Rusiyanın milli bayramı şərəfinə

 

İyunun 9-da Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Rusiya Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

AzərTAc xəbər verir ki, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq hər iki ölkənin sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr ölkələrimizin bir-birilərinin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına söykənən strateji tərəfdaşlıq çərçivəsində qurulmuşdur, qarşılıqlı hörmət və ehtirama əsaslanır. Rusiya-Azərbaycan münasibətlərinin yüksək dinamizmi ilə seçildiyini diqqətə çatdıran diplomat demişdir ki, bu əlaqələrin əsasını prezidentlər Dmitri Medvedev və İlham Əliyev arasındakı fəal dialoq təşkil edir. Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafından danışan səfir bildirmişdir ki, Rusiya neft sektorunda Azərbaycanın ən əsas iqtisadi-ticari tərəfdaşıdır.

V.Doroxin Azərbaycanda rus dilinə göstərilən diqqətin və Rusiyada Azərbaycan mədəniyyətinə artan marağın əhəmiyyətini vurğulamışdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat qeyd etmişdir ki, münaqişənin nizamlanması ilə bağlı ciddi razılaşma əldə etmək üçün hazırda yaxşı şans vardır. Bu şansın dəyərləndirilməsi üçün Rusiya əlindən gələni edəcəkdir.

Sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi.

Ədliyyə naziri Fikrət Məmmədov Prezident İlham Əliyevin adından milli bayram münasibətilə Rusiya xalqını təbrik etmişdir.

Azərbaycan-Rusiya əlaqələrinin möhkəm təməl üzərində qurulduğunu vurğulayan F.Məmmədov bildirmişdir ki, xalqlarımızın dostluğu çoxəsrlik tarixə malikdir. İki dövlət arasında möhkəm əlaqələrin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Bu münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin böyük əhəmiyyəti vardır. Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr sürətlə və dinamik şəkildə inkişaf edir. Rusiyada 6 min azərbaycanlı tələbənin təhsil alması bunun bariz nümunəsidir.

Dövlətlərimiz arasında hərtərəfli münasibətlərin bu gün sürətlə inkişaf etdiyini deyən nazir Cənubi Qafqaz regionunda ən böyük rus icmasının məhz Azərbaycanda yaşadığını diqqətə çatdırmışdır.

Qəbulda Milli Məclisin deputatları, dini konfessiyaların rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişlər.

 

 

Azərbaycan.- 2011.-10 iyun.- S. 5.