Milli Aviasiya Akademiyasında kosiki karate-do üzrə Azərbaycan yığmasının üzvləri mükafatlandırılmışlar

 

İyunun 9-da Milli Aviasiya Akademiyasında (MAA) 2011-ci il mayın 13-15-də Rusiyanın Noqinsk şəhərində keçirilmiş kosiki karate-do üzrə Açıq Dünya Kuboku və MDB çempionatında uğur qazanmış Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandalarının üzvlərinə mükafatlar təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, mükafatı qaliblərə Azərbaycan Kosiki Karate-do Federasiyasının fəxri prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev təqdim etmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, Azərbaycan yığması həmin yarışda 8 idmançı (5 kişi və 3 qadın) ilə təmsil olunmuş və dünyanın 21 ölkəsindən olan 25 komanda arasında yüksək nəticə göstərmişdir. Kişilərdən ibarət komandanın üzvləri Fuad Əliyev, Rəşad Quliyev, Ruslan Bərzgiyar, Vusal Əliyev, Sergey Jestkov 2-ci, qadınlardan ibarət komandanın üzvləri Lolita Hüseynova, Yuliya Mustafayeva və Nərminə Əliyeva isə 1-ci yerləri tutmuşlar.

Akademik Arif Paşayev komandanın uğurlarını yüksək qiymətləndirmiş və baş məşqçi MAA-nın Bədən tərbiyəsi kafedrasının dosenti, əməkdar Məşqçi Talıb Bərzigiyarovu qələbə münasibətilə təbrik etmişdir. O, komandada MAA-nın tələbələrinin də təmsil olunmasının təqdirəlayiq olduğunu bildirmişdir.

 

 

Azərbaycan.- 2011.-10 iyun.- S. 7.