Prezident İlham Əliyev Azərbaycanın
Serbiyadakı səfirliyinin açılışında
iştirak etmişdir
İyunun 8-də Belqradda Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin iqamətgahının açılışı olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsdi.
Prezident İlham Əliyev səfirliyin binasında yaradılmış şəraitlə tanış oldu.
Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov dövlət başçısına məlumat verdi ki, burada diplomatik korpus nümayəndələrinin fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Səfirliyin binasının bütün iş otaqları zəruri avadanlıqla təchiz olunmuşdur. Bu da səfirlikdə işin daha keyfiyyətlə yerinə yetirilməsinə hərtərəfli imkan yaradır.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Bu gün Serbiya-Azərbaycan əlaqələrinin inkişafında çox əlamətdar və tarixi bir gündür, - deyən dövlət başçısı bildirdi ki, gün ərzində keçirilən bir neçə mühüm və əlamətdar tədbir bunu söyləməyə əsas verir. Taşmaydan parkının iki xalqın dostluq rəmzinə çevriləcəyini deyən Prezident İlham Əliyev səfər çərçivəsində imzalanan sənədlərin əhəmiyyətinə də toxundu. Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf edir və bu əlaqələr bütün sahələri əhatə edir, - deyən dövlətimizin başçısı ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirdi.
Prezident İlham Əliyev qeyd etdi ki, bundan sonra Azərbaycan beynəlxalq təşkilatlarda Serbiyanın yanında olacaqdır. Hər iki ölkənin siyasi rəhbərliyi tərəfindən ərazi bütövlüyü məsələsinə dair mühüm bəyanatların verildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, səfər çərçivəsində iqtisadiyyat, enerji sahələrində perspektivlər barədə də fikir mübadiləsi aparıldı və müzakirə olunan məsələlərin heç biri ilə bağlı fikir ayrılığı yoxdur.
Prezident İlham Əliyev dedi:
- Mən tam əminəm ki, bu gün bizim strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlərimiz artıq müttəfiqlik səviyyəsinə qalxır.
İki xalqın görkəmli şəxsiyyətlərinin xatirəsinə olan qarşılıqlı hörmət - ulu öndər Heydər Əliyevin və serb xalqının böyük oğlu Milorad Paviçin abidələrinin ucaldılması bir daha münasibətlərimizin nə qədər səmimi olmasının təzahürüdür. Bu gün Taşmaydan parkındakı mərasimdə mən Belqrad şəhərinin merinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamını təqdim etdim. O sərəncamda deyilir ki, Bakı şəhərinin parklarının birinə serb xalqının görkəmli şəxsiyyəti, dünya şöhrətli alim Nikola Teslanın adı veriləcək və o parkda Nikola Teslanın şərəfinə abidə ucaldılacaqdır.
Bir sözlə, əminəm ki, bu gün yaddaşımızda gözəl gün kimi qalacaq, xüsusilə nəzərə alsaq ki, artıq Serbiyada Azərbaycan dövlətinin bir parçası da mövcuddur. Bizim səfirliyimiz əminəm ki, fəal işləyəcək və iki ölkə arasındakı münasibətlərin inkişafı üçün dəyərli töhfəsini verəcəkdir. Deyə bilərəm, mən və əminəm ki, mənimlə bərabər buraya gəlmiş nümayəndə heyətinin üzvləri özümüzü Bakıdakı kimi hiss edirik. Bizə göstərilən qonaqpərvərliyə və xoş, səmimi münasibətə görə mən Serbiya rəhbərliyinə, Serbiya xalqına və bütün dostlara bir daha minnətdarlığımı, təşəkkürümü bildirmək istəyirəm.
Sağ olun.
* * *
Mərasimdə iştirak edən Serbiyanın xarici işlər naziri Vuk Yeremiç bu tədbirdə iştirak etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Azərbaycan hər zaman beynəlxalq təşkilatlarda Serbiyanı dəstəkləyir və ölkələrimizdə səfirliklərin açılması ikitərəfli əməkdaşlığımıza mühüm töhfələr verəcəkdir.
Ölkəmizin Serbiyadakı səfiri Eldar Həsənov Prezident İlham Əliyevə Azərbaycanın Serbiyadakı diplomatik missiyasının fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq etdi. Səfir bildirdi ki, ulu öndər Heydər Əliyev Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətinə böyük diqqət yetirirdi. Bu siyasəti Prezident İlham Əliyev də davam etdirir.
Eldar Həsənov Serbiya-Azərbaycan əlaqələrinin dərinləşməsi üçün səfirliyin xətti ilə həyata keçirilən layihələr barədə də məlumat verdi.
Görkəmli serb yazıçısı Milorad Paviçin xanımı Yasmina Mixayloviç həyat yoldaşının xatirəsinə göstərilən diqqət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdi. O qeyd etdi ki, Milorad Paviçin xatirəsi Serbiyada olduğu kimi, Azərbaycanda da hər zaman dərin hörmətlə anılacaqdır.
Yasmina Mixayloviç Milorad Paviçin müəllifi olduğu "Xəzər" lüğəti kitabının əlyazmasını Prezident İlham Əliyevə təqdim etdi.
Sonra mərasimə dəvət olunan xarici ölkələrin səfirliklərinin nümayəndələri Prezident İlham Əliyev ilə görüşlərində Azərbaycana beynəlxalq aləmdə böyük marağın olduğunu, ölkəmizin iqtisadi inkişafının dünyada diqqətlə izlənildiyini bildirdilər və Serbiyada Azərbaycan səfirliyinin iqamətgahının açılması münasibətilə dövlət başçısını təbrik etdilər.
AzərTAc
Azərbaycan.- 2011.- 3 iyun.- S. 2.