“Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli
filmi böyük maraqla qarşılanmışdır
İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) istehsalı olan “Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli televiziya filminin təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, siyasi portret janrında çəkilmiş bu ekran əsəri Əməkdar Elm Xadimi, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudovun həyatı, elmi və ictimai fəaliyyətinə həsr olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Y.Mahmudovun alim, ziyalı, siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən danışmışdır.
Bildirilmişdir ki, Yaqub Mahmudov AMEA-nın Tarix İnstitutuna direktor təyin edildikdən sonra bu elm müəssisəsində böyük işlər görülmüş, tariximizin daha dəqiq araşdırılması və təbliği istiqamətində mühüm addımlar atılmışdır.
Bu institutun əməkdaşları tərəfindən qısa müddətdə üç dildə (Azərbaycan, rus, ingilis) “İrəvan xanlığı”, “Naxçıvan xanlığı”, “Qarabağ xanlığı” adlı sanballı elmi-tədqiqat əsərləri çap edilmişdir.
Azərbaycanın tarixi həqiqətlərinin yazılmasının vacib bir məsələ olduğunu diqqətə çatdıran Z.Əsgərov vurğulamışdır ki, bu işin öhdəsindən layiqincə gələn institutun kollektivinin əməyi həqiqətən təqdirəlayiqdir.
Diqqətə çatdırılmışdır ki, Yaqub Mahmudov Milli Məclisin deputatı kimi istər elm, istər təhsil, istərsə də sosial-iqtisadi inkişafımızla bağlı bütün məsələlərdə həmişə çox fəal iştirak edir.
Bu gün Azərbaycanın Ermənistanla müharibə şəraitində olduğunu nəzərə alaraq tariximizin düzgün, qərəzsiz, obyektiv yazılması çox vacib məsələdir. Bu gün Ermənistan Azərbaycanla təkcə hərb meydanında deyil, həm də təbliğat, informasiya müharibəsi aparır, tarixi saxtalaşdırmaqla işğal etdiyi ərazilərimizi özününküləşdirməyə cəhd göstərir. Bütün bunların qarşısını almaq üçün bizim Yaqub Mahmudov kimi alimlərə çox böyük ehtiyacımız vardır.
Tədbirdə çıxış edən teatrşünas alim İlham Rəhimli son beş ildə AzTV-də Azərbaycanın tanınmış şəxsiyyətləri haqqında çəkilmiş sənədli filmlərdən söz açmışdır.
Qeyd olunmuşdur ki, bu işlərin davamı olaraq hazırlanan 45 dəqiqəlik “Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli televiziya filminin çəkilişləri Şəki, Balakən və Bakıda aparılmışdır. Filmdə Azərbaycan tarixinin müxtəlif zaman kəsiyində üzləşdiyi qadağalardan söhbət açılmışdır.
Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Murad Muradov, operatoru Mətləb Yaqubovdur.
Sonra “Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli televiziya filminə baxış keçirilmişdir.
Filmdə 1939-cu il fevralın 10-da Şəki rayonunun Baş Göynük kəndində anadan olmuş Yaqub Mahmudovun keçdiyi çətin, lakin mənalı ömür yolu geniş şəkildə işıqlandırılmışdır. Alimin dövlətə və dövlətçiliyimizə bağlılığını əks etdirən bir çox məqamlar da ekran əsərində bir daha öz əksini tapmışdır. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin elmə və elm adamlarına göstərdikləri diqqət və qayğı da xüsusi olaraq qeyd edilmişdir.
Yaqub Mahmudovun həyat fəlsəfəsini, ömür kredosunu əks etdirən bu ekran əsərində onun dünyaya göz açdığı Şəkinin tarixi keçmişi bir daha geniş şəkildə əks olunmuşdur.
Alimin fikir və mühakimələri üzərində qurulmuş bu sənədli filmdə Y.Mahmudovun çox böyük qürurla söylədiyi bir məqam da diqqəti cəlb edir. O, deyir “Mən qazandığım bütün uğurlara görə üç insana - atam Mikayıl kişiyə, Xalq Şairi Rəsul Rzaya və ümummilli liderimiz Heydər Əliyevə borcluyam”.
Təxminən 45 dəqiqəlik bu ekran əsərinin böyük ustalıqla hazırlandığını söyləyən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev alim həmkarı Y.Mahmudovun tariximizin araşdırılması, təbliği, eləcə də gənc alimlərin yetişməsi istiqamətində gördüyü işlərdən söz açmışdır.
Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova demişdir: İnsan nə qədər zəngin, mənalı bir ömür yaşamalıdır ki, onun haqqında belə bir film çəkilsin. Bu ekran əsərinin əvvəldən sonadək bütün məzmunu, mahiyyəti, qayəsi öz varlığı ilə Azərbaycana şərəf gətirən bir alimin - Yaqub Mahmudovun ömür yoluna işıq salmaqdan, onu daha geniş şəkildə tanıtmaqdan ibarətdir. Müstəqilliyimizin bərpasından ötən 20 ildə əldə etdiyimiz ən böyük uğurlardan bir də ölkəmizdə böyük alimlərə, ziyalılara, ümumiyyətlə, insanlara verilən dəyərdir.
Yaqub müəllim böyük bir məktəb yaratmışdır. Onun yetişdirdiyi yeni nəsil Azərbaycan tarixçiləri bu gün müstəqil ölkəmizə şərəflə xidmət edirlər.
Tələbə yoldaşı Yaqub Mahmudovla bağlı xatirələrini bölüşən Vaqif Musayev demişdir ki, görkəmli alimlə dostluğumuzun tarixi yarım əsri çoxdan ötmüşdür. Yaqub Mahmudov tələbəlik illərindən daim öz bilik və bacarığı ilə başqalarından seçilib-fərqlənmişdir.
“Azərbaycan Ensiklopediyası”ında da birgə çalışdıqlarını söyləyən V.Musayev o günlərlə bağlı unudulmaz bir çox məqamları iştirakçıların diqqətinə çatdırmışdır.
Filmin
bütün yaradıcı heyətini təbrik edən Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
Yazıçısı Anar bildirmişdir ki, biz bu ekran əsəri
vasitəsilə görkəmli bir alimin simasında Azərbaycan
tarixinin müxtəlif mərhələlərinə səfər
etdik. Bütün bu
hadisələr bir tarixçinin, tarixi yazan bir alimin
simasında təcəssüm olunur. Mən filmdə atam Rəsul
Rzanın da “Azərbaycan Ensiklopediyası”ındakı fəaliyyətinin
öz əksini tapdığına görə yaradıcı
heyətə xüsusi təşəkkür etmək istəyirəm.
R.Rza Y.Mahmudovu daim yüksək qiymətləndirmişdir.
“Təhsil” Nəşriyyat-Poliqrafiya
Müəssisəsinin baş direktoru Bəhruz Axundov
vurğulamışdır ki, rəhbərlik etdiyi nəşriyyatda
çapdan çıxmış Y.Mahmudovun həmmüəllifi
olduğu “Qarabağ” kitabı Beynəlxalq kitab müsabiqəsində
1-ci yerə layiq görülmüşdür.
Sonda tədbirin təşkilatçılarına
və iştirakçılarına minnətdarlığını
bildirən Yaqub Mahmudov “Tarixin izi ilə… Yaqub Mahmudov” sənədli
televiziya filmini ekranlaşdıran AzTV-nin yaradıcı heyətinə
də təşəkkürünü
çatdırmışdır.
Alim bir daha
vurğulamışdır ki, bundan sonra da Azərbaycan tarixinin
tədqiqi və yazılaraq gələcək nəsillərə
çatdırılması istiqamətində yorulmadan fəaliyyət
göstərəcəkdir.
Azərbaycan.- 2011.- 10 iyun.- S. 5.