Nquyen Tien Dunq: Azərbaycan Vyetnamın enerji sektorunun inkişafına köməyini əsirgəmir

 

İyunun 8-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən XVIII Beynəlxalq Xəzər neft, qaz, neft emalı və neft kimyası sərgi və konfransı çərçivəsində Azərbaycanda səfərdə olan Vyetnamın "Petrovietnam" dövlət neft və qaz qrupunun vitse-prezidenti Nquyen Tien Dunqla görüşmüşdür.

ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Rövnəq Abdullayev Vyetnamla Azərbaycan arasında enerji sahəsində münasibətlərin dərin tarixə söykəndiyini qeyd edərək Vyetnam neft sənayesinin inkişafında azərbaycanlı neftçilərin oynadığı müsbət rolu xatırlatmışdır.

Azərbaycan neft-qaz sənayesinin son illər böyük inkişaf yolu keçdiyini deyən qonaq Vyetnamın Azərbaycanla daha sıx, qarşılıqlı faydalı münasibətlərin qurulmasında maraqlı olduğunu söyləmişdir. Vyetnamın enerji sektorunun inkişafına Azərbaycanın böyük töhfələr verməsi fikri ilə tam razılaşan qonaq, vaxtilə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) Vyetnam neft-qaz sənayesi üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını buna misal göstərmişdir. Hazırda 17 tələbənin ADNA-da təhsil aldığını qeyd edən Nquyen Tien Dunq son illərdə vyetnamlı neft mütəxəssislərinin Azərbaycanda təcrübə mübadiləsi keçməsi istiqamətində görülən işlərdən danışmışdır. Qonaq şirkətinin Vyetnamda və xarici ölkələrdə fəaliyyət göstərdiyini söyləmiş və bu barədə ətraflı məlumat vermişdir. O, ötən il Bakıda ARDNŞ ilə "Petrovietnam" arasında imzalanmış sənədləri xatırladaraq, bu hadisənin iki şirkətin tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirdiyini vurğulamışdır. Gələcəkdə bu tərəfdaşlığın daha yüksək pilləyə qədəm qoyacağına inandığını deyən qonaq ilk mərhələdə ARDNŞ-nin "Neftqazelmitədqiqatlayihə" İnstitutu ilə əməkdaşlığa başlamaqda maraqlı olduqlarını bildirmişdir. Rövnəq Abdullayev verilən təkliflərin diqqətlə araşdırılacağını söyləmiş, "Petrovietnam" şirkəti ilə əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılacağını vurğulamışdır.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-10 iyun.- S. 6.