Azərbaycan Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı bəndinə əsasən qərara alır:
Azərbaycan
Respublikasının Əmək Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə
213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr
672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə
241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23;
2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹
6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə
981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560,
¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094;
2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11,
maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5,
maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11,
maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr
600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009-cu il, ¹ 2, maddə
48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399, ¹ 12, maddələr 949,
969; 2010-cu il, ¹ 2, maddələr 70, 75, ¹ 4, maddə 275; 2011-ci
il, ¹ 1, maddə 11, ¹ 2, maddələr 70, 71) aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı
məzmunda 10-1-ci maddə əlavə edilsin:
“Maddə 10-1. Dövlət
büdcəsindən maliyyələşən müəssisələrdə
çalışmanın yaş həddi
10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
10-1.4. Bu Qanunun 10-1.2-ci və 10-1.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
10-1.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.”.
2. 70-ci maddənin “d” bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda “e” bəndi əlavə edilsin:
“e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 may 2011-ci il.
Azərbaycan.- 2011.- 10 iyun.- S. 4.