Xəzər dənizinin
Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz
blokunun kəşfiyyatı,
işlənməsi və
hasilatın pay bölgüsü haqqında
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti, BP Eksploreyşn
(Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti
arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə
verilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan
Respublikası Prezidentinin “Xəzər dənizinin Azərbaycan
sektorunda Asiman və Şəfəq perspektiv
strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında” 2010-cu il 7 sentyabr tarixli 1089 nömrəli Sərəncamına
uyğun olaraq, 2010-cu il oktyabrın 7-də Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti
(“ARDNŞ”) ilə BP Eksploreyşn (Azərbaycan) Limited və
ARDNŞ-in Ortaq Neft Şirkəti (“ONŞ”) arasında
Saziş bağlanmışdır.
Azərbaycan
Respublikasının Milli Məclisi:
Azərbaycan
Respublikasının qanunvericiliyində Sazişin əhatə
etdiyi məsələlərin tam və müasir tələblərə
uyğun olaraq nizamlanmadığını;
Azərbaycan Respublikasının
karbohidrogen ehtiyatları haqqında Azərbaycan Respublikası
Qanununun olmamasını;
Sazişin şərtlərinə
görə onun qanunverici orqan tərəfindən təsdiqindən
sonra Qanun olmasını;
bu Qanunun Azərbaycan
Respublikasının Konstitusiyasına tam uyğun olduğunu nəzərə
alaraq,
Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktına və Azərbaycan Respublikasının
Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə
əsasən qərara alır:
1. “Xəzər dənizinin
Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü
haqqında” Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, BP Eksploreyşn (Azərbaycan) və ARDNŞ-in
Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra
“Saziş” adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata
keçirilməsinə icazə verilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 mart tarixli 44
nömrəli qərarı ilə Sazişdə iştirak edən
Podratçılara verilən Azərbaycan Respublikası
Hökumətinin təminatı və öhdəlikləri
(bundan sonra “Hökumət təminatı” adlanacaq) qəbul
edilsin və onların həyata keçirilməsinə icazə
verilsin.
3. Sazişin əsas mətninə
edilmiş on (10) Əlavə və bir (1) Qoşma (bundan sonra “Əlavələr”
adlanacaq) qəbul edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
4. Bu Qanun qüvvəyə
mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr
Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar
göstərilməyibsə, Saziş, Hökumət təminatı
və Əlavələr Sazişin qüvvədə olduğu
müddət ərzində bu Sazişə, Hökumət təminatına
və Əlavələrə uyğun gəlməyən və
ya zidd olan Azərbaycan Respublikasının hər hansı
başqa mövcud və ya qəbul oluna biləcək
qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının
(və ya onların hissələrinin) müddəalarından
üstün tutulur.
5. Bu Qanun qüvvəyə
mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt
sahəsinin istənilən hissəsi barəsində əvvəllər
bağlanmış hər hansı saziş, kontrakt və ya bu
cür başqa sənədlə verilə bilən
bütün digər hüquq və vəzifələr ləğv
edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra
Sazişin, Hökumət təminatının və Əlavələrin
şərtlərinə müvafiq surətdə və qüvvədə
olduğu bütün müddət ərzində Sazişin pay
iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları
aparmaq üçün müstəsna hüquq verilir.
6. Bu Qanun qüvvəyə
mindikdən sonra Podratçının (və ya onun hüquq
varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr
üzrə əldə etdiyi hüquqlar və mənafelər
Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə,
düzəldilə və ya azaldıla bilməz.
7. Sazişdən irəli
gələn hüquq və öhdəliklərin yerinə
yetirilməsi üçün Sazişin
iştirakçılarına bütün lazımi lisenziyalar,
gömrük icazələri, vizalar, başqa səlahiyyətlər
və sanksiyalar verilir.
8. Sazişə və ya
Əlavələrə hər hansı əlavələr,
düzəlişlər, dəyişikliklər yalnız
Sazişin və Əlavələrin tərəflərinin
yazılı razılığı ilə edilir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 may 2011-ci il.
Azərbaycan.- 2011.-10 iyun.- S. 4.