Bakıda cəmiyyət dəstəkli polis işinə dair İkinci Beynəlxalq konfrans keçirilir

 

İyunun 9-da Bakıda ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə cəmiyyət dəstəkli polis işinə dair İkinci Beynəlxalq konfrans öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, konfransda ATƏT-in və Azərbaycan dövlətinin rəsmiləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyətinin təmsilçiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və beynəlxalq ekspertlər iştirak edirlər.

Tədbirin açılışında ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel bildirmişdir ki, bu mövzu ATƏT-in prioritet hesab etdiyi sahələrdən biridir. Konfransın əsas məqsədi isə Azərbaycan polisinin cəmiyyət dəstəkli polis işində xidməti bacarıqlarını təkmilləşdirmək və daha da gücləndirməkdir. B.Cankorel "Cəmiyyət dəstəkli polis" layihəsinin Azərbaycanın bir sıra bölgələrini əhatə etdiyini də vurğulamışdır.

Səfir demişdir ki, ATƏT-in Bakı ofisi beş il əvvəl başladığı bu layihə çərçivəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Azərbaycanda cəmiyyət dəstəkli polis işini və polis və cəmiyyət arasında tərəfdaşlığın digər formalarını inkişaf etdirməyə çalışmışdır. Bu layihənin icrası nəticəsində polislə ictimaiyyət arasındakı ünsiyyətdə nəzərəçarpacaq inkişaf müşahidə olunmuşdur. Bu da öz növbəsində daha yaxşı əməkdaşlıq və qarşılıqlı etimadın yaranması ilə nəticələnir.

Daxili işlər nazirinin müavini Oruc Zalov çıxışında bu beynəlxalq konfransın Bakı şəhərində keçirilməsinin təsadüfi olmadığını bildirmiş və bunu Azərbaycanın ATƏT ilə əməkdaşlığının nəticəsi kimi qiymətləndirmişdir. Nazir müavini son illər ATƏT ilə Daxili İşlər Nazirliyi arasında münasibətlərin uğurla inkişaf etdiyini demişdir. Əməkdaşlıq çərçivəsində bir sıra layihələr gerçəkləşdirilmiş, 300-dən çox polis əməkdaşı xarici ölkələrdə təcrübə keçmişdir.

Nazir müavini demişdir ki, 2006-cı ildə Azərbaycan hökuməti, Daxili İşlər Nazirliyi və ATƏT arasında əldə olunan razılaşmaya əsasən, cəmiyyət dəstəkli polis işi pilot layihə olaraq ilk dəfə Mingəçevir şəhərində tətbiq olunmağa başlamışdır. Sonra layihə Daxili İşlər Nazirliyi tərəfindən ölkənin 10 şəhər və rayonunda tətbiq olunmuşdur.

Sonra ATƏT katibliyinin strateji polis məsələləri bölməsi rəhbərinin müavini Manuel Marion "Demokratik polis işi üzrə ATƏT kitabçası" mövzusunda məruzə ilə çıxış etmişdir.

İki gün davam edəcək konfransda "Estoniyada cəmiyyət dəstəkli polis işinin icrası", "İrlandiyada cəmiyyət dəstəkli polis işinin milli modeli və konsepsiyası", "Cəmiyyət dəstəkli polis işinin Azərbaycandakı statusu və gələcək perspektivləri", "2006-2011-ci illərdə Azərbaycanda cəmiyyət dəstəkli polis işi prinsiplərinin icrası - ATƏT-in qiymətləndirməsi", "Məişət zorakılığı baş verdiyi hallarda polis və digər qurumlar arasında şəhər səviyyəsində əməkdaşlıq" və digər mövzularda məruzələr dinləniləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 10 iyun.- S. 7.