
Bakı bu yüksək və fəxri ada islam mədəniyyəti və elm sahəsində görkəmli xidmətlərinə, islam abidələrinin qayğı ilə qorunmasına və islam irsinin zənginləşdirilməsinə görə layiq görülmüşdür. İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Bakıda səfərdə olarkən demişdir: "Bakının İslam mədəniyyəti paytaxtı elan edilməsi islam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmlətmək üsuludur, çünki Bakı islam dünyasında ən qədim şəhərlərdən biridir".
Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" proqramı çərçivəsində "Gəncə - Azərbaycanın əfsanələr paytaxtı", "Qazax - Azərbaycanın folklor paytaxtı", "Şəki - Azərbaycanın sənətkarlıq paytaxtı" elan olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilmişdir. Bununla əlaqədar, təsdiq edilmiş plana əsasən, Gəncə, Şəki və Qazax şəhərlərində keçiriləcək tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılmış və müvafiq şəhərlərin gerbləri əsasında loqotiplər hazırlanmışdır.
Son illərdə Azərbaycanda mədəniyyət sahəsi sürətlə inkişaf edir. Ölkəmizdə aparılan layihələr bütün dünyada çox böyük maraq yaradıb. Bakıda "İslam Mədəniyyətinin paytaxtı" layihəsi çərçivəsində islam ölkələri nazirlərinin, BMT ölkələrinin mədəniyyət nazirlərinin iclası keçirilib. Onu da qeyd edək ki, bu proqram 2024-cü ilə qədər hazırlanıb və proqram çərçivəsində 2018-ci ildə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı olmaq fəxarətini yaşayacaq.
Yeni layihələrin, proqramların məqsədi bu nailiyyətləri davam və inkişaf etdirməkdir. Azərbaycanın bəzi şəhərlərinin əfsanələr, folklor və sənətkarlıq paytaxtları elan olunması da məhz dövlət müstəqilliyinin 20 illik tarixində respublikamızın bütünlüklə regionlarının sosial-iqtisadi və mədəni inkişafının göstəricisidir.
Mədəniyyət və Turizm Nazirliyinin "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" proqramına əsasən, 2011-ci ildə Şabran şəhəri "Azərbaycanın əfsanələr paytaxtı", Lənkəran "Azərbaycanın folklor paytaxtı", İsmayıllı isə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilmişdir.
Son illər ölkəmizin qeyri-maddi mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması istiqamətində görülmüş işlərdən danışarkən unudulmamalıdır ki, aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, Azərbaycan xalçası YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilmişdir. Bundan başqa, Azərbaycanın qədim və zəngin mətbəxinin də YUNESKO-nun siyahısına salınması qarşıya qoyulmuş məqsədlərdəndir. Dünya xalqları ilə mədəni əlaqələrin daha da genişləndirilməsində isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi vurğulanmalıdır.
Yeri gəlmişkən, dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsi istiqamətində islahatlara artıq başlanılmışdır. Bu məqsədlə adıçəkilən sahənin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqi aparılmışdır. Keçirilmiş monitorinqin nəticələri əsasında Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, mühafizəsi və hərtərəfli inkişafı ilə bağlı "2011-2020-ci illərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı"nın layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunmuşdur.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irs konsepsiyası, abidələrin dövlət reyestri, inventar pasportlaşdırılması, "Muğam-tur, aşıq-tur, xalça-tur və Novruz-tur beynəlxalq mədəni-turizm marşrutlarının yaradılması" və digər proqram və layihələr üzərində iş aparılır. Təsdiq edilmiş proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olmuş təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər baxımından nəzərə alınmaqla təhlil edilmiş, cari il üçün Şabran, Lənkəran və İsmayıllı müxtəlif sahələr üzrə paytaxt şəhərlər seçilmişlər.
Proqrama uyğun olaraq, il ərzində adları çəkilən şəhərlərdə təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, "dəyirmi masa"ların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və s. tədbirlərin təşkili nəzərdə tutulmuşdur.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 9 iyun.- S. 11.