Kənd təsərrüfatı
kooperativləri istehsalın və səmərəliliyin
artırılmasına böyük töhfələr verə
bilər
Milli Məclis Aqrar siyasət daimi komitəsinin hazırladığı "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanunun qəbulunda məqsəd ölkəmizdə kənd təsərrüfatı kooperasiyanın formalaşmasının və təşkilinin, kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən etmək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləməkdir.
Fermerlərin və aqrar sektorda fəaliyyət göstərən digər sahibkarların bir araya gələrək formalaşdırdıqları kooperativlər və kooperasiya dünyanın inkişaf etmiş ölkələrinin kənd təsərrüfatında istehsalın təcrübədə özünü doğrultmuş əsas formasıdır. Milli Məclisin Aqrar siyasət komitəsi tərəfindən hazırlanaraq müzakirəyə təqdim olunan qanun layihəsində kooperativ və kooperasiya anlayışı dəqiq verilmişdir. Layihəyə əsasən kənd təsərrüfatı kooperativi kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün könüllü üzvlüyə əsaslanan birliyi olub, iştirakçıların iqtisadi, sosial və başqa tələbatlarının ödənilməsi üçün yaradılan hüquqi şəxsdir. Kənd təsərrüfatı kooperasiyası isə müxtəlif təyinatlı kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının müştərək əməkdaşlıq sistemidir.
Bəs, kənd təsərrüfatında kooperativləşməni zəruri edən nədir? Təcrübə göstərir ki, fermerlərin sərəncamında torpaq sahəsi az olduqda onlar rentabelli işləyə bilmir, müasir kənd təsərrüfatı texnikası tətbiq etmək, səmərəli meliorasiya sistemi qurmaq, əlverişli şərtlərlə kredit əldə etmək imkanları məhdudlaşır. Nəticədə belə fermerlərin bazar və ixrac yönümlü məhsul istehsalını təşkil etmək potensialı yüksək olmur. Kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və hüquqi şəxslər istehsal, emal, satış, eləcə də qanunla qadağan edilməyən başqa fəaliyyətlə məşğul üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipləri əsasında qurulan müəssisə çərçivəsində birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak və qarışıq (istehsal-istehlak) növlü ola bilərlər.
Dünyada ilk kənd təsərrüfatı kooperativi 1849-cu ildə Böyük Britaniyada yaradılmışdır. Sonrakı mərhələdə dünyanın bir çox ölkələrində müxtəlif təmayüllü kooperativlər yaradılması prosesi sürətlə genişlənərək kooperativ hərəkatı beynəlxalq xarakter aldıqdan sonra 1895-ci ildə Londonda dünya kooperativlərini özündə birləşdirən Beynəlxalq Kooperativ Alyansı yaradıldı. İsveçrənin Cenevrə şəhərində yerləşən və Birləşmiş Millətlər Təşkilatının struktur bölməsi olan bu alyans hazırda dünyanın 200 beynəlxalq və milli kooperativ təşkilatının simasında 750 milyondan artıq kooperatoru öz sıralarında birləşdirir. Kooperasiyaya çox böyük önəm verilməsinin nəticəsidir ki, 2012-ci il BMT tərəfindən "Kooperasiya ili" elan edilmişdir.
Ümumiyyətlə, aqrar sektorun geniş potensiala malik olduğu inkişaf etmiş Avropa ölkələrinin hamısında kənd təsərrüfatı kooperasiyası bir iqtisadi sistem kimi formalaşmışdır. Misal üçün, kənd təsərrüfatına yararlı torpaqları ölkəmizdən iki dəfə az olan Danimarka məhz son 100 ildə aqrar sektorda tam kooperativləşmə sayəsində kənd təsərrüfatı məhsulları sahəsində əsas ixracatçı dövlətlərdən birinə çevrilmişdir. Bu ölkədə mövcud olan 40 mindən artıq fermer təsərrüfatının hamısı kooperativlərdə birləşmişdir.
Təəssüf ki, mətbuatda kooperativləşmə ilə bağlı bəzən məlumatsızlıqdan, bəzən isə qərəzli niyyətdən irəli gələrək ictimai rəyi çaşdırmağa hesablanmış yazılar dərc olunur, kooperativləşməni kolxozların bərpası kimi qələmə verməyə cəhdlər göstərilir. Kənd təsərrüfatı kooperasiyasını sovetlər dönəmində mövcud olan kolxozlarla eyniləşdirmək doğru deyildir. Belə ki, kolxozlar sovet iqtisadi tələblərindən irəli gələrək məcburi şəkildə yaradılmışlar, dövlət tərəfindən maliyyələşdirilən sərt olan öhdəlikləri daşıyırdılar və ən başlıcası, bütün torpaqlar yalnız dövlət mülkiyyətində olduğundan şəxsi mülkiyyətə əsaslanmırdılar. Azad bazar iqtisadiyyatının bərqərar olduğu indiki şəraitdə xüsusi mülkiyyət sahibi olan fermeri məcburi şəkildə kooperativləşməyə cəlb etmək olmaz. Kolxozdan fərqli olaraq kooperativlər üzvlərin tam könüllülüyünə və müstəqil sahibkarlığına əsaslanır. Yəni, fermer istədiyi vaxt əmlakını götürüb kooperasiyadan ayrıla da bilər, əmlakını və mülkiyyətini sata da bilər. Digər özəl təsərrüfat subyektləri kimi kooperativlər və onun üzvləri dövlət qarşısında yalnız vergi öhdəliyi daşıyırlar.
İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperasiyası təkcə istehsal prosesini deyil, eyni zamanda, məhsul istehsalında əvvəlki və sonrakı dönəmləri əhatə edir. Məsələn, fermerlər bir araya gələrək kollektiv təsərrüfat qururlar. Lakin əldə olan istehsal vasitələri lazımi səviyyədə deyil. Belə olan halda, fermerlər texniki, maddi və maliyyə ehtiyatlarını təmin etmək üçün başqa təsərrüfatlara, yəni, təchizatçı kooperativlərə müraciət edirlər. Kredit kooperativləri isə lazım olan maliyyə vəsaiti ilə təminata imkan yaradırlar. Bununla yanaşı, istehsal olunan məhsulun satışı və ya istehlakçıya çatdırılması fəaliyyəti ilə məşğul olan marketinq kooperativləri də mövcuddur. Satışla məşğul olanlar məhsulların çeşidlənməsi, qablanması və meliorasiya, veterinar, bitki mühafizəsi kimi xidmətlər göstərirlər.
Milli Məclisin birinci oxunuşda təsdiq etdiyi qanun layihəsində bütün bu məsələlər və onların hüquqi tənzimlənməsi əksini tapıb. Layihəyə əsasən kənd təsərrüfatında kooperasiya münasibətləri iştirakçıların birləşmə üsuluna görə üfüqi və şaquli istiqamətlər üzrə formalaşır. Üfüqi kənd təsərrüfatı kooperasiyası məhsul istehsalçılarının istehsal mərhələsində birləşməsini nəzərdə tutur. Bu mərhələdə kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq və digər əmlakın birləşdirilməsi və istehsal kooperativinin yaradılması həyata keçirilir. Şaquli kənd təsərrüfatı kooperasiyasında isə istehsalçılar şaquli kooperasiya əlaqələrinə girərək kooperativ müəssisə çərçivəsində aqrar-sənaye istehsalının müxtəlif mərhələlərini (emal, satış, xidmət və s.) birləşdirirlər. Qanun layihəsinə əsasən, ölkəmizdə kənd təsərrüfatında kooperasiya münasibətləri kəndli (fermer) təsərrüfatları, ailə və fərdi kəndli təsərrüfatları və kənd təsərrüfatı müəssisələri arasında kənd təsərrüfatı məhsulları istehsalı, emal və xidmət müəssisələrinin kooperativlərə çevrilməsi, kənd təsərrüfatı müəssisələrinin təsərrüfatdaxili kooperasiya formasında, kənd təsərrüfatı kooperativlərinin iştirakçıları olduğu ittifaqların, assosiasiyaların, şuraların, habelə digər istehsal, emal, satış, xidmət, kredit, sığorta müəssisələri və birliklərinin təsərrüfatlararası kooperasiyası formasında qurula bilər.
Qanun layihəsində Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının modelinin çoxpilləli sistem üzrə könüllülük prinsipləri əsasında formalaşması əksini tapıb. Birinci pillədə kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən yaradılan kənd təsərrüfatı istehsal və istehlak kooperativləri, ikinci pillədə kənd təsərrüfatı kooperativlərinin birləşərək yaratdıqları sahə kooperativ ittifaqları, üçüncü pillədə isə ərazi kooperativ ittifaqlarının birləşərək yaratdıqları mərkəzi kooperativlər ittifaqı dayanır.
Əlbəttə, biz tələm-tələsik bu qanunu qəbul etmək fikrində deyilik. Layihə ilə bağlı təkmilləşmə işləri davam edir, o cümlədən qabaqcıl dövlətlərin təcrübəsi öyrənilir. Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının təşkilatlanmasında inkişaf etmiş dünya dövlətlərində tətbiq edilən kooperasiya modellərində də istifadə oluna bilər. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin may ayında Almaniyaya səfərinin məqsədi də bu ölkənin kənd təsərrüfatı kooperasiyası sahəsindəki təcrübəsi, qəbul etdiyi qanunlarla tanış olmaq idi. Nümayəndə heyətinin Almaniya Qidalanma, Kənd Təsərrüfatı və İstehlakçıların Qorunması üzrə Federal Nazirliyində, Almaniya Kooperasiya və Raiffeisen Konfederasiyasında və Saksoniya Federal Torpağında dövlət, parlament, bələdiyyə və kooperativ birliklərin rəsmiləri ilə keçirdiyi görüşlərdə Almaniyada aqrar siyasət, kənd təsərrüfatının strukturu və inkişaf perspektivləri, kooperativlərin formalaşması və inkişafı, kredit kooperativlərinin və kooperativ bankların fəaliyyəti, aqrar istehsalın inkişafına dövlət himayəsi və maliyyə-kredit dəstəyi kimi məsələlər müzakirə edilmişdir.
Hazırda Almaniyada 1,8 milyona qədər üzvü olan 2675 kənd təsərrüfatı kooperativi fəaliyyət göstərir. Məhz bu kooperativləşmənin nəticəsidir ki, Almaniyada bir inəkdən ildə 8-10 min litr süd alınır, 1 ha torpaqdan 70-80 sentner məhsul götürülür. Könüllülük, sərbəstlik, fərdi mülkiyyət, demokratik nəzarət, öz-özünü idarəetmə prinsiplərini əldə əsas tutan alman kooperativ sistemi əsasən üç istiqamət üzrə formalaşmışdır: kənd təsərrüfatı kooperativləri, kredit kooperativləri və sənətkarlıq malları və xidmətləri kooperativləri. Almaniya kooperasiya modeli "aşağıdan yuxarıya" sxemi üzrə üçpilləli sistem üzrə formalaşmışdır. Birinci pillədə qeyd olunan sahələr üzrə kooperativlər, ikinci pillədə kooperativlərin fəaliyyət istiqamətləri üzrə regionlarda yaratdıqları mərkəzi kooperativ birlikləri, üçüncü pillədə isə regionlarda yaradılan mərkəzi kooperativ birliklərinin federal ölkə səviyyəsində yaratdıqları mərkəzi kooperativlər ittifaqları yerləşir.
Azərbaycan nümayəndə heyətinin Almaniya səfəri zəngin oldu və təbii ki, alman təcrübəsi "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin təkmilləşdirilməsində mühüm rol oynayacaqdır. Hazırda layihə ikinci oxunuşda müzakirəyə hazırlanma mərhələsindədir. Təbii ki, kənd təsərrüfatı kooperasiyasının alman modelinin ölkəmizdəki şəraitə uyğun cəhətləri layihənin təkmilləşdirilməsində nəzərə alınacaqdır.
Azərbaycanda ilk kənd təsərrüfatı kooperativləri XIX əsrin axırlarında Şamaxıda, Naxçıvanda, Gəncədə yaradılmışdır. Bu gün müasir tələblər çərçivəsində könüllülük prinsipi əsasında kooperativləşmənin bərpası, fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təşkilatlarında birləşmələri aqrar sahədə istehsalın və səmərəliliyin artırılmasına böyük töhfələr verə bilər. Milli Məclisin hazırladığı qanun layihəsinin də mahiyyətində məhz bu məsələlər dayanır. Hazırda ölkəmizdə aqrar sahədə fəaliyyət göstərən 179 kooperativ var. Lakin bu, ölkəmizin inkişafda olan kənd təsərrüfatı sistemi üçün yetərli sayıla bilməz. İndiyədək qanun layihəsinin Gəncə Aqrar Universitetində, Lənkəran, Sabirabad və Quba rayonlarında açıq ictimai müzakirəsi keçirilib. Alim və mütəxəssislərimiz kooperasiyaların formalaşdırılması ideyasını yüksək qiymətləndiriblər.
Azərbaycanda kənd təsərrüfatında fermerlərin birləşməsi və kooperativlər yaratması kənd təsərrüfatında gəlirlərin artırılması, az xərclərlə böyük mənfəət əldə edilməsinə, kənd təsərrüfatı işçilərinin işinin effektivliyinə kömək edə bilər. Digər tərəfdən, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və Avropa standartlarına daha uyğun gəlməsinə öz töhfəsini verə bilər. Bu mənada kooperasiyaların yaradılması bütün hallarda həm dövlətin, həm də fermer və kəndlilərin marağına uyğundur.
Eldar QULİYEV,
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədr müavini
Azərbaycan.- 2011.-10 iyun.- S. 6.