Serbiyanın Novi Sad şəhərində
Üzeyir Hacıbəylinin büstü
açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya
Prezidenti Boris Tadiç mərasimdə iştirak etmişlər
Azərbaycan Prezidenti İlham Əliyev
və Serbiya Prezidenti Boris Tadiç iyunun 9-da Novi Sad şəhərində
dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
büstünün açılışında iştirak
etmişdir.
Serbiyanın Novi Sad
şəhəri Voyevodina muxtar diyarının
paytaxtıdır və Belqraddan sonra ölkənin ikinci ən
böyük şəhəri sayılır. Novi Sad 1694-cü
ildə salınmışdır. XVII-XIX əsrlərdə
Serbiya mədəniyyətinin beşiyi olmuş bu şəhəri
"Serb Afinası" da adlandırırlar. Bu gün Novi Sad
Serbiya iqtisadiyyatının sənaye və maliyyə, ölkənin
əsas mədəniyyət mərkəzlərindən biridir.
Burada Serbiyanın ən qədim mədəniyyət, elm mərkəzləri,
muzeylər, teatrlar yerləşir. Təsadüfi deyildir ki,
Serbiyanın ilk teatrı 1861-ci ildə bu şəhərdə
fəaliyyətə başlamışdır.
Serbiyanın mədəni
həyatına daha bir töhfəni Azərbaycan vermişdir.
Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü
və dəstəyi ilə Novi Sadda dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin büstü
ucaldılmışdır.
Dövlətimizin
başçısına məlumat verildi ki, büstün yerləşdiyi
parkın ərazisində abadlıq işləri
aparılmış, şəhər sakinlərinin istirahəti
üçün hər cür şərait
yaradılmışdır.
Mərasimin
aparıcısı Üzeyir Hacıbəylinin həyat və
fəaliyyətindən danışdı. Bildirdi ki, dahi Azərbaycan
bəstəkarı Üzeyir Hacıbəylinin
yaradıcılıq irsi nəinki Azərbaycan xalqının
milli sərvətidir, həm də dünya mədəniyyətinin
incisidir. Bu dahi insanın musiqisi dünya mədəniyyətinin
qızıl fonduna daxil olmuşdur. Bəstəkarın
yaratdığı musiqi, ədəbi və elmi irsi ölməz
və əbədidir.
Mərasimdə
çıxış edən Novi Sad şəhərinin meri
İqor Pabliçiç dahi bəstəkar Üzeyir Hacıbəylinin
büstünün açılması münasibətilə
verdiyi dəstəyə görə Prezident İlham Əliyevə
təşəkkürünü bildirdi. Qeyd etdi ki, çoxmədəniyyətli
ölkə olan Serbiya digər mədəniyyətlərə
hörmətlə yanaşır və Üzeyir Hacıbəylinin
büstünün Novi Sadda ucaldılması bu şəhərin
sakinləri üçün böyük şərəfdir.
İ.Pabliçiç
şəhərin Azərbaycan ilə iqtisadi əməkdaşlıqda
maraqlı olduğunu və bu tədbirin ölkələrimiz
arasında dostluğu daha da möhkəmləndirəcəyini
vurğuladı.
Azərbaycan və
Serbiya prezidentləri büstün üzərindəki
örtüyü götürdülər.
Dövlət
başçıları mərasimdə çıxış
etdilər.
Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Hörmətli cənab
Prezident!
Hörmətli cənab
mer!
Hörmətli
xanımlar və cənablar!
Novi Sad şəhərinin
əziz sakinləri!
Bu gün Serbiya-Azərbaycan
əlaqələrinin tarixində çox əlamətdar bir
gündür. Dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəylinin büstü Serbiyanın gözəl guşələrindən
biri olan Novi Sad şəhərində ucaldılır. Mən
sizin hamınızı bu münasibətlə ürəkdən
təbrik edirəm. Üzeyir Hacıbəyli Azərbaycan
klassik musiqisinin banisidir. Eyni zamanda, Üzeyir Hacıbəyli Azərbaycan
Konservatoriyasının da qurucusudur. Onun ölməz əsərləri
bu gün də yaşayır. Üzeyir Hacıbəyli, eyni
zamanda, Azərbaycanda çox güclü klassik musiqi məktəbini
yaratmışdır. Eyni zamanda, dahi bəstəkarımız
Azərbaycan milli himninin də müəllifidir.
1918-ci ildə müsəlman
Şərqində ilk demokratik respublika
yaradılmışdır - Azərbaycan Demokratik
Respublikası və onun dövlət himninin müəllifi məhz
Üzeyir Hacıbəyli olmuşdur. Azərbaycan müstəqilliyini
itirəndən sonra, təbii ki, bizim milli himnimiz də səslənmirdi.
Ancaq Sovet İttifaqı dağılandan, Azərbaycan öz
dövlət müstəqilliyini bərpa etdikdən sonra
Üzeyir Hacıbəylinin yaratdığı Azərbaycan
Demokratik Respublikasının milli himni müstəqil Azərbaycan
Respublikasının milli himni kimi elan edildi və bu gün
bütün rəsmi tədbirlərdə Üzeyir bəyin bu
gözəl əsəri səslənir.
Dünən və bu
gün ölkələrimizin tarixində çox əlamətdar
hadisələr baş vermişdir. Dünən Belqradın
Taşmaydan meydanında serb xalqının dahi
yazıçısı Milorad Paviçin abidəsi və Azərbaycan
xalqının görkəmli şəxsiyyəti Heydər Əliyevin
abidələri ucaldılmışdır. Eyni zamanda, yaxın
aylarda Bakı şəhərində serb xalqının
görkəmli nümayəndəsi, dünya şöhrətli
alim Nikola Teslanın abidəsi də ucaldılacaqdır. Bu
gözəl hadisələr xalqlarımızı bir-birinə
daha da yaxın edəcəkdir. Əminəm ki, ölkələrimiz
də gələcəkdə bir-biri ilə daha da sıx əməkdaşlıq
edəcəklər.
Mənim gözəl
ölkənizə səfərim bu gün başa
çatır. Mən deyə bilərəm ki, səfərin
çox gözəl nəticələri vardır. Əminəm
ki, Serbiya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələri
bu iki gün ərzində daha da möhkəmləndirildi.
Ölkələrimiz və xalqlarımız üçün ən
ağrılı problemlər olan Kosovo və Dağlıq
Qarabağ məsələsi ilə bağlı
qarşılıqlı dəstək daha da gücləndirildi
və dünən mövqelərimiz yenidən bəyan edildi.
İqtisadi əməkdaşlıq haqqında çox ümidverici
danışıqlar aparılmışdır və konkret fəaliyyət
planı yaxın zamanlarda tərtib ediləcəkdir. Əminəm
ki, əldə edilmiş bütün razılaşmalar tezliklə
reallaşacaq və Serbiya Balkanlarda, Azərbaycan isə Qafqazda
və Xəzər hövzəsində regional əməkdaşlığın
dərinləşməsi üçün birgə səylərini
göstərəcəklər.
Mən bir daha mənə və nümayəndə heyətinə göstərilən səmimi qonaqpərvərliyə görə Serbiya Prezidenti cənab Tadiçə, bütün serb xalqına minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, mən öz fəaliyyətimdə iki ölkənin daha da yaxınlaşması üçün bundan sonra da səylərimi əsirgəməyəcəyəm.
Serbiya Prezidenti Boris Tadiçin
çıxışı
- Hörmətli cənab Prezident!
Hörmətli cənab mer!
Novi Sad şəhərinin, Voyevodina diyarının hörmətli sakinləri!
Bu gün səhər Azərbaycanın dahi bəstəkarının - Üzeyir Hacıbəylinin abidəsinin açılışında iştirak etməkdən olduqca məmnunam.
Mən xüsusi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, şəhərin belə bir gözəl yerində bu parkın bərpasında və eyni zamanda, bu abidələrin açılışında Azərbaycan tərəfindən olduqca dəyərli yardım göstərilmişdir. Əslində, bu yardımın göstərilməsi ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığı və dostluğu möhkəmləndirir, eyni zamanda, musiqi sahəsində də yaxınlaşmağımızı daha da güclü edir.
Gördüyünüz kimi, bu park Avropanın böyük çayı - Dunayın sahilində yerləşir. Zənnimcə, gözəl bir yerdir. Musiqiçilər gəlib burada əsərlərini ifa edə bilərlər. Təbii ki, burada yaşayan sakinlər, vətəndaşlarımız parka gəlib asudə vaxtlarını keçirə, istirahət edə bilərlər. Hesab edirəm ki, bu gün bu hadisənin baş tutması mədəni sahədəki əlaqələrimizə böyük bir töhfədir.
Bir neçə il bundan əvvəl parkda vəziyyət o qədər də ürəkaçan deyildi və istirahət üçün kifayət qədər şərait yox idi. Lakin bundan sonra hökumət qərar qəbul etdi ki, bu çayın sahilində gücləndirici qurğular yaratsın. Eyni zamanda, bu, vətəndaşlara istirahət etmək imkanı yaradır. Digər tərəfdən, burada idmanla məşğul olmaq üçün şərait yaradıldı. Görürsünüz, burada abadlıq, yaşıllaşdırma işləri aparılıb. Həmçinin fəvvarələri görürük və burada digər imkanlar yaradılıb ki, vətəndaşlar gəlib asudə vaxtlarını keçirsinlər.
Bir sözlə, Serbiya gündən-günə, addım-addım gözəlləşir, ölkəmiz yeni sima alır. Bu da bizim gələcəklə bağlı tutduğumuz planların həyata keçirilməsi deməkdir. Bir neçə ildən sonra ölkəmiz daha gözəl olacaqdır.
Mən elə ötən il burada aparılan tikinti işləri ilə yaxından məşğul oldum və bunları izlədim. Bu gün böyük məmnuniyyətlə deyə bilərəm ki, Novi Sad şəhərinin sakinləri üçün yeni körpü salınıb və istismara verilibdir. Bu, çox gözəl bir haldır. Eyni zamanda, bildiyiniz kimi, biz bu gün Macarıstana aparan bir şosenin tikintisi və bərpası ilə məşğuluq. Bundan sonra, gələn illər ərzində Novi Sad şəhərini bir növ bu regionun qovşağına çevirəcək bir sıra digər yeni körpülərin də tikintisi nəzərdə tutulur. Bununla bağlı razılaşmalar vardır. Qarşımızda konkret vəzifələr qoyulubdur. Bu yolların çəkilməsi, şoselərin tikilməsi bizim bu sahədə nailiyyətlərimizi daha da gücləndirəcəkdir. Bundan sonra qeyd etmək istəyirik ki, azərbaycanlı dostların da belə layihələrdə iştirakı bizim tərəfimizdən çox arzu olunandır.
Biz danışıqlarımız zamanı Serbiyada yolların, şoselərin çəkilməsi, o cümlədən dəmir yollarının tikintisi sahəsində Azərbaycan şirkətlərinin iştirakını xüsusilə vurğuladıq. Yəni demək istəyirik ki, ölkələrimiz arasında əməkdaşlıq sırf yeni qaz boru kəmərinin çəkilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, Serbiyaya enerji daşıyıcılarının gətirilməsi, şaxələndirmənin təmin edilməsi ilə məhdudlaşmır. Bizim görüləcək, həyata keçiriləcək bir çox ümumi layihələrimiz vardır. Bu layihələrin nəticələri artıq göz qabağındadır. Gördüyünüz kimi, biz dünən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışında iştirak etdik. Həmçinin bildiyiniz kimi, Serbiyanın dahi yazıçısı Milorad Paviçin də abidəsi həmin abidənin yanında ucaldıldı. Eyni zamanda, burada qeyd edildi ki, Serbiya elminin dahi nümayəndəsi Nikola Teslanın abidəsi Bakı şəhərində ucaldılacaqdır. Bununla bağlı qərar vardır. Bir sözlə, atılan bütün bu addımlar ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrini daha da gücləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev burada qeyd etdi ki, ölkələrimiz çox ağrılı problemlərlə üzləşib. Burada mən Kosovo və Dağlıq Qarabağ problemlərini nəzərdə tuturam. Amma bu problemlərə baxmayaraq, biz irəliyə doğru addımlarımızı davam etdirməliyik. Söhbət burada iki ölkənin xalqı arasında daha da yaxınlaşmadan gedir. Biz uşaqlarımız, yeni nəsillər üçün yeni sahələr yaratmalıyıq. Bunların tikintisi ilə məşğul olmalıyıq. Təbii ki, mədəniyyət sahəsində yeni layihələr həyata keçirilməlidir, yeni abidələr açılmalıdır. Bütün bunlar bizi daha da yaxınlaşdırır.
Dövlət başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri ölkələr və xalqlar arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə müsbət təsir göstərir. Hesab edirik ki, biz ölkələrimiz arasında böyük iqtisadi əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilərik. Bizim ümumi amalımız, məqsədimiz məhz hər iki ölkədə xalqın güzəranını, həyat səviyyəsini daha da yaxşılaşdırmaq və xalqlarımızın gördüyümüz bütün bu işlərdən daha çox fayda götürməsini təmin etməkdən ibarətdir.
Bununla
bağlı mən sizin hamınıza uğurlar arzulayıram,
bir daha sizi təbrik edirəm. Sağ olun.
* * *
Prezident İlham Əliyev və Prezident Boris Tadiç Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında dahi bəstəkarın əsərlərini dinlədilər.
Sonra dövlət başçıları dahi bəstəkarın büstünün yerləşdiyi parkın yaxınlığından keçən Dunay çayının sahilini seyr etdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 10 iyun.- S. 3.