WACA üzvləri "Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması" İctimai Birliyinin qərargahında
olmuşlar
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan Amerika Dünya İşləri Şuraları (WACA) analitik beyin mərkəzinin üzvləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin qərargahında qurumun idarə heyətinin üzvləri ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki, icmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qonaqlara Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaratdığı ağır problemlər və dövlətin bu problemlərin həlli istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat vermişdir. Onun icmanın fəaliyyəti, həyata keçirdiyi layihələr, Şuşanın Azərbaycan mədəniyyəti tarixindəki yeri, şuşalıların bugünkü vəziyyəti barədə dedikləri maraqla qarşılanmışdır.
İdarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Elman Məmmədov, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev çıxış etmişlər. Onlar əmin olduqlarını bildirmişlər ki, WACA üzvləri Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıracaqlar.
WACA təşkilatının prezidenti Lori Murray rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, WACA ABŞ ərazisində ən böyük qeyri-kommersiya təşkilatıdır və 500 minə yaxın şəbəkə üzvünü birləşdirir. Qurumun ən mühüm proqramlarından biri müxtəlif ölkələrə "Liderlik missiyası" səfərlərini həyata keçirməkdir. Səfərin məqsədi Azərbaycanla tanış olmaq, buradakı müvafiq beyin mərkəzləri, dövlət qurumları ilə səmərəli əlaqələr qurmaq, əldə edilmiş təcrübə əsasında ABŞ-da Azərbaycan həqiqətlərini yaymaqdır.
Azərbaycanın ABŞ-ın Sante-Fe şəhərindəki fəxri konsulu, əvvəllər Bakıda işləmiş Emmit Riçard Art McHaffie budəfəki gəlişində paytaxtda çox müsbət dəyişikliklərin şahidi olduğunu məmnunluqla söyləmişdir.
Nümayəndə heyətinin üzvləri vətənə qayıdandan sonra həm Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri, həm də Azərbaycanda şahidi olduqları sürətli inkişafı ölkə ictimaiyyətinə çatdıracaqlarına söz vermişlər.
Qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Azərbaycan.- 2011.- 10 iyun.- S. 5.