Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya" fakültəsinin yaradılmasına razılıq verilmişdir

 

Ölkəmizin Silahlı Qüvvələrinin təminatında yerli istehsalın genişləndirilməsi və xaricdən asılılığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli sərəncamı ilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi fəaliyyətə başladığı gündən, Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün, müəssisələrin bərpası ilə yanaşı, avadanlıq parkının təzələnməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən onlarca müasir texnoloji xətlər, müxtəlif mürəkkəb əməliyyatları həyata keçirən yüzlərlə dəzgah və avadanlıq alınıb quraşdırılmışdır.

Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, məhz bu tədbirlərin nəticəsində bu gün nazirliyin müəssisələrində müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatların seriyalı istehsalı həyata keçirilir.

Yaradılmış yeni istehsal sahələri, quraşdırılmış texnologiya və avadanlıq hesabına istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı artıq 430-a çatdırılmışdır. İstehsal həcmi ümumilikdə 2006-cı illə müqayisədə 2010-cu ildə 4,2 dəfə, müdafiə təyinatlı məmulatların istehsalı isə 100 dəfədən çox artmışdır.

Qısa müddətdə yaradılmış müstəqil Azərbaycanın hərbi sənaye kompleksi ölkəmizin Silahlı Qüvvələrini müxtəlif silah, sursat, hərbi texnika və digər vasitələrlə təmin etməklə yanaşı, xarici bazarlara məhsul ixrac etməyə müvəffəq olmuşdur. Bu gün MSN-in iştirak etdiyi beynəlxalq müdafiə sənayesi sərgilərində nümayiş etdirdiyi məmulatlar çox böyük maraqla baxılır. Bütün bunlar Azərbaycanın hərbi qüdrətindən xəbər verir.

Müdafiə Sənayesi Nazirliyinin qarşısında duran əsas prioritet məsələlərdən biri də bu sahənin ixtisaslı kadrlarla təmin edilməsidir. Nazirliyin tabeli müəssisələrində yaradılmış müxtəlif profilli, xüsusiləşdirilmiş istehsal sahələrində quraşdırılmış müasir tipli avadanlıq, cihaz və mütərəqqi texnologiyalarla işləməyi bacara bilən yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac vardır.

Bu məqsədlə ölkənin ali məktəblərində ixtisaslı mütəxəssislərin hazırlanması üçün imkanlar araşdırılmış və müvafiq fakültənin yaradılmasının zəruriliyi müəyyən edilmişdir.

Azərbaycan Texniki Universitetinin mövcud maddi-texniki bazası, tədris-metodiki və kadr potensialı belə mütəxəssislərin hazırlanmasına imkan verdiyi nəzərə alınaraq universitetin rəhbərliyi ilə müvafiq ixtisaslar əsasında kafedraların və müvafiq fakültənin yaradılması barədə razılıq əldə edilmişdir.

Ölkəmizin rəhbərliyinin müdafiə sənayesinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu məsələ də müsbət həllini tapmışdır.

Respublikamızın müdafiə sənayesi kompleksinin yüksəkixtisaslı kadrlara olan tələbatının ödənilməsi məqsədilə Nazirlər Kabinetinin 2011-ci il 7 iyun tarixli qərarı ilə Azərbaycan Texniki Universitetində "Xüsusi texnika və texnologiya" fakültəsinin və müvafiq kafedraların yaradılmasına razılıq verilmişdir.

Məsələ ilə əlaqədar qərarda respublikanın Təhsil, Müdafiə Sənayesi və İqtisadi İnkişaf nazirliklərinə də müvafiq tapşırıqlar verilmişdir.

 

 

Azərbaycan.- 2011.-10 iyun.- S. 8.