Baş Prokurorluqda "Cinayət prosesində insan hüquqlarının təmin edilməsi problemləri və onların həlli yolları" mövzusunda konfrans keçirilmişdir

 

İyunun 9-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzində "Cinayət prosesində insan hüquqlarının təmin edilməsi problemləri və onların həlli yolları" mövzusunda konfrans keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə Milli Məclisin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və qeyri-hökumət təşkilatlarının nümayəndələri, Baş Prokurorluğun idarə və şöbə rəisləri iştirak etmişlər.

Konfransda çıxış edən baş prokurorun müavini Namiq Əsgərov mövzunun aktuallığını və əhəmiyyətini xüsusi vurğulamaqla, insan hüquqlarının hərtərəfli və ardıcıl olaraq təmin edilməsi məqsədilə respublikamızda zəruri hüquqi baza yaradıldığını diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, insan hüquqlarının müdafiəsinin normativ-hüquqi əsasları içərisində ən mühüm yeri ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü, rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası tutur. Dünyada ən səmərəli hüquq müdafiə mexanizmi hesab edilən "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına və ona əlavə edilmiş protokollara qoşulmaqla ölkəmizin insan hüquq və azadlıqlarının bu mötəbər beynəlxalq qurum səviyyəsində təmin edilməsinə nail olmaqla yanaşı, öz vətəndaşlarına İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından istifadə etmək imkanı yaratdığını qeyd etmişdir.

Avropa Məhkəməsinin insan hüquqları və azadlıqlarının təmin olunmasına nəzarət edilməsi üçün universal və işlək nəzarət mexanizminə malik olduğunu vurğulayan baş prokurorun müavini, bu qurumun səmərəli fəaliyyətindən, eləcə də son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar və onların insan hüquqlarının müdafiəsinin təmin edilməsində əhəmiyyətindən söz açmışdır.

Eyni zamanda, prokurorluq orqanları tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, o cümlədən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir.

Tədbirdə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasovun "Təqsirləndirilən şəxsin hüquq və azadlıqlarının təmin edilməsinin prosessual təminatları", Dövlət İttihamının Müdafiəsi üzrə İdarə rəisinin müavini Qəzənfər Bayramlının "Yetkinlik yaşına çatmayan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsinin xüsusiyyətləri" və Hüquqi Təminat və İnformasiya İdarəsinin böyük prokuroru Mahir Tağıyevin "Cinayət prosesində insan hüquq və azadlıqlarının təmin edilməsi: Avropa Şurasının standartları və Azərbaycan Respublikasının milli qanunvericiliyi" mövzularında çıxışları dinlənilmişdir.

Çıxışlarla bağlı suallar cavablandırılmış, mövzular ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-10 iyun.- S.6.