Azərbaycan və Sloveniya
prezidentlərinin birgə mətbuat konfransı
Sloveniya Prezidenti Danilo Türkün bəyanatı
- Bu gün Sloveniya
Respublikasının ali qonağı ölkəmizə rəsmi
səfər edən dost Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevdir. Əslində bu, cavab səfəridir.
Çünki mənim də 2009-cu ildə Azərbaycana rəsmi
səfərim oldu. İndi isə növbəti cavab səfəri
baş tutur. Əslində bu səfər ikitərəfli
münasibətlərimizin nəzərdən keçirilməsi
üçün yaxşı fürsətdir. Elə indicə
biz iki ölkə arasında əməkdaşlığa dair
iki sənədi imzaladıq. Eyni zamanda, biz Sloveniya və Azərbaycana
aid olan bir çox digər məsələləri də nəzərdən
keçirdik.
Qeyd etmək istəyirəm
ki, ikitərəfli münasibətlərimiz
yaxşıdır. Əməkdaşlığımız
uğurludur və iqtisadi əlaqələrimiz də
inkişaf etməkdədir. Hazırda ticarət dövriyyəsi
10 dəfə artmışdır. Bu, artıq böyük nəticə
deməkdir. Bir sıra sazişlərin imzalanması nəzərdə
tutulur. Burada həm enerji, həm elektrik stansiyalarının
tikintisi, həm informasiya texnologiyası, həm də
sığorta sahələrində əməkdaşlıq
baş tuta bilər. Biz Azərbaycan şirkətlərindən
Sloveniyaya sərmayələrin qoyulmasını gözləyirik.
Mədəniyyət sahəsində də əməkdaşlığımız
genişlənir. Hesab edirəm ki, qarşımızda hələ
bir çox əməkdaşlıq imkanları vardır.
Bu gün aparılmış
danışıqlar, həmçinin bəzi beynəlxalq məsələləri
də nəzərdən keçirmək imkanı yaratdı.
Sloveniya Avropa məkanında əməkdaşlıq və təhlükəsizlik
məsələlərinə xüsusi diqqət yetirir. Biz istəyirik
ki, bu sahədə töhfəmizi verək. Bu məsələ
bütün dövlətlərdən xüsusi fəallıq
tələb edir, xüsusən də əgər söhbət
silahlı münaqişələrdən gedirsə.
Bunların arasında
Dağlıq Qarabağ münaqişəsini də qeyd etmək
lazımdır. Bu gün danışıqlarımızın
mövzusu, həmçinin həmin münaqişədir. Biz
bu haqda öncədən də danışmışdıq. Mənim,
həmçinin Ermənistan Prezidenti Serj Sarkisyan və Rusiya
Prezidenti cənab Medvedevin üçtərəfli qaydada
danışıqlarda iştirakını da nəzərdən
keçirdik. Status-kvo qəbul edilən həll variantı
deyildir. Biz addımlarımızı sürətləndirməliyik
ki, prinsiplər əks olunsun və həmin prinsiplər üzərində
sülh müqaviləsi, sülh razılaşması əldə
edilsin.
Bildiyimiz kimi, Rusiya Prezidenti
Dmitri Medvedev Soçidə üçtərəfli
görüşün keçirilməsi təşəbbüsü
ilə çıxış etmişdir. Sloveniya bu istiqamətdə
göstərilən digər təşəbbüsləri də
alqışlayır. Bu ayın sonunda yenidən Rusiyada
keçiriləcək üçtərəfli
görüşə ümid bəsləyirik. Hesab edirik ki, o
görüş zamanı elə prinsiplər müəyyən
ediləcəkdir ki, onların əsasında sülh
razılaşması əldə olunsun. Əslində bu məsələnin
həlli Helsinki Yekun Aktına və ATƏT-in qərarlarına
uyğun olmalıdır.
Biz bir sıra digər məsələləri
də nəzərdən keçirdik. Burada enerji sahəsində
beynəlxalq əməkdaşlıq müzakirə olundu. Bu,
Sloveniya üçün olduqca maraqlı mövzudur. Həmçinin
digər Avropa ölkələri və bütövlükdə
Avropa İttifaqı üçün əhəmiyyətli bir
məsələdir.
Bir sözlə, biz Azərbaycan
ilə əməkdaşlıq münasibətlərimizi
genişləndirmək istəyirik. Sloveniya hesab edir ki, enerji təhlükəsizliyi
olduqca mühüm məsələdir. Bu məsələ
get-gedə daha geniş, çoxtərəfli əməkdaşlıq
tələb edir. Burada həm istehlakçılar, həm də
hasilatçılar arasında əməkdaşlıq nəzərdə
tutulur. Bildiyiniz kimi, bu yaxınlarda Rusiya Federasiyası ilə
apardığımız danışıqlar çərçivəsində
Sloveniya bir sıra ölkələrə təklif etdi ki,
"Cənub" qaz dəhlizinin bəyannaməsini imzalayan
ölkələrlə daha sıx əməkdaşlıq
mövcud olsun. Bizim tərəfimizdən təklif olundu ki,
onların da iştirakı daha geniş şəkildə təmin
edilsin.
Zənnimcə, çoxtərəfli
əməkdaşlıq ruhunda olan bu yanaşma bizi uğura
apara bilər. Burada söhbət hər hansı bir rəqabətdən
gedə bilməz, əməkdaşlıq xüsusi əhəmiyyət
kəsb edir.
Buna görə də mən
bunu giriş nitqimdə də qeyd etdim. Təbii ki, biz beynəlxalq
səviyyədə münasibətlərimizin digər aspektlərinə
də toxunduq. Mən çox danışmaq istəməzdim.
İndi isə böyük məmnuniyyətlə sözü
Sizə verirəm. Buyurun, cənab Prezident, söz Sizindir.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Hörmətli cənab
Prezident!
Hörmətli xanımlar və
cənablar!
İlk növbədə demək
istəyirəm ki, yenidən Sloveniyada olmağımdan
çox məmnunam. Mənə və nümayəndə heyətinə
göstərdiyiniz qonaqpərvərliyə görə Sizə
minnətdaram.
Ölkələrimiz
arasında əlaqələr çox yüksək səviyyədədir.
Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Cənab
Prezidentin qeyd etdiyi kimi, iki il bundan əvvəl biz Sloveniya
Prezidentini Azərbaycanda qəbul edirdik, bu gün mən Sizin
gözəl ölkənizə səfər edirəm. Bu arada
biz cənab Prezidentlə mütəmadi qaydada telefonla əlaqə
saxlamışıq, beynəlxalq tədbirlərdə daim
imkan olan kimi görüşürük. Yəni, ölkələrimiz
arasında mövcud olan siyasi dialoq çox yüksək səviyyədədir.
Əlbəttə ki, bu, əlaqələrimizin inkişafı
və bütün başqa sahələri əhatə etmək
üçün yaxşı zəmin yaradır. Əminəm
ki, səfərim və imzalanmış sənədlər,
aparılmış danışıqlar nəticəsində qəbul
ediləcək qərarlar münasibətlərimizi daha da
möhkəmləndirəcəkdir. Biz buna maraqlıyıq və
Sloveniya bizim üçün bu bölgədə çox
vacib tərəfdaşlardan biridir.
Bu gün, eyni zamanda, iqtisadi
sahədə əməkdaşlığın perspektivləri
müzakirə edildi. Müəyyən təkliflər nəzərdən
keçirilir, həm qarşılıqlı investisiya layihələri,
həm şirkətlərimizin birgə fəaliyyəti
haqqında fikir mübadiləsi aparılmışdır. Yəqin
ki, bu məsələlərin müzakirəsi sabah
keçiriləcək Sloveniya-Azərbaycan biznes forumu çərçivəsində
daha geniş formatda aparılacaqdır. Hər halda dəqiqliklə
demək olar ki, hər iki tərəfin iqtisadi sahədə əməkdaşlığın
dərinləşməsi üçün
qarşılıqlı marağı və yaxşı
imkanları vardır.
Bu gün, eyni zamanda, ikitərəfli
məsələlərlə yanaşı, Avropa
İttifaqı-Azərbaycan əlaqələri də
müzakirə edildi. Sloveniya Avropa İttifaqının
üzvü kimi, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
inkişafı üçün dəyərli töhfəsini
verir. Bu əlaqələr inkişaf edir. Bu ilin əvvəlində
Avropa Komissiyasının prezidenti cənab Barrozunun Azərbaycana
səfəri və səfər zamanı aparılmış
danışıqlar, qəbul edilmiş siyasi qərarlar və
Bəyannamə gələcək əməkdaşlıq
üçün yaxşı şərait yaradır. Avropa
İttifaqı ilə münasibətlərimiz çox
yüksək səviyyədədir və bu əlaqələr
genişlənir. Biz gələcək əməkdaşlığa
da çox müsbət yanaşırıq. Hesab edirik ki,
indiki mərhələdə gələcək əməkdaşlığımızın
perspektivləri haqqında daha dəqiq məsələlər
müzakirə edilməlidir, dəqiqləşdirmə
aparılmalıdır, prioritetlər müəyyən edilməlidir.
Biz uzunmüddətli uğurlu tərəfdaşlıq
münasibətlərimizi qura bilərik və
qurmalıyıq.
Avropa İttifaqı ilə
gündəliyimiz çox genişdir. Əlbəttə, enerji
təhlükəsizliyi məsələləri gündəliyin
demək olar ki, birinci sırasındadır və bu istiqamətdə
əməkdaşlıq dərinləşir. Azərbaycan
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi
üçün töhfəsini verməyə hazırdır.
Bizim zəngin qaz ehtiyatlarımız artıq müxtəlif
istiqamətlər üzrə dünya bazarlarına
çıxarılır. Biz qaz infrastrukturumuzun
yaradılması nəticəsində çoxşaxəli
ixrac imkanlarına malikik. Bu gün Azərbaycan qazını
dünya bazarlarına çıxaran 4 kəmər vardır.
Bu kəmərlər işlək vəziyyətdədir. Əlbəttə
ki, zəngin qaz ehtiyatlarımızı dünya bazarlarına əmniyyətli
yolla çıxarmaq üçün yeni kontraktlar
lazımdır. Azərbaycanın təsdiq edilmiş qaz
ehtiyatları 2,2 trilyon kubmetrə bərabərdir. Bu da Azərbaycanı
qaz ixrac edən çox önəmli ölkə kimi artıq
dünyaya təqdim edir.
"Cənub" qaz dəhlizi
üzrə danışıqlar gedir. Əminəm ki,
danışıqların yaxşı nəticələri
olacaqdır. Danışıqların uğuru üç tərəfin
səmimi münasibətlərindən və əlaqələrindən
asılıdır. İstehsalçılar - Azərbaycan,
istehlakçılar - Avropa tərəfi və tranzit ölkələri.
Yəni, hər üç tərəfin maraqları təmin
edilməlidir və hər bir tərəf bu layihənin həyata
keçirilməsi üçün töhfəsini verməlidir.
Hazırda bu əməkdaşlıq formalaşır. Ümid
edirəm ki, yaxın zamanlarda biz daha konkret nəticələr
haqqında danışa biləcəyik. Ancaq bir daha qeyd etmək
istəyirəm ki, bu məsələ nəinki Azərbaycan,
eyni zamanda, Avropa üçün də çox vacibdir. Biz
maraqlıyıq ki, ixrac imkanlarımız daha da genişlənsin
və qazımızı dünya bazarlarına daha da
böyük həcmdə ixrac edək.
İstehlakçılar isə maraqlıdırlar ki, alınan
qazın coğrafiyasını daha da genişləndirsinlər
və burada bizim maraqlarımız üst-üstə
düşür.
Biz, eyni zamanda, cənab
Prezidentin qeyd etdiyi kimi, bu gün regional təhlükəsizlik
məsələlərinə də münasibətimizi
bildirdik. Mən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin
son reallıqlarını cənab Prezidentə bildirdim.
Danışıqlar gedir və ümid edirəm ki,
danışıqlar yaxşı nəticə verəcəkdir.
Çünki əgər bu gün müzakirə edilən məsələlər
- baza prinsipləri qəbul olunarsa, məsələnin ədalətli
həlli mümkün olacaq, Azərbaycanın ərazi
bütövlüyü təmin ediləcək və eyni
zamanda, təhlükəsizlik məsələləri öz həllini
tapacaq, işğalçı qüvvələr işğal
edilmiş torpaqlardan çıxarılacaqdır.
Bildiyiniz kimi, uzun illərdir
ki, Azərbaycan erməni işğalından əziyyət
çəkir. Beynəlxalq birlik tərəfindən
tanınmış ərazi bütövlüyümüz
pozulubdur. Ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri
tərəfindən işğal edilib, bu ərazilərdən
azərbaycanlılar tamamilə çıxarılıb. Yəni,
bizim millətə qarşı etnik təmizləmə siyasəti
aparılmışdır və bir milyon azərbaycanlı
öz doğma torpağında
qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. BMT Təhlükəsizlik
Şurası 4 qətnamə qəbul etmişdir. O qətnamələrdə
işğalçı qüvvələrin işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması
nəzərdə tutulur. ATƏT-in qərarları oxşar
mahiyyət daşıyır, eyni zamanda, Avropa Parlamenti, Avropa
Şurası, İslam Konfransı Təşkilatı oxşar
qətnamələr qəbul etmişlər. Amma əfsuslar
olsun ki, işğalçı qüvvələr bugünə
qədər torpaqlarımızı azad etməyiblər.
Məsələnin ədalətli
həlli üçün indi yaxşı şərait
yaradılıb. Minsk qrupunun həmsədr ölkələrinin
dövlət başçılarının may ayının
sonunda verdikləri birgə bəyanat artıq çox ciddi bir
siqnaldır. Orada göstərilir ki, status-kvo qəbuledilməzdir.
Biz bunu uzun illərdir ki, deyirik - status-kvo dəyişdirilməlidir,
işğalçı qüvvələr işğal
edilmiş torpaqları tərk etməlidir. Belə dəqiq bəyanatın
verilməsi əlbəttə ki, bizi daha da ruhlandırır və
ümidlərimizi artırır. Bəyanatın digər vacib
məsələsi ondan ibarətdir ki, orada Helsinki Yekun
Aktına istinad edilir. Helsinki Yekun Aktında ölkələrin
ərazi bütövlüyü prinsipləri və
xalqların öz müqəddəratını müəyyənetmə
prinsipləri arasında heç bir ziddiyyət yoxdur. Yəni,
bu iki prinsip bir sazişdə öz əksini tapmalıdır və
hesab edirəm ki, bu da çox müsbət haldır.
İndiki mərhələdə
Ermənistan tərəfi konstruktivlik və səmimiyyət
göstərməlidir. Uzun illər Ermənistan
danışıqların sadəcə olaraq
danışıqlar naminə aparılmasına, imitasiya ilə
məşğul olmağa çalışmışdır.
İndi isə vaxt çatıb ki, verilmiş təkliflərə
dəqiq, konkret cavab versin. Əgər belə olarsa, o zaman
hesab edirik ki, Azərbaycanın torpaqları tezliklə
işğalçılardan azad ediləcəkdir.
Bu gün biz regional məsələlər
haqqında da fikir mübadiləsi apardıq. Aramızda fikir
ayrılığı yoxdur. Yanaşmamız da bir-birinə
çox yaxındır. Ümidvaram ki, biz bu gün və sabah
davam edən söhbətlər əsnasında ölkələrimizi
bir-birinə daha da yaxın edəcəyik, xalqlarımız da
bir-birinə yaxın olacaqlar. Çünki bizi, eyni zamanda,
ortaq tarix birləşdirir.
Cənab Prezident, bizə
göstərdiyiniz qonaqpərvərliyə görə bir daha
Sizə minnətdaram, gözəl ölkənizdə
olmağımdan bir daha məmnunluğumu ifadə etmək istəyirəm.
Sağ olun.
* * *
Sonra jurnalistlərin
sualları cavablandırıldı.
Cavid BƏDƏLOV (AzərTAc): Qarşılıqlı investisiyaların
qoyulması sahəsində perspektivləri necə
görürsünüz?
Prezident Danilo TÜRK: Əvvəlcə icazə verin deyim ki, ümumiyyətlə, bu istiqamətdə aparılan proses mənim 2009-cu ildə Bakıya səfərim zamanı başladı. Biz prioritet sahələri müəyyən etdik və Sloveniya Azərbaycanda həmin sahələrdə fəal işləmək istəyir. Xüsusi olaraq iki sahə müəyyən edildi: informasiya texnologiyaları - bizim "İskratel" şirkəti artıq Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlıq edir. Biz istəyirik ki, bu əməkdaşlığı daha da genişləndirək. Digər sahə bərpaolunan alternativ enerji mənbələridir. Məsələn, su enerjisi. Biz sizə su elektrik stansiyalarının tikintisindəki təcrübəmizlə yardım etmək istəyirik ki, uğurlar qazanasınız, nailiyyətlər əldə edəsiniz. Bu, elə bir sahədir ki, Sloveniya kifayət qədər böyük təcrübəyə malikdir. Əslində bu, 100 ildən artıq olan təcrübədir.
Bu sahələr tərəflər arasında artıq müəyyən edilib və nəticələrini vermişdir. "Karona" şirkəti - telekommunikasiya sahəsindəki lider şirkət Azərbaycandakı tərəfdaşları ilə artıq saziş imzalayıb. Həmçinin su elektrik stansiyası sahəsində texniki əsaslandırma işinin aparılması ilə bağlı razılaşma əldə edilib. Zənnimcə, mən sualınıza cavab verə bildim.
İcazə verin, onu da qeyd edim ki, biz, həmçinin istərdik ki, qarşılıqlı sərmayələr olsun. Hazırda Azərbaycanın Dövlət Neft Fondu Sloveniyada sərmayə imkanlarını araşdırır. Bizim nümayəndə heyətimiz də, iqtisadiyyat nazirimiz də bu məsələ ilə daha yaxından məşğul olacaq və əməkdaşlıq üçün bir çox imkan alınacaqdır.
Sloveniyalı jurnalist:
Sualım Prezident İlham Əliyevədir. Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə
gücdən istifadə etmək təhlükəsi nə qədər
böyükdür? Siz Ermənistan prezidenti ilə
görüşə nə dərəcədə nikbin
baxırsınız? İkinci sual: Əməkdaşlıq
layihələrindən birini seçmək istəsəydiniz,
hansını seçərdiniz?
Prezident İlham ƏLİYEV: Bildiyiniz kimi, hər bir ölkənin
özünü müdafiə etmə hüququ vardır. Hər
bir ölkənin bu hüququ Birləşmiş Millətlər
Təşkilatının Nizamnaməsində də
tanınıbdır. Sirr deyil ki, Dağlıq Qarabağ
münaqişəsinin nəticələri məhz sülh yolu
ilə yox, zor, güc tətbiq etməklə
formalaşmışdır. Ermənistanın Azərbaycana
qarşı etnik təmizləmə və
işğalçı siyasəti nəticəsində yüz
minlərlə dinc sakin öz doğma torpağında
qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. Dağlıq Qarabağın ətrafında
yerləşən yeddi rayon, - haradakı heç vaxt ermənilər
yaşamamışlar, - azərbaycanlılardan tamamilə
boşaldılıb. Orada bütün binalar yerlə yeksan
edilib. Bir neçə ay bundan əvvəl ATƏT-in qiymətləndirmə
missiyası işğal altındakı torpaqlara səfər
etmişdir. Onların hazırladığı məruzəyə
baxmaq kifayətdir ki, hər kəs öz gözləri ilə
görsün ki, orada bir dənə də olsun salamat bina
qalmamışdır. Bütün binalar
dağıdılıb. Bizim dini məbədlərimiz
dağıdılıb. Bütün sərvətlər talan
edilib. Yəni, bir tərəf güc tətbiq etməklə
artıq bu vəziyyətin yaranmasına gətirib
çıxarıbdır.
Biz sülh yolunun tərəfdarıyıq.
Biz istəyirik ki, məsələ sülh yolu ilə həll
olunsun və məhz buna görə 19 ildir ki, sülh
danışıqları aparılır. Minsk qrupu 1992-ci ildə
yaranmışdır. O gündən bugünə qədər
aparılan danışıqların heç bir nəticəsi
olmamışdır. Müəyyən mərhələlərdə
tərəflərin mövqelərində yaxınlaşma
baş verən kimi, Ermənistan tərəfi geriyə
addım ataraq danışıqların faktiki olaraq
pozulmasına gətirib çıxarmışdır. Belə
olan halda sülh prosesinə istər-istəməz ictimaiyyətdə
ümidlər azalır. Mən hesab edirəm ki, bu gün
indiki mərhələdə müzakirə edilən variant son
şansdır. Bütün bu 19 il ərzində müxtəlif
variantlar müzakirə edildi, sınaqdan keçirildi. Bir də
demək istəyirəm ki, Ermənistanın qeyri-konstruktiv
mövqeyi nəticəsində hazırda biz sülh müqaviləsinə
nail ola bilməmişik. İndi bu son şansdan istifadə etməliyik.
Mən deyə bilərəm
ki, məsələnin sülh yolu ilə həllinə
ümidlərimiz Minsk qrupunun həmsədr ölkələrinin
dövlət başçılarının bəyanatından
sonra artıbdır. Yəni, bu müsbət meyil daha da
gücləndirilməlidir və təcavüzkara,
işğalçıya daha da ciddi mesajlar göndərilməlidir
ki, biz tezliklə "status-kvo"nun dəyişdirilməsinə
nail olaq. Mən çıxışımda xüsusilə
qeyd etdim ki, bu çox vacib məsələdir. Bütün bu
illər ərzində - 19 il ərzində biz bir dəfə də
olsun vasitəçilərdən eşitməmişdik ki,
"status-kvo" dəyişdirilməlidir.
Son aylar ərzində verilən
bu bəyanat ümidlərimizi artırır. Biz ümid edirik
ki, vasitəçilərin fəal işi nəticəsində
məsələ öz həllini tapa bilər. Ancaq bununla bərabər,
heç bir başqa variant təbii ki, istisna olunmur. Azərbaycanın
başqa ölkələrin ərazi bütövlüyünə
heç bir iddiası yoxdur. Biz heç kimin
torpağını işğal etməmişik. Ancaq öz ərazi
bütövlüyümüzü bərpa etmək
üçün bizim həm imkanımız, həm də
gücümüz var. Eyni zamanda, beynəlxalq hüquq
normaları da bizə bu imkanları yaradır. Bir daha deyə
bilərəm ki, BMT-nin Nizamnaməsinə nəzər salmaq
kifayətdir, orada hər şey açıq aydın
görünür. Amma mən, əlbəttə, istəməzdim
ki, sülh prosesi sual altına düşsün. Mən
çox istəyirəm ki, tezliklə məsələ
sülh yolu ilə həll olunsun və ərazi
bütövlüyümüz bərpa edilsin.
Yunis ORUCOV
(Azərbaycan Televiziyası): Sualım Sloveniya Prezidentinədir.
Cənab Prezident, ikitərəfli münasibətlərimizi
Avropa İttifaqı və "Şərq tərəfdaşlığı"
Proqramı çərçivəsində əməkdaşlıq
baxımından necə qiymətləndirirsiniz?
Prezident Danilo TÜRK: Sloveniya hesab edir ki, strateji mahiyyət
daşıyan "Şərq tərəfdaşlığı"
Proqramı olduqca əhəmiyyətlidir. Bu bizim ən vacib
prioritetlərdən biridir. Əslində Avropanın gələcəyi
məhz bu sənəddə əks olunubdur. Bizə ən
yaxın olan qonşu ölkələrlə bu proqram çərçivəsində
əməkdaşlığımızı genişləndirmək
fikrindəyik. Bu, əslində yeni bir fenomen, yeni bir layihədir
ki, biz onun çərçivəsində konkret əməkdaşlığın
məzmununu müəyyən edirik. Orada əməkdaşlığımızın
hər hansı bir tərəfdaş ölkə üzrə təsviri
verilir. Konkret olaraq bu nə deməkdir? Yəni, əməkdaşlığın
prioritetləri Avropa İttifaqı ilə Azərbaycan
arasında müəyyən edilir və məhz bu, "Şərq
tərəfdaşlığı" Proqramında iştirak
edən ölkəyə aiddir. Tutaq ki, viza rejiminin
asanlaşdırılması nəzərdə tutulur.
Ümidvarıq ki, biz bu sahədə də irəliyə
doğru gedə biləcəyik. Biz insanların səfərlərini
daha da liberallaşdırmalıyıq. Əslində, insanlar
arasında münasibətlər xüsusi əhəmiyyət
kəsb edir. Biz "Şərq tərəfdaşlığı"
Proqramı çərçivəsində, həmçinin
iqtisadi əməkdaşlıq haqqında söhbət
açmalıyıq. Biz o faktla razılaşırıq ki, Azərbaycan
zəngin ölkədir. Azərbaycan elə bir ölkədir
ki, onun xüsusi iqtisadi gücü, imkanları var və o,
Avropa İttifaqına böyük töhfə verə bilər.
İcazə verin, əvvəlki
suala xüsusi cavab verim. Siz qeyd etdiniz, "Nabukko" ilə
"Cənub axını" layihələrinə gəldikdə
hansını seçərdiniz? Siz belə bir sual verdiniz?
Burada seçim olmalı deyil. Bizə hər iki layihə
lazımdır. Çünki enerji
istehlakçılarının tələbatları bundan sonra
yalnız artacaq və hər iki tərəf digər əməkdaşlıq
formalarında maraqlı olmalıdır. Bu elə bir əməkdaşlıq
sahəsidir ki, burada rəqabət məsələləri
durur. Təbii ki, bu da təşkilatlar arasında müəyyən
rəqabəti nəzərdə tutur. Amma bu, təbii
haldır. Eyni zamanda, digər məsələni də qeyd etmək
istəyirəm ki, cənab Prezident Əliyevin qeyd etdiyi kimi,
burada üç tərəf əməkdaşlıq etməlidir.
Hasilatçılar, tranzit ölkələr və
istehlakçılar. Burada hər üç tərəfin
hüquqları və maraqları vardır. Bu, əsas, müəyyənedici
amildir. Bu amil Azərbaycan ilə Avropa İttifaqı
arasında "Şərq tərəfdaşlığı"
Proqramı çərçivəsində olan əməkdaşlığa
aiddir. Biz əməkdaşlığımıza məhz bu
müstəvidən baxmalıyıq.
Zənimmcə, yaxşı
olardı ki, bu əməkdaşlıq nümunəvi əməkdaşlıq
kimi qəbul edilsin və digər sahələrə də
şamil edilsin. Azərbaycan ilə Avropa İttifaqı
arasında digər sahələrdə də müvafiq
sazişlər imzalansın. İnanıram ki, bu sazişlər
fərdi xarakter daşımalı və Azərbaycanın
xüsusi, spesifik iqtisadi imkanlarını nəzərə
almalıdır. Həmçinin digər aspektləri, digər
sahələri nəzərə alaraq buraya yeni çalarlar gətirilməlidir.
Bu mənim sizin sualınızla və Avropa İttifaqı ilə
Azərbaycan arasındakı münasibətlərin
inkişafı ilə bağlı verilən suala cavabdır. Bizə
nə lazımdır? Biz yüksək səviyyədə
qarşılıqlı anlaşmaya malik olmalıyıq.
Biz bilirik ki, Dağlıq
Qarabağ münaqişəsi mühüm məsələdir.
Əgər biz bu regionda fəal olmaq istəyiriksə, bu məsələ
vacib məsələdir. Hətta biz Avropada ən böyük
qüvvə olmasaq da, daha böyük gücə malik ölkə
olmasaq da fəal işləməliyik. Biz
çalışmalıyıq ki, münaqişə sülh
yolu ilə həllini tapsın. Bir daha burada həmkarınız
soruşdu ki, nikbinliyiniz haradan gəlir? Mən bu sualın
cavabına əlavə edərdim ki, əslində on ildən
artıqdır mən də bu münaqişə ilə
bağlı aparılan danışıqları izləmişəm.
Mən əvvəllər Birləşmiş Millətlər Təşkilatı
sistemində işləmişəm, indi isə Sloveniya
Respublikasının Prezidentiyəm.
Biz artıq elə bir
mövqedəyik ki, bu vəziyyət dəyişibdir. Biz
aydın şəkildə onu bilirik ki, mövcud məsələlər
əvvəlcə yox idi. Üç əsas tərəf,
iştirakçı Ermənistan, Azərbaycan və Rusiya
Federasiyası, münaqişənin həlli prinsiplərini
indi daha dəqiq formada müəyyən edə bilər. Bu
şans əldən buraxılmalı deyil. Zənnimcə, belə
bir anlaşma bu münaqişəyə bələd olan hər
bir kəsdə müşahidə oluna bilər. Bu sahədə
daha dəqiq olmalıyıq. Mən sizin sualınıza uzun
cavab verdim. Amma əgər bu, həll olunsa, əslində bu,
bizim Avropa İttifaqı ilə Azərbaycan arasında olan əməkdaşlığa
xidmət edən bir məsələ ola bilər. Biz
bir-birimizi dəstəkləməliyik. Biz sadəcə
nümunələri, modelləri bir-birimizə təqdim etməli
deyilik. Biz çalışmalıyıq ki, əsl prioritetləri,
əsl dəyərləri əməkdaşlığımızda
əks etdirək.
AzərTAc
Azərbaycan.- 2011.-11 iyun.- S. 2.